Maştağaya şəhər statusu verilə bilər

Maştağaya şəhər statusu verilə bilər


Bu gün Azərbaycanda əhalisinin sayı 5-15 min nəfər olan şəhər statuslu yaşayış məntəqələri var. Bunlara misal olaraq Goranboydakı Dəliməmmədli və yaxud Tovuzdakı Qovlar şəhərini misal göstərə bilərik. Maraqlıdır, Bakıda yerləşən və əhalisinin sayı 80 mindən çox olan Maştağaya niyə şəhər statusu verilmir? Halbuki, Maştağa qəsəbəsi sosial-iqtisadi inkişaf baxımından rayonlardakı şəhər statuslu yaşayış məntəqələrindən daha yaxşı inkişaf edib.

PİA.AZ bildirir ki, Modern.az saytı məsələ ilə bağlı Maştağa qəsəbəsinin daxil olduğu 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyevin fikirlərini öyrənib.

“Maştağaya şəhər statusunun verilməsi gündəmdə var”

Deputat bildirib ki, əslində Maştağaya şəhər statusunun verilməsini maştağalılar da istəyir: “Maştağa camaatı, əhalisi də dəfələrlə qəsəbəyə şəhər statusun verilməsi ilə bağlı məsələ qaldırıblar. Biz də istərdik ki, Maştağaya şəhər statusu verilsin.
Ötən əsrin ortalarında Maştağa özü ayrıca rayon statusunda olub. Daha sonra isə köhnə Lenin, indiki Sabunçu rayonu yaradıldıqda Maştağa qəsəbə kimi onun tərkibinə verildi.

Bu gün Maştağanın 80 minə yaxın əhalisi var. Maştağanın da ətrafında yeni-yeni qəsəbələr yaranır. Amma buna baxmayaraq, Maştağanın sosial-iqtisadi inkişafını nəzərə alaraq, ora şəhər statusu vermək olar”.

“Bu məsələyə Milli Məclidə baxılacaq”

Eldar Quliyev bildirib ki, parlamentdə Maştağaya şəhər statusunun verilməsi müzakirə oluna bilər: “Maştağanın ətrafında Savalan qəsəbəsi salınıb, çoxlu evlər tikilib. Biz də istəyirik ki, belə bir qəsəbəni şəhər eləmək daha məqsədə uyğun olar. Maştağa ayrıca şəhər statusu alsaydı, Nardaran, Bilgəh, Zabrat, Kürdəxanı kimi qəsəbələri də onun tərkibinə vermək olar. Artıq ondan sonra əhalisi 130-140 minə gəlib çata bilər.

Düzdür, əslində belə bir məsələ gündəmdə var. Amma dövlət səviyyəsində nə zaman həll olunacağını dəqiq deyə bilmərəm. Yəqin ki, Milli Məclisdə bu məsələyə baxılacaq. Maştağa qəsəbəsi və digər ona yaxın olan qəsəbələr kənd təsərrüfatı ilə məşğul olan ərazilərdir. Bu baxımdan Maştağa ayrıca şəhər status alsa, oranın sosial-iqtisadi inkişafı daha da sürətli gedər, kənd təsərrüfatını inkişaf etdirmək olar.

Vaxtı ilə Maştağanın bir hissəsi Abşeronun tərkibinə idi. Torpaqlar Abşeronun olsa da, kolxoz və sovxozlar Maştağanın idi. Təəssüflər ki, Maştağada əkinə yaralı sahələrdə fərdi evlər tikilib. Şəhər statusu veriləndən sonra yəqin ki, bu məsələlər də öz həllini tapacaq”.

“Maştağa əhalisi və ağsaqqalları bir yerdə iclas keçirməlidir”

Maştağanın şəhərə çevrilməsinin yollarını isə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev göstərib:
“Qəsəbəyə şəhər statusunun verilməsi əhalinin özünün tələbi ilə olur. Onlar yığılıb iclaslarını keçirməlidirlər.
Qəsəbədəki Ağsaqqallar Şurası, icra strukturları və digər qurumlar bir yerə toplaşıb iclas keçirməli və məsələ ilə bağlı protokolları İcra hakimiyyətinə göndərməlidirlər.

Müvafiq sənədlər İcra hakimiyyətinə göndərildikdən və icra orqanı da özü məsələyə baxandan sonra müvafiq hökumət qurumlarına müraciət etməlidir. Əgər məsələyə müsbət rəy verilsə, sənədlər Milli Məclisə daxil olur. Yəni bu gün Maştağaya şəhər statusunun verilməsi birbaşa olaraq oranın yerli əhalisinin istək və tələbindən asılı olan məsələdir. Əgər maştağalılar belə bir tələb irəli sürərlərsə, buna Milli Məclisdə mütləq baxılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...