Separatçılara dəstək Konqresin məhvi ilə nəticələndi - Koordinasiya Şurası yaradıldı, AAK bitdi

Separatçılara dəstək Konqresin məhvi ilə nəticələndi -

Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə bağlı qalmaqallardan 2 ay ötəndən sonra kədərli bir fakt ortaya çıxıb: AAK demək olar ki, məhv olub və Azərbaycan diasporunun bu ictimai təşkilatını kiminsə dirçəldə biləcəyinə şans qalmayıb.

Bəs, AAK-ın məhvinə kim və onun hansı hərəkətləri səbəb oldu?

Diasporumuzun növbəti böyük və iddialı təşkilatının dağılmasının məsuliyyəti AAK prezidenti Sahil Qasımovun üzərinə düşür. Məhz onun səhvləri ucbatından Avropadakı həmvətənlərimizin həmrəyliyinə sarsıdıcı zərbə dəydi. Halbuki Qasımovun şansı var idi ki, ya İspaniyanın separatçı regionu olan Kataloniyaya səfərinə görə AAK ətrafında başlayan qalmaqaldan sonra azərbaycanlılar qarşısında üzr istəsin, bu təşkilatın rəhbəri vəzifəsindən könüllü istefa versin, yaxud vəzifədə qalmaqla fitnəkarlıqları və qalmaqalları davam etdirərək onun məhvinə səbəb olsun. Sahil Qasımov tamahkarlığına görə ikinci variantı seçdi. O, Kataloniya səfərinə görə Azərbaycan xalqı qarşısında üzr istəmək əvəzinə, bu fakta başqa don geyindirməyə cəhd edərək, separatçı bölgə nümayəndələri ilə görüşünə haqq qazandırmağa başladı.

Lakin Sahil Qasımov bu zaman nə üçünsə unutdu ki, separatçılıq Azərbaycan dövlətinə və xalqına çox ağır zərbələr vurub, bu xalqı soyqırıma məruz qoyub. Bu səbəbdən dünyanın hansı ölkəsində olmasına baxmayaraq, separatçılara rəğbət həmvətənlərimizdə ikrah hissi doğurur.

Çünki erməni separatçılarının Dağlıq Qarabağdakı vəhşilikləri nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız ev-eşiyindən didərgin düşərək qaçqın və köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Qaçqınların bir çoxu Azərbaycanda yenidən öz həyatlarını qura bilmədiklərindən Rusiyaya, Türkiyəyə və Avropa ölkələrinə köçüblər. Kataloniya sepertaçıları ilə görüşən Sahil Qasımov isə əslində bu əməli ilə bir milyon azərbaycanlı qaçqın-köçkünü də təhqir edib.

Kataloniyaya səfər edən Sahil Qasımov AAK ətrafındakı qalmaqaldan sonra onu daha yaxşı tanıyanlar üçün həm də milli xainə çevrildi. Vətənpərvərlikdən dəm vuran insan dünyanın heç bir ölkəsində seperatçıların əlini sıxa bilməz. Doğma Azərbaycan üçün separatizm kimi həssas olan məsələlərdə hər bir azərbaycanlı Azərbaycan hakimiyyəti ilə həmrəylik nümayiş etdirməlidir. Hansısa bir azərbaycanlı öz şəxsi mənfəəti naminə ümummilli prinsiplərə xəyanət edir və Azərbaycanın maraqlarını unudursa, o şəxsin heç bir dəyəri yoxdur. Belə şəxs nəinki diaspor təşkilatına rəhbərlik etməli, ümumiyyətlə, sıravi üzvü olmamalıdır.

Sahil Qasımovun Avropa Azərbaycanlıları Konqresinə rəhbərlik etməyə haqqının olmadığı təkcə separatizm dəstəkçisi kimi ümummilli prinsiplərə xəyanəti ilə bağlı deyil. O, AAK-la bağlı qalmaqal başlayandan bəri təşkilatın haradan və necə maliyyələşməsi haqqında deyilən fikirlərə də cavab verə bilməyib. Sahil Qasımov ətrafındakılar ilə birlikdə AAK-la bağlı qalmaqalı başqa səmtə yönəltməyə çalışıb. Məqsədi bəlli idi. Cənab Qasımov bu cür davranışı ilə maliyyələşmə və AAK-ın qanuni mövcudluğu məsələlərini təşkilatın prezidentliyi uğrunda mübarizə və digər intriqaları kölgədə qoymaq istəyirdi.

Bu səbəbdən Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovla AAK prezidenti Sahil Qasımov arasındakı qalmaqal da getdikcə böyüdü.

Lakin hamıya bəlli idi ki, Sahil Qasımov Füzuli Məmmədovun mənasız bəyanatlarla yox, arqumentlərə söykənərək, təkzibolunmaz fakt və sənədlərlə ona qarşı səsləndirdiyi ittihamlarına cavab verə bilmirdi.

Sahil Qasımova o zaman verilən suallar indi aktualdır və qarşı tərəfdən hələ də cavab tələb edilir. İndi artıq diasporumuzun fəaliyyəti ilə maraqlanan hər bir azərbaycanlı bilmək istəyir: AAK-ın Avropanın hansısa ölkəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Əsasnaməsi mövcuddurmu? Bu təşkilatın bank hesabı varmı? Əgər heç bir yerdə qeydiyyatdan keçməyibsə, AAK-ın fəaliyyəti qanunidirmi?

Bu suallara cavab verilmədiyindən bir daha əmin olursan ki, Avropa Azərbaycanlıları Konqresi adlı təşkilat artıq yoxdur və arxasında heç kim dayanmır.

Qasımovun bu təşkilata 2017-ci ilin fevral ayından rəhbərlik etməsinə, AAK-ın 14 illik mövcudluğu faktına gəldikdə isə, yenə bir çox suallar ortaya çıxır. Əgər əksəriyyət onun haqqında yalnız son 2 ildə eşidibsə, bu təşkilat əvvəllər necə işləyib və nə işlə məşğul olub? Düzünü desək, Füzuli Məmmədov son 18 ayda yalnız AAK-ı maliyyələşdirməyib, həm də onu geniş təbliğ edib. Lakin buna görə Sahil Qasımov Füzuli Məmmədova təşəkkür etmək əvəzinə arxadan zərbə vurmağa cəhd etdi. O, Kataloniya nümayəndələri ilə görüşünə dair Füzuli Məmmədovun tam haqlı tənqidlərindən sonra öz səhv və qeyri-vətənpərvər davranışını etiraf etmək yerinə, ətrafı ilə birgə Füzuli Məmmədova və onun tərəfdarlarına qarşı çıxdı. Bununla da Avropa Azərbaycanlıları Konqresinin dağıdılmasına start verdi.

Nəticədə, bəzi şəxslərin imzaladığı saxta qərarla Füzuli Məmmədov guya vitse-prezidentlikdən uzaqlaşdırıldı. AAK-ın məhvinə səbəb olan qeyri-qanuni qərarın imzalanmasına Sahil Qasımov təəssüf ki, digərlərini - Rövşən Tağıyevi, Yasar Niftəliyevi, Nadir Hollandbrandı, Səfər Karakoyunlunu, Arzu Oktayı, Elsevər Məmmədovu, İqbal Hacızadəni, Mirvari Fətəliyevanı da cəlb edə bildi.

AAK-ın İdarə Heyətinin bu qondarma qərarı 2018-ci il avqustun 19-da qəbul olunub.

Sahil Qasımovun və onun kimi düşünənlərin vətənpərvərlikdən nə qədər uzaq olduqları təsdiqlənir. Yeri gəlmişkən, Füzuli Məmmədovun birinci vitse-prezidentlikdən uzaqlaşdırılması ilə bağlı qəbul olunan həmin qərarda qeyd edilir ki, AAK daima Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin və Azərbaycan prezidenti İlham Əliyevin yanındadır.

Amma bunun belə olmadığını Sahil Qasımov öz əməlləri ilə tam təsdiqləyib. “Xalqı, dövlətçiliyi və prezidenti dəstəkləyən” cənab Qasımov Kataloniyaya səfər etməklə başqa niyyətdə olduğunu da sübut edib. Bu faktdır, onu danmaq mümkün deyilsə, AAK Qarabağ həqiqətlərini Avropa qitəsindəki dövlətlərdə necə təbliğ edə bilərdi? Sahil Qasımov Füzuli Məmmədovu AAK-dan uzaqlaşdırmaqla, Kataloniyadakı separatçılarla görüşməklə Xocalı soyqırımının tanıdılmasına yardımçı ola bilərdimi? Təbii ki, yox.

Görünən budur ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) səs-küylü və ağrılı tənəzzülü Sahil Qasımov və onun ətrafı üçün acı bir dərs olmayıb. DAK-ın dağılmasının da əsas səbəbi məhz daxili fitnə-fəsadlar idi. Bu gün analoji proseslər, çox təəssüf ki, Avropada heç cür Azərbaycan diasporunun başlıca və effektiv strukturuna çevrilə bilməyən AAK-da da təkrar olunur. İndi “qasımovlar”ın ucbatından Avropada həmvətənlərimizin yeni ictimai təşkilatını yaratmaq zərurətə çevrilib.

Onu da qeyd edək ki, Qasımovun Kataloniya seperatçıları ilə görüşü Azərbaycan ictimaiyyətinin haqlı və gözlənilən qəzəbinə səbəb olacağı, nəticədə Avropa ölkələrində yaşayan və işləyən həm iş adamları, həm də sıravi azərbaycanlıların AAK-dan üz döndərəcəkləri əvvəlcədən bəlli idi. Qasımov öz çevrəsi ilə birlikdə Avropa Azərbaycanlıları Konqresi ətrafındakı fitnə-fəsadları ilə nə qədər çox qalmaqal törətdisə, o qədər sürətlə və ciddiliklə də milyonlarla azərbaycanlının düşməninə çevrildi.

Avropa Azərbaycanlıları Konqresinin sıradan çıxmasının səbəblərindən biri separatçılarla görüşdürsə, digəri bu qurumun inkişafına ayrılan vəsaitlərin mənimsənilməsidir. Təbii ki, maliyyə fırıldağında da AAK prezidenti Sahil Qasımovun adı hallanırdı. Qeyd olunurdu ki, AAK-ın birinci vitse-prezidenti, tanınmış iş adamı Füzuli Məmmədovun bu qurumun inkişafı və müxtəlif tədbirlərinin təşkili üçün ayırdığı böyük məbləğdə maliyyə vəsaiti Sahil Qasımov tərəfindən mənimsənilib. Mənimsəmə faktını təsdiq edən maliyyə sənədlərinin üzə çıxması isə Qasımovun susqunluğu ilə qarşılanır. O, hələ də təkzibolunmaz faktlar qarşısında acizliyini nümayiş etdirir və mənimsəmə faktına tutarlı cavab verə bilmir.

Sahil Qasımovun məhrum olduğu vətənpərvərliyindən Diasporla İş üzrə Dövlət Komitəsinin timsalında doğma Azərbaycan dövləti də üz çevirib. Nəticədə AAK sponsorsuz, tərəfdaşsız qalıb və Azərbaycan dövlətinin həm mənəvi, həm də maddi dəstəyindən məhrum olub.

Məlum olduğu kimi, ötən həftə Avropada azərbaycanlıların koordinasiya şuralarının yaradılmasına başlanıb. Bununla belə, nə AAK, nə də şəxsən Sahil Qasımov Azərbaycan diasporunun yeni strukturunun yaradılmasında iştirak etmir. Hazırda Almaniyada Azərbaycanlıların Koordinasiya Şurası (AKŞ) yaradılır. Şuranın Avropanın digər ölkələrində də strukturlarının yaradılması nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır. Bu o deməkdir ki, fəaliyyətinə böyük ümidlər bəslənən AAK bu işin öhdəsindən gələ bilməyib və avtomatik olaraq, Avropada Azərbaycan diasporunun əsas ictimai təşkilatı statusunu itirib.

AAK-dan fərqli olaraq, Azərbaycanlıların Koordinasiya Şurası qərarların kollegial qəbuluna imkan yaradacaq, həm həmvətənlərimizlə, həm də Azərbaycan diasporu ilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələri gücləndirəcək. Diasporumuzla bu şəkildə aparılan iş prinsipi həmvətənlərimizin birləşməsinə və daha uğurlu nəticələrin əldə edilməsinə təkan verəcək.

AKŞ-nin Almaniyadakı təsis iclasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Dövlət komitəsinin nümayəndə heyətinin Almaniya ilə bərabər, İsveçrə və Fransaya da səfəri planlaşdırılır. Fuad Muradov səfəri çərçivəsində hər üç ölkədə dövlət rəsmiləri, Azərbaycan diaspor təşkilatları və orada yaşayan həmvətənlərimizlə görüşəcək.

Beləliklə, Diasporla İş üzrə Dövlət Komitəsi diasporumuzun birləşdirilməsi və təşkilati strukturunun yaradılmasında yeni mərhələnin əsasını qoyur. Dövlət komitəsində hesab edirlər ki, AKŞ diasporumuzun ictimai təşkilatlarının fəaliyyət göstərdikləri Avropa ölkələrində bütün Azərbaycan icmasını birləşdirməlidir. AKŞ-nin daha böyük təşkilata çevriləcəyi gözlənilir.

AKŞ-nin yaradılması faktiki olaraq Sahil Qasımovun və onun ətrafının “xidmətləri’’ sayəsində mövcudluğuna biabırcasına son qoyulan Avropa Azərbaycanlıları Konqresinin sonu deməkdir. Qasımov AAK-ın idarə heyətinin üzvü Elsevər Məmmədov kimi fitnəkar dostları ilə birlikdə bu təşkilatı məhv etdi. Cənab Qasımov əvvəlcə özü AAK-ın maliyyələşdirilməsi məsələsini qaldırdı, bununla da jurnalistlərə imkan yaratdı ki, bu təşkilatın idarəçiliyində mövcud olan maliyyə fırıldaqlarını aşkara çıxarsınlar. O hələ də bu təşkilatın bank hesabının və hər hansı Avropa ölkəsinin Ədliyyə Nazirliyində qeydiyyata alınan Əsasnaməsini ictimaiyyətə göstərərək AAK-ın qanuni mövcudluğunu sübut edə bilməyib. AAK-ın prezidenti postunda olduğu 19 ay ərzində Sahil Qasımov bu təşkilatı dövlət, o cümlədən sponsor pullarını “yumaq” üçün qanunsuz firmaya çevirib. Buna görə də AAK-ın dağılmasını Sahil Qasımovun şəxsi biabırçılığı da hesab etmək olar. Çünki cənab Qasımov həm diaspor təşkilatının rəhbəri, həm də əsl vətənpərvər kimi özünü doğrulda bilmədi.

Bizə isə yalnız ümid etmək qalır ki, yeni yaradılan Azərbaycanlıların Koordinasiya Şurası AAK-ın təcrübəsini nəzərə alacaq və diasporumuz daha effektiv ictimai təşkilatına çevriləcəkdir. Sahil Qasımov isə öz “əməlləri” ilə sübut etdi ki, Azərbaycan diasporu ilə necə gəldi işləmək olmaz. Belə insanları bir daha yeni diaspor təşkilatlarımıza yaxın buraxmaq olmaz. Əks təqdirdə, həmin təşkilatların da aqibəti Avropa Azərbaycanlıları Konqresi aqibəti kimi ola bilər.

Azər MURADBƏYLİ

P.S. Redaksiya Sahil Qasımovun və yazıda adları çəkilən digər şəxslərin də mövqeyinə hörmətlə yanaşır, onların da məsələyə münasibətinə yer ayırmağa hazırdır. \\reyting.az\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...