Koronavirus artıq 37 ölkəyə yayılıb, ölənlərin sayı artır

Koronavirus artıq 37 ölkəyə yayılıb, ölənlərin sayı artır

Çində baş qaldırmış yeni koronavirus (COVID-19) artıq 37 ölkəyə yayılıb.

APA-nın “worldometers.info” saytına istinadən verdiyi məlumata görə, son sutka ərazində daha dörd ölkədə - Oman, Əfqanıstan, Küveyt və Bəhreyndə koronavirusa yoluxma qeydə alınıb.

Bununla da, koronavirus aşkarlanan ölkələrin sayı 37-yə çatıb.

Virusa yoluxma və ölüm sayına görə epidemiyanın baş qaldırdığı Çin liderdir. Çində indiyədək 77660 nəfər koronavirusa yoluxub, 2664 nəfər ölüb.

İkinci yerdə Cənubi Koreya gəlir. Bu ölkədə 977 yoluxma, 9 ölüm qeydə alınıb.

İtaliyada 231 nəfərin koronavirusa yoluxduğu, onlardan 7 nəfərin öldüyü açıqlanıb.

Yaponiyada 160 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb.

Bundan başqa, Yaponiya sahillərində “Doamond Princess” kruiz gəmisində də koronavirusa yoluxma faktı qeydə alınıb. Karantin altına alınan gəmidə 691 nəfərin yeni virusa yoluxduğu, 4 nəfərin öldüyü bildirilir.

Yoluxma sayına görə, növbəti yerdə Sinqapurdur. Sinqapurda 90 nəfərdə koronavirus aşkarlanıb, ölüm qeydə alınmayıb. Honkonqda 81 yoluxma, 2 ölüm baş verib.

İran yoluxma səviyyəsinə görə 7-ci yerdədir. Son məlumatlara görə, qonşu ölkədə 91 nəfərdə koronavirus aşkarlanıb, onlardan 14 nəfərin öldüyü təsdiqlənib. Bu, Çindən sonra ən yüksək ölüm faizidir.

ABŞ-da 53 koronavirusa yoluxma faktı qeydə alınıb, ölüm baş verməyib, 6 nəfər sağalıb.

Tailanda 37, Tayvanda 31, Avstraliya və Malayziyanın hər birində 22, Almaniya və Vyetnamın hər birində 16 yoluxma aşkarlanıb.

Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin hər birində 13 yoluxma faktı, Fransada 12 yoluxma və bir ölüm hadisəsi baş verib.

Kanadada 11, Makaoda 10, Küveytdə 5 nəfərin koronavirusa yoluxduğu məlum olub. Filippin, Hindistan və İspaniyanın hər birində 3, Bəhreyn, İsrail, Oman və Rusiyanın hər birində 2, Əfqanıstan, Belçika, Kambocca, Misir, Finlandiya, İraq, Livan, Nepal, Şri Lanka və İsveçin hər birində isə 1 yoluxma faktı qeydə alınıb.

Azərbaycanın rəsmi qurumlarının, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə yeni koronavirusa yoluxma halı baş verməyib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
43 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...