Gürcüstandakı aksiyalarda azərbaycanlılar da iştirak edir

Gürcüstandakı aksiyalarda azərbaycanlılar da iştirak edir
Mahir Dərziyev: “Bu, bizim cəmiyyətimizin, ölkəmizin çox böyük nailiyyətlərindən biridir”

İyulun 11-də Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə aksiya bərpa olunub. Sayca 22-ci olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır. Aksiyada tribuna vətəndaşlara verilib.

Məlumat üçün bildirək ki, parlamentin binası önündə bir neçə etirazçı aclıq aksiyasını 17 gündür davam etdirir. Onlar vəziyyətləri pisləşdiyindən aksiyanı dayandıra bilərlər. Gürcüstanda yaşayan və səfərdə olan Rusiya vətəndaşları da dəstək məqəsədilə orada aksiya keçiriblər. Bəs azərbaycanlılar necə, soydaşlarımız bu aksiyalarda iştirak edirmi?

“Yeni Müsavat”a danışan Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev bildirdi ki, Gürcüstan həm Azərbaycanın tərəfdaşıdır, həm də burada böyük azərbaycanlı icması var: “Ona görə də Azərbaycanda ən müxtəlif dairələdə Gürcüstana olan marağı normal hesab edirəm.

Aksiyalarda azərbaycanlılar da iştirak edirlər. Ancaq onu deyim ki, bu, bizim cəmiyyətimizin, ölkəmizin inkişafının çox böyük nailiyyətlərindən biridir. Yəni mənim özüm də xeyli müddət müxalifətdə olmuşam. Mənə yaxşı məlumdur ki, Saakaşvili iqtidarı dövründə azərbaycanlıların və digər milli azlıqların siyasətdə iştirakı bir növ yasaq altında idi. Ancaq müəyyən yerlərə kimlərisə təyin edirdilər. Alternativsiz seçkilər keçirilirdi. Yəni bülletendə bir nəfər olurdu və ona da səs verirdik. Bizim Gürcüstanda olan bir çox nailiyyətlərimizlə yanaşı, insanların öz fikirlərini azad ifadə etmələri, mətbuat azadlığı və digər bu kimi məsələlər bütün dünya tərəfindən tanınır.

Təbii ki, azərbaycanlılar da Gürcüstanın vətəndaşıdırlar. Gürcüstanda gürcülərdən sonra ən çoxsaylı icma azərbaycanlıların icmasıdır. Artıq soydaşlarımız əsl vətəndaş mövqeyi sərgiləyib, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Təbii ki, azərbaycanlılar arasında müxalifət partiyalarının üzvləri, fəalları da var. Bu, onların haqqı, vətəndaş hüquqlarıdır. İndiki aksiyalarda onlar da iştirak edirlər. Bizim siyasi opponentlərimiz çox təəssüf ki, vətəndaşların öz fikirlərini ifadə etmək, mitinq, nümayiş hüququnu tamamilə başqa siyasi məcraya yönəltmək istəyirlər. Bundan öz partiya mənafeləri üçün istifadə etməyi düşünürlər. Lakin bütövlükdə aksiyalar bizim insanlarımızın Gürcüstanda Rusiyanın işğalçılıq siyasətinə qarşı bir etirazının ifadəsi idi. Təbii ki, azərbaycanlılar da ölkənin vətəndaşı, Gürcüstan bayrağı altında həmişə sədaqətlə dayanan insanlar kimi bu anti-işğal mitinqinə qoşulmuşdular”.

M.Dərziyev söyləyir ki, son dövrlər aksiyaların dinamikası zəifləyib: “Təşkilatçıların iç üzü artıq bəlli olub. Onlar insanları yanlış yola yönləndirərək, qanunverici orqanın binasını zorla tutmağa cəhd etdilər. Polis də üzərinə düşən vəzifəni icra edib, qanunun yol verdiyi vasitələrlə mitinqi sakitləşdirdi. Həmin zaman xeyli insan xəsarət aldı. Onlardan 80 nəfəri polis əməkdaşı idi. Getdikcə cəmiyyətə daha çox aydın olur ki, bu, hansı qüvvələrdir. Bu qüvvələrin məqsədləri də insanlara aydın olur.

Yəni ölkənin milli, dövlət maraqlarına tamamilə zidd addımlar atırlar. Bu yaxınlarda teleməkandakı ”söyüş qalmaqalı" da hər kəsə aydındır. Məsələ böyük təxribatlara hesablanmışdı. Rusiya müəyyən sanksiyalar tətbiq edir. Təkcə aviasiya əlaqələrinin dayandırılması Gürcüstana 500 milyona qədər ziyan vurur.

Bizim opponentlərimiz çalışırdılar ki, bunun ardınca da yuxarıda qeyd etdiyimiz təxribatlar kimi hadisələr törədərək, Rusiyanın yeni sanksiyasının tətbiqinə nail olsunlar. Əgər sanksiyalar tam tətbiq edilərsə, Gürcüstanın iqtisadiyyatına 1.5 milyard dollar ziyan dəyə bilər. Bu, bizim iqtisadiyyatımızın çox bərbad vəziyyətə düşməsinə səbəb olardı. Az-çox tətbiq edilən sanksiyaların nəticəsi olaraq, Gürcüstanın milli valyutası da dollar qarşısında dəyərini itirdi. Bu da bir panika yaratdı. Lakin onu da deyim ki, artıq aksiyalarda çox az sayda adam toplaşır. İnsanlar artıq işin mahiyyətini anlayırlar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...