Mübarizə eyni məsuliyyət və ciddiliklə davam etdirilməlidir “Omicron” təhlükəsi

Dünyanı bürümüş koronavirus pandemiyasının hələ ki, sonuncu ştamı - “Omicron” dominantlığı ələ alır. Artıq dünya ölkələrində yoluxma sayında “Omicron” ştamı üstünlük təşkil edir.

Məhz “Omicron” ştamı meydana çıxdıqdan sonra dünyada infeksiyaya yoluxanların sayında kəskin artım müşahidə olunmağa başlayıb. Hazırda dünyada 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır, bu rəqəmin böyük hissəsi isə “Omicron”un payına düşür. Son yoluxmalarda “Omicron” ştamının dominantlıq təşkil etdiyi qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı bəyan edir ki, pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesi sürətlənməli, 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin peyvənd olunmalıdır. Lakin vaksinasiya prosesinin gedişi, eləcə də “vaksin millətçiliyi” – vaksinlərin dünya ölkələri arasında ədalətli bölüşdürülməməsi bu məqsədə çatmağın qeyri-real olduğunu söyləməyə əsas verir.

Mütəxəssislər hesab edir ki, infeksiyanın yayılmasını şərtləndirən vacib məqam məhz bir çox ölkədə peyvəndlənə prosesinin zəif aparılması, xüsusən də üçüncü - “buster” dozanı vurduranların sayının azlığıdır.

Yaxın həftələrdə dünyada “Omicron”a görə növbəti dalğanın başlanacağı gözlənilir. ÜST mart ayına Avropa əhalisinin yarısından çoxunun “Omicron” ştamına yoluxacağını proqnozlaşdırır.

Ölkələr üzrə statistikaya nəzər saldıqda da son vaxtlar koronavirusun yayılması dinamikasında ciddi artımların qeydə alındığını görmək olar. Ötən həftə Moskvada COVİD-19-a yoluxma sayı iki dəfə artıb. Ümumilikdə Rusiya ərazisində isə əvvəlki həftələrlə müqayisədə yoluxma artımı 30 faiz çoxalıb. Rusiyalı mütəxəssislər də yoluxmanın artmasının əsas səbəbinin “Omicron” ştamı olduğunu bildirir. Rusiyada yoluxma sayının artması artıq ciddi hal alır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin ötən həftə hökumətin yeni yoluxma dalğasına hazırlaşmaq üçün cəmi bir neçə həftə vaxtının qaldığı barədə xəbərdarlıq edib.

Koronavirusa yoluxma vəziyyətinə görə, Avropa da vəziyyət ürəkaçan deyil.

Fransa parlamenti “Omicron” ştamına görə sanitar qaydaların sərtləşdirilməsini, məhdudiyyətlərin artırılmasını nəzərdə tutan qanun qəbul edib. Əhali hər nə qədər buna etiraz etsə də, yeni qaydalar yanvarın 20-dən qüvvəyə minəcək.

Yunanıstan da sanitar qaydaların sərtləşdirilməsi barədə qərarlar verməyə başlayıb. Artıq hökumət 60 yaşdan yuxarı vaksin olunmamış vətəndaşlara aylıq cərimələr tətbiq edib. Bu isə yüz minlərlə insanın cərimə ödəməsi deməkdir.

Avstriya kansleri 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün vaksinasiyanın məcburi olacağını bildirib. İmtina edənləri 600 avrodan 3600 avroya qədər cərimə gözləyir.

Almaniyada isə restoran və barlara giriş şərtləri sərtləşdirilir. Belə ki, vətəndaşlar giriş zamanı tam vaksinasiya və testin neqativ nəticəsini təqdim etməlidirlər. “Buster” doza vurduranlara isə bu tələblər şamil olmur.

İslandiyada artıq COVİD-19-un 5-ci dalğası başlayıb. Bunun əsas səbəbi isə “Omicron”un geniş yayılmasıdır. Bu səbəbdən İslandiyada yeni qadağalar qüvvəyə minir. Ölkədə barlar fevralın 2-dən bağlanacaq, 10 nəfərdən artıq insanın bir yerə toplaşmasına icazə verilməyəcək.
Mübarizə eyni məsuliyyət və ciddiliklə davam etdirilməlidir

Azərbaycana gəldikdə, dünyanın bir çox ölkəsi, o cümlədən bəzi Qərb dövlətləri ilə müqayisə bizdə koronavirusla bağlı vəziyyət sabitdir. Rəsmi məlumatlara görə, ölkədə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb, hazırda onlardan cəmi 10 faizi doludur

Ümumiyyətlə, pandemiya başlayandan dərhal sonra Azərbaycanda görülən tədbirlər öz bəhrəsini verir. Məhz bunun nəticəsində Azərbaycan COVID-19 pandemiyasından vəfat edən insanların sayının az olduğu ölkələr siyahısındadır.

Real vəziyyət göstərir ki, ölkədə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı mövcuddur, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub.

Statistikadan aydın olur ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir. Yaşı 8-dən yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. “Buster” dozanı vurduranların sayı isə 1,7 milyonu keçir. Odur ki, yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkəsindən fərqli olaraq, pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür.

Bununla belə, ölkədə peyvəndləmə prosesi yenə də yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamı artıq Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruri şərt kimi ortaya çıxır. Hər bir vətəndaş həm fərdi gigiyena (maska, təmizlik, məsafə) qaydalarına riayət etməli, həm də vaksinasiya prosesinə aktiv qoşulmalıdır. İndiyə qədər həyata keçirilmiş tədbirlər nəticəsində pandemiya ilə mübarizədə necə uğur əldə olunubsa, bundan sonra da eyni məsuliyyət və ciddiliklə nailiyyət əldə etmək mümkündür.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...