Rusiya Qərbə əsas verdi: öldürücü sanksiyalar gəlir...

Rusiya Qərbə əsas verdi:

Rusiya Kerç boğazında, eləcə də Qara dənizin müəyyən hissəsində hegemonluğu ələ almaq istəyir.

Bu sözləri Axar.az-a Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücumunu şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya xüsusən də Ukraynanın Azov dənizindəki hərbi fəallığının qarşısını almağa çalışır:

“Rusiya buna qədər Ukraynaya qarşı hibrid müharibəsi aparırdısa, indi birbaşa müharibə variantını işə salıb. Rusiya Ukrayna gəmilərinə hücum etməklə və onları girov götürməklə Azov dənizinə tam hakim olduğunu sübut etmək istəyir. Beləliklə, bölgədə çox qarışıq vəziyyət əmələ gəlib. Böyük ehtimalla, Rusiyanın Ukraynadakı səfirliyi qarşısında etirazlar böyüyəcək. Polis mane olsa da, hər halda, ölkədə gərginlik açıq-aydın hiss olunur. Bütün siyasi qüvvələr Rusiyanın Ukrayna donanmasına qarşı təxribatını qətiyyətlə pisləyərək siyasi rəhbərlikdən və beynəlxalq təşkilatlardan Rusiyaya qarşı ciddi tədbirlərin görülməsini tələb edirlər. Çox güman ki, Ukraynanın tələbinə cavab veriləcək və BMT TŞ-nin iclası çağırılacaq. Eyni zamanda, Ukrayna Radası bu gün 16:00-da Prezidentin ölkədə hərbi vəziyyətin elan edilməsinə dair fərmanını təsdiq edəcək”.

Politoloq ABŞ başda olmaqla, Qərb dünyasının Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə hücumuna ciddi reaksiya verəcəyini deyib:

“Rusiyaya qarşı sanksiyaların yeni, öldürücü mərhələsi sürətlənəcək. Bu proses təkcə sanksiyalarla məhdudlanmayacaq, Rusiyanın Ukraynaya qarşı apardığı pozucu təxribat işlərinin siyasi qiyməti də veriləcək. Beləliklə, Ukraynanın öz torpaqlarının azadlığı uğrundakı mübarizəsinin ən azından siyasi cəhətdən əsaslandırılmış mərhələsi başlayacaq”.

Q.Hüseynli vurğulayıb ki, hadisələrin bu istiqamətdə inkişaf etməsi Ukraynaya əlavə siyasi dividentlər gətirəcək:

“Qərb Ukraynaya öldürücü hücum silahlarını verməyə başlayacaq, Ukrayna ordusunun yenidən qurulması işini daha da sürətləndirəcək. Ən başlıcası isə beynəlxalq təşkilatlarda Ukraynanın müdafiəsi işi daha ciddi və sistemli şəkildə aparılacaq”.

Qeyd edək ki, Rusiya ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...