Fransada prezidentliyə namizədlərin hamısı əliəyrilikdə ittiham olunur

Fransada prezidentliyə namizədlərin hamısı əliəyrilikdə ittiham olunur


Xalq kimə inanacağını artıq müyyən edə bilmir: Rusiyanın namizədi Fransua Fiyon isə sıradan çıxır

Fransada prezidentliyə əsas namizədlər artıq bəllidir. Bunlar sağçı Fransua Fiyon, ultra-sağçı Marin Le Pen və solçu Emmanuel Makrondur. Solçuların digər namizədi Benua Amona isə heç kim şans vermir.

Seçkilərə 3 aydan az bir müddət qalmasına rəğmən seçicilər hansı namizədə üstünlük verəcəklərini, daha doğrusu, kimə inanacaqlarını bilmirlər. Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, adları çəkilən hər 3 namizədin adı bu və ya digər cinayət hadisəsi ilə hallanır. Fransua Fiyon hələ Miilli Assambleyanın deputatı olarkən ailə üzvlərinə səxavətlə dövlət qaynaqlarından pul axıtmaqda, habelə, yüksək məbləğ müqabilində xarici dövlətin (Rusiyanın) maraqlarına lobbiçilik etməkdə ittiham olunur. Marin Le Pen isə Avropa parlamentinə öz köməkçilərinə qeyri-qanuni olaraq ödədəyi 300 min avronun hesabını veməlidir.

Elə Makron üçün də artıq kompromat dolu materiallar mətbuatda işıq üzü görməyə başlayıb. Bunların içərisində ən böyük skandal şübhəsiz keçmiş baş nazir Fransua Fiyonla bağlıdır. Sağ namizəd seçkilərin əsas favoriti hesab olunurdu və az qala indidən prezident kimi təqdim edilirdi. Fiyonun imicinə Fransanın satirik "Le Canard Enchaine" (Lö kanar anşen-“Zəncirlənmiş ördək”-red) qəzetində dərc olunan material böyük zərbə vurub.

Qəzet Fransua Fiyonun deputat olduğu dövrdə həyat yoldaşı Penelopaya dövlət büdcəsindən qeyri-qanuni olaraq yüksək məbləğdə maaş bağladığını yazır. Qəzetin versiyasına görə, 8 il ərzində Fransua Fiyon həyat yoldaşına 500 min avro pul ödəyib. İlk günlərdə Fransua Fiyon bunu təkzib etməyə çalışsa da, sonrakı kompromatlar onun vəziyyətini daha da mürəkkəbləşdirib. Məlum olub ki, Penelopa Fiyonun aldığı maaş 500 min deyil, 1 milyon avro məbləğində imiş.
Bundan başqa, xanım Fiyon Revue des “Deux Mondes” (Revü de dö mond) jurnalının əməkdaşı kimi şübhəli dərəcədə yüksək maaş alıb.

Bu jurnalın sahibi Fransua Fiyonun yaxın dostu Mark Ladredir. Bildirlir ki, Mark Ladre Penelopa Fiyona iki il ərzində yazdığı cəmi iki kiçik ədəbi tənqid məqaləsinə görə 100 min avro pul ödəyib.

Fransua Fiyonun övladlarının da adı skandaldan yan keçməyib. Mətbuatın bildiridiyinə görə, keçmiş baş nazirin oğlu və qızı hələ tələbə ikən diplomlu vəkil kimi ataları tərəfindən işə qəbul edilib. Fransa Fiyonla bağlı digər skandal mövzu onun yaratdığı 2F Conseil adlı konsaltinq firması ilə bağlıdır. Həmin firmanın fəaliyyəti çərçivəsində Fiyon müxtəlif ölkələrdə məruzələrlə çıxış edib və buna görə iri məbləğdə qonorar alıb. “Le Canard Enchaine” 2F Conseil-in Fiyona ayda ən azı 18 min avro gəlir gətirdiyini yazıb. Bu məbləğin böyük hissəsinin isə Rusiyadan köçürüldüyü iddia edilir. Yeri gəlmişkən, Fransua Fiyon Moskvaya tez-tez səfərlər etməsi ilə bilinir. Sağçı namizəd 2013-cü ilin martında “Rusiya-Avropa Birliyi-əməkdaşlığın imkanları” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Fiyonla bağlı skandallar sağçıları əl-ayağa düşməyə vadar edib. Qəzetlərdə hətta onu yerinə başqa namizədlər axtarıldığı barədə informasiyalar gəzir.

Sağ düşərgənin digər nümayəndəsi, onun radikal cəbhəsinin təmsilçisi Marin Le Penin adı maliyyə qalmaqalında hallanır. Belə ki, Le Penin qeyri-qanuni ödənişləri ilə əlaqədar Avropa Parlamentinə 300 min avro borcu yaranıb. Parlament rəsmilərinin söylədiyinə görə, Marin Le Pen bu məbləği köməkçisi olaraq göstərdiyi rəfiqəsi Katrin Qrizenin adına köçürüb. Əslində isə Katrin Qrizenin heç də köməkçi funksiyalarını icra etməyib.

Bundan başqa, Le Pendən parlament assistenti kimi öz mühafizəçisinin adına köçürdüyü 42 min avronu qaytarması tələb olunur. Fransa solçularının sevilmlisi “İrəli” partiyasının sədri Emmanuel Makron isə iqtisadiyyat naziri işlədiyi dövrdə rəhbərlik etdiyi qurumun pullarını öz gələcək seçki kampaniyasına xərclədiyi ortaya çıxıb.

Qəzetlərin yazdığına görə, Makron 2016-cı ilin 8 ayı ərzində nazirliyin hesabından 120 min avro xərcləyib. Bu məbləğin böyük bir qismi nazirliyə aidiyyatı olmayan adamlarla - sosioloqlarla, ictimai və dini təşkilatların nümayəndələri ilə görüşlərə, nahar və şam yeməklərinə sərf olunub. Rəqiblərinin fikrincə, Makron bu görüşlərdən ona prezidentlik yarışında köməklik göstərəcək nüfuzlu şəxslərlə dostluq əlaəqləri qurmaq məqsədilə istifadə edib.
Son rəy sorğuları Fiyonun nüfuzunun xeyli düşdüyünü göstərir.

Kantar Sofres-OnePoint şirkətinin “Le Figaro” qəzeti üçün keçirdiyi sorğusuna əsasən, 1-ci turda Fransua Fiyon 22%, Emmanuel Makron isə 21 % səs toplaya bilər. Bu göstərici Fiyon və Makron arasında fərqin ikincinin xeyrinə xeyli azaldığını göstərir.

Budan başqa, “İfop” şirkətinin “Journal de Dimanche” qəzeti üçün keçirdiyi rəy sorğusu fransızların 68%-nin Fransua Fiyonun öz namizədliyini geri götürməsindən yana olduğunu göstərib. “Harris İnterctive” şirkətinin keçirdiyi sorğuda isə Fiyonu namizəd kimi görmək istəməyənlərin sayınn 69% civarında olduğu ortaya çıxıb.

Fransua Fiyonun bu gün və ya sabah öz namizədliyini geri götürəcəyi istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...