Tramp məhkəmə hakimiyyətini ələ keçirir – demokratlar əndişəlidir

Tramp məhkəmə hakimiyyətini ələ keçirir –

Prezident Donald Tramp və ABŞ-ın mühafizəkar çevrələri məhkəmə hakimiyyətində üstünlüyü ələ keçirməklə bağlı ciddi fürsət əldə ediblər.

Belə ki, ABŞ Ali Məhkəməsinin hakimlərindən biri Entoni Kennedi iyul ayının sonunda istefaya gedəcəyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Kennedi liberal dairələrdə olduqca nüfuzlu isim sayılır. Buna görə də onun yerinə Trampın Nil Qorsaçdan sonra başqa bir mühafizəkar üzvü təyin etməsi, respublikaçıların hakimiyyətin 3-cü qolunda balansı öz xeyirlərinə dəyişdirməsinə gətirib çıxara bilər.

Hələ Ronald Reyqan dövründə təyin olunmasına rəğmən Entoni Kennedi özünü Demokrat partiyasının üzvü kimi aparıb.O, bir sıra mübahisəli məsələlərdə, o cümlədən abortlarla bağlı federal qanunun liberallaşdırılmasında, habelə ziddiyyətli eynicinsli şəxslərin evlənməsi haqqında qanunun keçməsində böyük rol oynayıb.

Təəccüblü deyil ki, Entoni Kennedinin istefa qərarının açıqlamasından sonra Donald Tramp mühafizəkar hüquqşünasların birliyi sayılan “Federalistlər cəmiyyəti”nin sədri Leonard Leo ilə əlaqə saxlayaraq, ona uyğun namizədlərin siyahısının təqdim olunmasını xahiş edib.

ABŞ mətbuatı Trampın önündə əsasən 5 namizədin durduğunu yazır.

Bunlardan biri Kolumbiya dairəsinin apellyasiya məhkəməsinin hakimi Bret Kavanadır. Bu vəzifəyə kiçik Corc Buş tərəfindən təyin olunub, Trampdan çox ənənəvi respublikaçılara daha yaxındır.

ABŞ prezidentinin ən sevimli namizədi isə Emi Kouni Barret sayılır. ABŞ-ın 7-ci məhkəmə dairəsinin (İllinoys, İndiana və Viskonsin ştatlarını əhatə edir-red) hakimi Emi Barret qatı katolik dini görüşlərə sahibdir. Üstəlik, “People of Praise” dini icmasının üzvüdür.

Barretə qarşı müqavimət böyük olduğu üçün 3-cü dairənin apellyasiya məhkəməsinin hakimi Tomas Hardiman da Ali Məhkəmənin üzvü ola bilər. Hardiman “xalqın içindən çıxan adam” kimi tanınr. Onun atası taksi sürücüsü, anası isə evdar qadın olub. Hardiman özü də vaxtilə tələbə olanda taksiçilik etməklə dolanıb. Bu səbəbdən özlərini sadə xalqa yaxın göstərmək istəyən və yenidən seçilməyi arzulayan republikaçı senatorların ona dəstək verəcəyi güman edilir.
ABŞ Ali Məhkəməsində hindli də peyda ola bilər.Tramp demokratların dəstəyini qazanmaq üçün 6-cı dairənin hakimi, hind mənşəli Amul Taparın da namizədliyini götür-qoy edir.

Amul Tapar

ABŞ mətbuatı məsələnin hakim seçkisindən daha çox siyasi xarakter almasına diqqət yetirirlər. Belə ki, ABŞ Senatında hazırda qüvvələr balansı 51-in 49-a respublikaçıların xeyrinədir. Arizona senatoru Con Makkeyn isə hazırda ağır xəstə olduğu üçün heç bir səsvermədə iştirak edə bilmir.
İndi demokratlar yaranan yeni konyukturanı öz xeyirlərinə dəyişdrimək niyyəindədirlər.

“Bu Ali Məhkəmədə ən vacib vakant yer sayılır. Demokratlar başa düşməlidirlər ki, Ali Məhkəmədəki mübarizə ölkənin ruhu uğrunda savaşdır. Əgər biz bu işdə qalib gəlməsək, bundan sonra 40 il trampizmin zülmünü çəkməli olacağıq”, -Demokrat partiyasının Senatdakı azlığının lideri Çak Şumer bəyan edib.

Çak Şumer və Kori Buker

Keçən həftə isə demokratlar bununla əlaqədar ilk addımlarını atıblar. Demokrat senator Kori Buker Senatın hüquq işləri üzrə komitəsinə müraciət edərək Tramp və ətrafının Rusiya ilə qaranlıq bağlantılarının araşdırıldığı bir vaxtda onun Ali Məhkəməyə namizəd irəli sürməsinin doğru olmadığını bildirib. Buker komitədən Trampın göstərdiyi bütün namizədlərin rədd olunmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...