İraqda ikinci kürd gərginliyi - “savaş baltaları” çıxarılır?

İraqda ikinci kürd gərginliyi -

İraq dövlət büdcəsində kürdlərin payının azaldılması kürd siyasətçilərində sərt etiraz yaradıb; ötənilki gərginlik yenidən alovlana bilər...

İraq mərkəzi hökuməti və kürdlər arasında yenidən gərginlik yaranıb. Bu dəfə mövzu pul olub. Daha dəqiqi, İraq dövlət büdcəsində kürd muxtariyyətinə çatacaq payın həcmi olub. Bağdadın Ərbilin büdcəsini azaltması muxtariyyətin istefa vermiş lideri Məsud Bərzaninin etirazına səbəb olub. Kürdlərin əsas lideri deyib ki, Bağdada “cavab verməyin vaxtı gəlib”.


1991-ci il kürd üsyanının ildönümü mərasimində çıxış edən Bərzani Bağdadı tənqid edib. Kürd lider deyib ki, 1991-ci il hadisələri kürdlərə “azadlıqların verilmədiyi, ancaq alındığı” dərdini verib. Ardınca isə Bağdada yönəlib: “İraq parlamentində baş verənlər uzlaşmanın, iqtidar bölgüsü, ölçünün və Kürdüstan xalqının konstitusiya ilə verilən haqlarının zəiflədilməsi istiqamətində bir addımdır”. Bərzani deyib ki, kürd partiyalarının bir araya gələrək İraq parlamentinin qəbul etdiyi büdcə qanununa cavab verməsinə ehtiyac var.

Qeyd edək ki, İraq parlamenti uzun müzakirələrdən sonra ötən həftə dövlət büdcəsini təsdiqləyib. Ancaq Amerika müdaxiləsindən sonra ilk dəfə olaraq mərkəzi İraq hökumətinin kürd muxtariyyətinə ayırdığı büdcə 4 faiz azaldılıb. Yeri gəlmişkən, İraqın 2018-ci il üçün dövlət büdcəsi 88 milyard dollar və ya 104 trilyon İraq dinarıdır. Əsasən neft gəlirlərindən formalaşan ölkə büdcəsi üçün neftin bir bareli 46 dollardan hesablanıb.

Ən gözlənilməz addım isə kürdlərə verilən büdcənin azaldılması olub. Belə ki, Səddam dövründən bu yana mərkəzi hökumət kürdlərə dövlət büdcəsinin 17 faizini ayırdığı halda, bu il bu rəqəm 12,67 faizə endirilib. Bu qərar parlamentdəki kürd deputatların sərt etirazı ilə qarşılanıb. Kürdlər qanuna səs verməkdən imtina edərək səsverməni boykot edib və ardınca da siyasi anlaşmadan çəkilməklə bağlı çağırış ediblər. Kürd siyasətçilər bu qərarı kürdlərə qarşı ayrı-seçkilik və qərəzli hesab edir. Ancaq hələlik Bağdadla aparılan danışıqlar nəticə vermir. Onların təmsilçiləri xarici media orqanlarına bildiriblər ki, əgər tələblər qəbul olunub anlaşma əldə olunmazsa, kürdlər Bağdadla əlaqələri dayandırıb geri çəkiləcəklər.

Bağdadın kürd muxtariyyətinin büdcəsini azaltma qərarı təbii ki, ötən ilin oktyabrında baş verən məlum hadisələrlə əlaqəlidir. Yəni mərkəzi hökumət kürdləri indi də maddi yardımı kəsməklə cəzalandırır. Əlbəttə, burada başqa amillər də var. Məsələn, ilk növbədə müharibə bitib, savaş xərcləri azalıb, neft gəlirləri azalıb, kürdlər artıq əvvəlki sərhədlərinə çəkiliblər. Ancaq əsas səbəb kimi Bərzaninin rəhbərliyi altında kürdlərin müstəqillik referendumu keçirməsi və buna Bağdadın reaksiyasını qeyd eləmək lazımdır.

Məhz müstəqillik referendumundan sonra Bağdad Ankara və Tehranın da dəstəyini alaraq kürdlərin işğal etdiyi torpaqlara ordu göndərmiş və nəticədə kürd silahlıları Kərkük də daxil olmaqla, kürd muxtariyyətinin ərazilərinə daxil olmayan, sonradan ələ keçirilmiş torpaqlardan çıxarılmışdı. Bunun ardınca baş qaldıran siyasi gərginlik fonunda muxtariyyətin lideri Məsud Bərzani istefa verib.

İndi isə Bağdad Ərbili maddi yardımı kəsməklə cəzalandırır. Yeri gəlmişkən, geniş yayılmış fikirlərin əksinə olaraq İraqın kürd bölgəsinin böyük enerji ehtiyatları çox azdır. İraqın gündəlik 3,8 milyon barel neft istehsalının yalnız 250 min bareli kürd muxtariyyətinin payına düşür. Daha əvvəl kürdlər buna əlavə olaraq İŞİD hücumları zamanı ələ keçirdikləri ərazilərdən, o cümlədən İraq neftinin 25 faizinin yerləşdiyi Kərkükdən böyük miqdarda neft istehsal edirdilər. Ancaq ötən il vəziyyət dəyişdi və Kərkük İraq mərkəzi hökumətinin nəzarətinə keçdi. Ərbil isə istehsal etdiyi neftin Bağdad tərəfindən satılması ilə razılaşdı.

Görünən odur ki, Bərzani bu vəziyyətdən istifadə edərək yenidən rəhbərliyə qayıtmaq, Bağdada qarşı kürd cəbhəsi formalaşdırmağa çalışır. Bağdad isə Ərbilin yardımlarını kəsmək, onu mərkəzi hakimiyyətdən daha çox asılı vəziyyətə gətirmək istəyir. Məsələ ondadır ki, kürdlər oktyabrda İraq ordusunun qarşısından çəkilsələr də, İraq hakimiyyəti üçün bir sıra çətinliklər yaradıblar. Bunlardan biri də İŞİD-in tamamilə məhv edilməməsidir. Məsələ ondadır ki, məhz Ərbillə Bağdad arasında mübahisəli bölgələrdə İŞİD hələ də fəaldır. Və vaxtaşırı hökumət qüvvələrinə, o cümlədən “Həşdi Şabi” birliklərinə qəfil hücumlar təşkil edir.

Bundan başqa, oktyabrda məlum hadisələr zamanı yerli mediada kürdlərin əllərində olan əsir İŞİD terrorçularını azad etməsi barədə xəbərlər yayıldı. Daha sonra xüsusən də Anbar və Kərkük bölgəsində İŞİD üzvlərinin fəallaşması müşahidə olundu, hökumət qüvvələrinə hücumların sayı artdı. Yəni bilindiyinin əksinə, İraqda kürdlər və Bağdad arasında gizli düşmənçilik hələ də davam edir. Bu səbəbdən də Bağdad indi bir zamanlar amerikalılar tərəfindən müəyyən edilmiş büdcəni Ərbilə verməməklə onu cəzalandırmağa çalışır.

Bu isə onu deməyə əsas verir ki, yaxın günlərdə Bağdad büdcə məsələsi ilə bağlı kürdlərlə anlaşmasa, hər iki tərəf “savaş baltalarını” çıxaracaq. Nəzərə alsaq ki, bir neçə aydan sonra, daha dəqiqi, mayda İraqda həlledici parlament seçkiləri olacaq, o zaman da gərginliyin yüksələcəyini təxmin eləmək olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...