Ermənistanda hərbi gərginlik: Paşinyan ordu rəhbərliyi ilə qapalı toplantı keçirir

Ermənistanda hərbi gərginlik:

Polkovnik Vaqif Dərgahlı: “Azərbaycan ordusunun əsgərləri öz postlarında ayıq-sayıqdır və istənilən halda düşmənin məhv edilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər”

Politoloq Elxan Şahinoğlu: “Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır”

Bu gün, martın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı iclas keçirəcək. Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir.

Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan yerli medianı toplantı barədə məlumatlandırsa da, detalları açıqlamayıb. İclasda müdafiə naziri David Tonoyanın, həmçinin ordu rəhbərliyindəki yüksək çinli zabitlərin iştirakı gözlənilir.

Qeyd edək ki, Ermənistanda martın 17-də qiyam qaldıran hərbi hissənin əsgərlərinin bir qrupunu cəza olaraq Qarabağa sürgün edilib. Buna etiraz olaraq əsgərlərin valideynləri və yaxınları İrəvanda hökumət binası qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları Müdafiə Nazirliyinin hərbi hissədəki iğtişaşın iştirakçılarını bu cür cəzalandırmasından hiddətləndiklərini bildiriblər. Əsgər analarının bildirdiyinə görə, Mehridəki hərbi hissədə baş vermiş insidentin günahkarı Qasparyan familiyalı zabitdir və onun hərəkətlərinə görə yüzlərlə əsgər hərbi hissəni tərk etmək istəyib. Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan isə deyib ki, insidentə görə həm zabitlər, həm əsgərlər cəzalandırılıb.

Xatırladaq ki, Mehridəki hərbi hissədə zabitlər və əsgərlər arasında baş vermiş qarşıdurma zamanı yüzlərlə çağırışçı əsgər hərbi hissəni tərk etmək istəyib. Yolda onların qarısında polk komandiri çıxıb və əsgərləri dilə tutaraq geri qaytarmağa nail olub. “Həmin gün gecə yarısı əsgərləri sıraya düzüblər. Onların arasından 20-ni seçiblər, hərbi formalarını cırıblar, telefonlarını əllərindən alıblar və avtobusla Qafandakı Hərbi polis bölməsinə göndəriblər. Oradan isə bir qismini Stepanakertə (Xankəndi-red.) aparıblar”-aksiya iştirakçılarından biri deyib. (Virtualaz.org) Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesab edir ki, hərbi hissədəki insidentlə bağlı vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə komissiya yaradılmalıdır. “Əsgərlərin başqa hərbi hissəyə göndərilməsinə yol vermək olmaz. Bu, baş verənlərin üstünü ört-basdır etməyə xidmət edir”-o bildirib.

Nikol Paşinyanın Müdafiə Nazirliyində qapalı toplantı keçirməsini şərh edən politoloq Elxan Şahinoğlu istisna etmir ki, ordu daxilindəki vəziyyət müzakirə predmeti olacaq: “Nikol Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır. Hərbçilərlə komandirlər arasında münasibətlər sistemində ciddi problemlər var. Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır. Üstəgəl, İrəvandakı “Əsgər anaları” komitəsi də fəallığını azaltmır, gənclərin Dağlıq Qarabağda xidmətinə etiraz edir. Paşinyan oğlunu Dağlıq Qarabağa xidmətə göndərəndə elə bilirdi ki, bununla siyasi xal qazanacaq və başqalarına nümunə olacaq. Olmadı. Düşmənin təmas xəttində nə qədər çox itkisi olarsa, biz Ermənistan ordusunda və cəmiyyətində daha çox təlatümlərin şahidi ola bilərik”. E.Şahinoğlu Musavat.com-a onu da bildirdi ki, Ermənistanda təlatümlərin yaşandığı mövcud situasiyada ölçülüb-biçilmiş addımlar atmalıyır.

“Ermənistan ordusunda çoxsaylı problemlərin olduğunu biz dəfələrlə demişik. Bununla bağlı mətbuatda çoxsaylı məlumatlar yayılır, həmçinin bizdə də kifayət qədər informaskiyalar var. Odur ki, son hadisələr bizimçün sürpriz deyil. Yəni Ermənistan ordusunda nizam-intizamın olmaması tam aydındır”.

Bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Musavat.com-a açıqlamasında bildirdi. Xidmət rəisi qeyd etdi ki, N.Paşinyanın ordu rəhbərliyi ilə keçiriləcək qapalı görüşünün də ordudakı vəziyyətə həsr olunacağı şübhə doğurmur: “Çünki Ermənistan ordusunda korrupsiyanın olması, əsgər ölümləri, baş verən qeyri-qanuni, nizamnamədən kənar hadisələr, silahların oğurlanması, Qarabağdan oğurlanan silahların bir hissəsinin Ermənistana aparılması bir hissəsinin isə bəlli olmayan ünvanlara ötürülməsi məlumatları var. Bunlar hamısı Ermənistan ordusunda baş verən ciddi hadisələrdir. Yəqin ki, keçirilən toplantıda bütün bu məsələlərdən danışılacaq”.

Müdafiə Nazirliyi cəzalandırılan erməni əsgərlərin Azərbaycan ərazlərinə göndərilməsi ilə bağlı hansı addımları atmağı planlaşdırır? İşğalçı ölkə hansısa təxribatlara əl ata bilərmi? V.Dərgahlı: “Bəllidir ki, onlar daim bu işlə məşğuldurlar. Yəni Ermənistandan hərbi xidmətə çağırılanların bir qismi qeyri-qanuni olaraq bizim ərazi, hansı formada göndərilməsindən asılı olmayaraq, Azərbaycan ordusunun əsgərləri öz postlarında ayıq-sayıqdır və istənilən halda düşmənin məhv edilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər”.

Qeyd edək ki, bundan əvvəl N.Paşinyan və Ermənistanın müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşmüşdülər. Düşmənin narahatlığı aydın görünür. Xüsusilə də aprel döyüşlərinin ildönümü ərəfəsində Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsi işğalçı ölkədə xof yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...