Trampın Xarici işlər nazirini Senat təsdiqləməyə bilər - TƏHLİL

Trampın Xarici işlər nazirini Senat təsdiqləməyə bilər -

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 21 aprel 2018-ci il


Tramp, Yaponiya Baş naziri Şinzo Abeni Floridadakı Mar-a-Laqo tətil yerində qəbul etdiyini mətbuata açıqladıqda Mayk Pompeonun Kim Yonq Unla görüşmək üçün gizlicə Şimali Koreyaya getdiyi ortaya çıxıb.

May ayının sonuna doğru Şimali Koreya liderilə görüşməsi gözlənilən Trampın ilkin hazırlıq görməsi üçün həyata keçirilən bu gizli ziyarətin çox uğurlu keçdiyi bildirilir.

Xarici işlər naziri olması üçün Senatın Xarici əlaqələr komitəsindən razılıq alınmasını gözləyən Pompeonun bu ziyarəti onun təyinolunma şansını daha da azaldıb.

Yeni vəzifəsinə rəsmən təyin olunmadığı üçün hələ də MKİ direktoru olduğu düşünülərsə, onun bu gizli ziyarəti prezident Trampın əmriylə etməsindən daha təbii bir şey olmayacağına görə, Senatda hər kəs “Bu, necə oldu?” deyərək, təəccüblənib.

Ancaq prosesi izləyənlər durumu aşağıdakı kimi açıqlayırlar.

Vəzifəyə təyin olunması üçün Senatın Xarici Əlaqələr Komitəsində dindirilməsi davam edən Pompeoya Şimali Koreya ilə bağlı da sual verilib. O da, böyük ehtimalla, o toplantıdan çıxar-çıxmaz gedəcəyi gizli səfərdən heç bəhs etməyərək, ümumi siyasi sözlər işlədib. Gizli bir səfəri mətbuat önündə açıqlaması mümkün olmadığına görə, onun bir təqsiri yoxdur, ancaq bəzi senatorlar “Bizə yalan söyləyib, həqiqətləri saxlayır, diplomat olaraq deyil, hələ də bir casus olaraq davranır” deyərək, ona səs verməyəcəklərini söyləyir.

Bunların başında da komitənin veteran demokrat senatoru Bob Menendez gəlir. Öncəki gün Menendez, Vaşinqtondakı bir düşüncə qurumunda etdiyi çıxışda bunu açıqca söyləyib.

Məsələni bilən mənbələr Senat komitəsində onsuz da Pompeoya səs verməmə yönündə bir meyl olduğunu, bəzilərinin bu son gizli ziyarəti də “xeyr” səslərinə səbəb yaratmaq üçün istifadə etdiyini söyləyir.

Qorxudan cütlük

Senatorların önəmli bölümü Milli təhlükəsizlik müşaviri olaraq Con Boltonun yer tutduğu Ağ evə bir də rəhbərliyində Mayk Pompeonun olacağı XİN-in əlavə edilməsinin çox təhlükəli bir hadisə olacağını, belə bir komandanın müharibə şurası kimi işləməyə başlayacağını söyləyir. Əgər Pompeo üçün komitədən razılıq çıxmazsa, bu, 1925-ci ildən bəri prezidentin istədiyi bir Xarici işlər nazirinin ilk dəfə təsdiq edilməməsi kimi bir durum olacaq.

Komitədən razılıq çıxmasa belə, Senatdakı çoxluq liderinin təşəbbüs göstərərək, Pompeonun namizədliyinin Senatda səsə qoyulmasını təşkil etmək imkanı var. Amma bu da çox riskli bir yoldur. Çünki respublikaçlar Senatda çoxluğu çox az bir səslə əllərində saxlayırlar. Bir səs belə itirsələr, Pompeoya razılıq verilməməsi ehtimalı var. Bu səbəblə, mütəxəssislər partiya rəhbərliyinin siyasi baxımdan riskli olan bu yolla getməkdən çəkinəcəyini söyləyirlər.

Anlayacağınız odur ki, son gizli səfəri səbəbilə, Mayk Pompeoya qarşı bir haqsızlıq edilmiş olsa da, onun Xarici işlər naziri kreslosuna oturması gün keçdikcə daha da çətinləşir.

MKİ-də baş verənlər

Mayk Pompeonun yerinə MKİ direktorluğuna namizəd göstərilən Gina Haspel üçün komitə hələ də toplanmayıb. Aprel ayı içində toplanması gözlənilirdi, lakin Senatın Kəşfiyyat komitəsinin rəhbəri Riçard Burr toplantının may ayına təxirə salındığını açıqlayıb. Buna səbəb olaraq da Buşun prezidentliyi dövründə tətbiq edilməyə başlanan, “intensivləşdirilmiş istintaq” adı verilən və əslində işgəncə verməyi nəzərdə tutan fəaliyyətlərilə bağlı senatorlardan ciddi tənqidlər alan Gina Haspelin bu toplantıya daha yaxşı hazırlaşması və pərdə arxasında daha çox senatoru razı sala bilməsi üçün ona zaman verilməsi göstərilir.

66 senatordan Ərdoğana məktub

Bu arada, ABŞ-lı 66 senatorun imzası ilə prezident Ərdoğana, Türkiyədə həbs edilən rahib Bransonla əlaqədar bir məktub yollandığı iddia edilir. Məktubda senatorların “Bransonun durumu ilə əlaqədar ədalətli dəyişikliklər olmadığı təqdirdə, Türkiyədə bəzi şəxslərə qarşı bəzi sanksiyaların tətbiq ediləcəyini” söylədikləri önə sürülür. Məktubda imzası olanlara baxdıqda, Senatda təsiri çox olanların da olduğu və iki partiyadan da imza alındığı söylənə bilər.

Bəzi qaynaqlar, iki partiyadan da imzaların olmasını təhdidin ciddi ola biləcəyilə izah edir. Eyni qaynaqlar, bu senatorların bu ara bir “erməni soyqırımı” qanunu üzərində də işlədiklərini, ancaq bu dəfə işi “Sanki anidən gətirib çıxarmaq istəyirlərmiş kimi” son dərəcə səssiz apardıqlarını ifadə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...