Ölən əsgərin gündəliyi dəhşətli taktikaları ortaya çıxardı: "Özünüzü öldürün" əmri...

Ölən əsgərin gündəliyi dəhşətli taktikaları ortaya çıxardı:

Ukrayna ilə döyüşlərdə öldürülən Şimali koreyalı gənc bir əsgərin son qeydləri, cəbhədəki əsgərlər üçün tətbiq edilən dəhşətli taktikaları ortaya çıxarıb.

Qaynarinfo xəbər verir ki, Cənubi Koreya kəşfiyyatı Şimali Koreya rəhbərliyinin əsgərlərə Ukrayna ordusu tərəfindən əsir düşməmək üçün özlərini öldürmələri əmri verdiyini iddia edir.

Kursk bölgəsində yaralı əsirlər

Ukrayna ötən həftə Rusiyanın Kursk bölgəsində döyüşən iki Şimali koreyalı əsgəri yaralı vəziyyətdə ələ keçirdiyini açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında bu əsgərlərin görüntülərini paylaşarkən, beynəlxalq xəbər agentlikləri əsgərlərin üzərində aşkar edilən 2005 və 1999 təvəllüdlü şəxslərə məxsus rus pasportlarının fotolarını yayımlayıb.

"Təlimə getdiyimi düşünürdüm"

Ukrayna Təhlükəsizlik Xidməti yaralı əsgərlərin həyati təhlükəsinin olmadığını və onların Ukrayna, ingilis və ya rus dillərində danışmadığını bildirib. Buna görə də, ifadələr Cənubi Koreyanın kəşfiyyat xidməti ilə əməkdaşlıq əsasında alınıb. Əsgərlərdən biri ifadəsində Ukrayna ilə müharibəyə deyil, Rusiyaya təlim üçün göndərildiyini düşündüyünü bildirib.

Öldürülən əsgərin gündəliyi yayımlandı

Ukrayna Silahlı Qüvvələri cəbhədə həyatını itirən Şimali Koreyalı bir əsgərin qeydlərini yayımlayıb. Adı açıqlanmayan əsgərin gündəliyində Kim Çen Ina olan sevgi, vətəninə qayıtmaq istəyi və cəbhədə istifadə edilən bir döyüş taktikası diqqət çəkib.

"Yem" taktikasının dəhşətli detalları

Gündəliyin bir səhifəsində kobud şəkildə çəkilmiş bir diaqramda, bir əsgərin pilotsuz uçuş aparatını cəlb etmək üçün sığınacaqdan çıxdığı, digər iki əsgərin isə pusuya yataraq dronu vurmaq üçün hazır vəziyyətdə olduğu görünür. "The Wall Street Journal" qəzetinin tərcümə etdiyi yazıda əsgər qeyd edir: "Yem hərəkətsiz qalanda dron dayanacaq və vurulacaq".

Qeydlərin davamında "yem" olaraq istifadə edilən əsgərin pilotsuz uçuş aparatından yeddi metr məsafədə dayanmasının lazım olduğu və bu məsafədən dronun dəqiq atəşlə vurulacağı ətraflı izah edilib.

Hərbi müşahidəçilər və ukraynalı komandirlər bildirir ki, Şimali loreyalı əsgərlər müasir döyüş təcrübəsinə malik deyillər və Ruslar tərəfindən "yem" kimi istifadə olunurlar. "Telegraph" qəzetinin məlumatına görə, Rusiya, Ukrayna müdafiəsini sınaqdan keçirmək üçün zirehli texnika və artilleriya dəstəyi olmadan böyük qrupları önə göndərir, ardınca isə xüsusi təyinatlı daha kiçik qruplar döyüş bölgəsinə daxil olur.

"Özünüzü öldürün" əmri

Cənubi Koreya Kəşfiyyat Xidmətinin (NIS) açıqlamasına görə, Şimali Koreya rəhbərliyi əsgərlərə əsir düşməmək üçün intihar etmə əmri verib. Zelenski son bir ay ərzində təxminən 4 min Şimali koreyalı əsgərin öldüyünü və ya yaralandığını iddia edir. ABŞ rəsmiləri isə dekabrın son həftəsində 1,000-dən çox Pxenyan əsgərinin həyatını itirdiyini bildirir. Cənubi Koreyanın məlumatına görə, ən azı 300 Şimali koreyalı əsgər öldürülüb, təxminən 2,700-ü isə yaralanıb.

Cənubi Koreya kəşfiyyatının açıqlamasına görə, Şimali Koreyalı əsgərlər müasir döyüş təcrübəsi və texnologiyası ilə bağlı biliklərə malik deyillər. Onlar yararsız döyüş əməliyyatlarında iştirak edərək həyatlarını itirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...