Xanlar Hacıyev azərbaycanlı köçkünlərin iddiası üzrə çıxarılan qərarla bağlı xüsusi rəylə çıxış edib

Xanlar Hacıyev azərbaycanlı köçkünlərin iddiası üzrə çıxarılan qərarla bağlı xüsusi rəylə çıxış edib

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası iyunun 16-da “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə azərbaycanlı köçkünlərin Ermənistana qarşı iddiası əsasında mühüm qərar qəbul edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin bir neçə hakimi qərarla bağlı xüsusi rəy yazıb. Onların arasında azərbaycanlı hakimi Xanlar Hacıyev də var. X. Hacıyevin xüsusi rəyində bildirilir:

“Dağlıq Qarabağ və ətraf rayonların - Azərbaycan ərazilərinin beşdə bir hissəsinin Ermənistan Respublikası tərəfindən işğal edilməsi (bu, açıq-aydın faktdır) BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qərarları ilə siyasi baxımdan tanınıb. Hazırkı qərarda AİHM-in yenidən bu faktı məhkəmə qərarı ilə təsdiqləməsini məmnunluq hissi ilə qeyd etmək istərdim. Məhkəmə Ermənistan Respublikasının hərbi iştirakı və hərbi texnika ilə təchiz etməsi ilə Dağlıq Qarabağ münaqişəsində çox erkən və əhəmiyyətli şəkildə iştirak etdiyini təsdiqləyən təkzibedilməz sübutlar əsasında belə bir nəticəyə gəlib. Bu hərbi dəstək sözügedən ərazilərin işğal edilməsi və nəzarətdə saxlanılması istiqamətində həlledici olub və qalmaqdadır. Məhkəmənin fikrincə, gətirilmiş dəlillər, xüsusən də 1994-cü il hərbi əməkdaşlıq razılaşması, inandırıcı şəkildə onu göstərir ki, Ermənistan və “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) silahlı qüvvələri bir-birinə əhəmiyyətli dərəcədə inteqrasiya edir və “DQR” Ermənistanın təsiri altında olmaqla onun hərbi, iqtisadi və siyasi dəstəyindən yararlanır, Dağlıq Qarabağ və ətraf rayonlar birbaşa Ermənistan dövlətinin nəzarəti altındadır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin hüquq məsələləri üzrə müşaviri Tristan Ferraronun haqlı olaraq qeyd etdiyi kimi, effektiv nəzarət işğalın əsas xüsusiyyətidir. Çünki beynəlxalq humanitar hüquqa əsasən, xarici düşmən qüvvələri tərəfindən həyata keçirilən effektiv nəzarət olmadan hansısa bir ərazinin işğalından söhbət gedə bilməz”.

Daha sonra azərbaycanlı hakim məhkəmə tərəfindən şikayətçilərin Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq tələblərinin təmin edilməməsinə qarşı tutarlı faktlar gətirərək işğal edilmiş ərazilərdən 800 000 qədər qaçqın və məcburi köçkünün etnik xüsusiyyətlərinə görə qovulduğunu qeyd edib:

“Qərarın 172-ci paraqrafında məhkəmə haqlı olaraq “Əhalisi 150 min erməni əsilli şəxslərdən ibarət olan Dağlıq Qarabağ, Ermənistanın əsaslı hərbi dəstəyi olmadan çətin ki 1992-ci ilin əvvəlində təqribən yeddi milyonluq əhalisi olan Azərbaycan kimi dövlətə qarşı müdafiə sistemini yaratmağa qadir ola bilsin. Belə olan halda nəinki Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində nəzarəti əldə edir, üstəlik, 1993-cü il sona çatmamış, ərazilərin böyük bir hissəsini, qonşuluqda olan yeddi Azərbaycan rayonunun da bütünlüklə ələ keçirir”. Öz tərəfimdən əlavə edim ki, bu işğal təxminən 800 000 insanın məcburi şəkildə qovulması ilə müşayiət olunmuşdu, bu da öz-özlüyündə böyük hərbi güc, hərbi texnika və məcburi əldə saxlama tələb edirdi. Beləliklə, davamlı işğal heç də az insani və maddi vəsaitlər tələb etmir. İşğal edilmiş ərazilərdə hərbi xidmətdə olan gənc erməni əsgərlərinin valideynlərinin etirazlarına baxmayaraq (bunu mətbuatda oxumaq olar :http://www.epress.am, 11 iyun 2014), işğal hələ də davam edir. Elə də uzaq tarixdə deyil, 2014-cü ilin noyabrında, Ermənistan işğal edilmiş ərazilərdə rəmzi olaraq "Birlik" adlandırılmış əməliyyat çərçivəsində 47000 hərbiçi və çoxsaylı hərbi texnikanın iştirakı ilə hərbi təlimlər həyata keçirmişdi (www.regnum.ru, 12 noyabb 2014). Ermənistanın Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya etdiyi bir vaxtda orada hökm sürən vəziyyət bu sazişin mahiyyətinə belə zidd idi və bu gün də belə qalmaqdadır. Konvensiya öz preambula hissəsində onu imzalayan Avropa Şurasına üzv dövlətlərin dünyada sülh və azadlığın təməlini təşkil edən bu fundamental azadlıqlara dərin inam nümayiş etdirməli olduqlarını bəyan edir. Belə bir paradoks mənə həmişə Oskar Uayldın sözlərini xatırladır: “Mən hər şeyə inana bilərəm, bir şərtlə ki, bu tamamilə inanılmaz bir şey olsun”. Avropa Şurası mövcud vəziyyətə dair öz münasibətini Parlament Assambleyasının 2005-ci ilin yanvarın 25-də qəbul etdiyi 1416 saylı Qətnaməsində bildirib: “Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir”.

Yuxarıda sözügedən qətnamədəki qeydlərdən məlum olunduğu kimi, AŞPA mövcud vəziyyəti təsvir edərək, insanların öz yurd-yuvalarından qovulmalarının etnik xüsusiyyətini xatırladır. Şikayətçilər tərəfindən irəli sürülmüş dolğun dəlil və şərtləri nəzərə alaraq (fikrimcə, bunlara adekvat cavab verilməli idi) mən Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq ayrıca heç bir məsələnin qoyulmaması ilə bağlı əksəriyyətin gəldiyi bu nəticə ilə bölüşmürəm. Beləliklə, şikayətçilərin öz əmlakları üzərində bütün nəzarəti itirmələri, onlardan istifadə etmə, satma, vəsiyyət etmə və ya ipotekaya qoyma, onlardan gəlir əldə etmə və ya bəhrələnmə kimi bütün imkanlardan məhrum olmaları, cavabdeh hökumətin onlara öz evlərinə, Laçına dönmələrinə davamlı şəkildə icazə verməməsi, habelə hökumət tərəfindən onlar üçün səmərəli müdafiə hüququ vasitələrinin yaradılmaması və ümumilikdə, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş şəxslərə hər hansı bir özünümüdafiə hüququnun verilməməsi ayrı-seçkiliyin nəticəsidir və buna görə də bütün bunların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 8 və 13-cü maddələri ilə vəhdət təşkil edən Konvensiyanın 14-cü maddəsinin də pozduğunu hesab edirəm. Məhkəmə bir neçə dəfə Konvensiyanın 14-cü maddəsinin hər fərqli rəftarı qadağan etmədiyini bəyan edib. Məhkəmənin qənaətinə görə, meyarlar işlənib hazırlanmalı və bu meyarlardan çıxış edərək Konvensiya ilə təmin olunan hüquq və azadlıqların tanınmasında göstərilmiş fərqli rəftarın 14-cü maddəyə zidd olub-olmadığını müəyyən edə bilərik. Bir çox demokratik ölkələrdə müşahidə olunan hüquqi praktikalardan irəli gəlmiş prinsipləri tətbiq edərkən məhkəmə hesab edir ki, eyni dərəcəli rəftar prinsipi o zaman pozulur ki, fərqli rəftar obyektiv və ağlabatan bir tərzdə əsaslandırılmasın. Konvensiya ilə təmin olunan hüquq və azadlıqların tanınmasında göstərilmiş fərqli rəftar təkcə qanuni məqsəd güdməməlidir, eyni zamanda, istifadə olunan vasitələrlə güdülən hədəf arasında əsaslandırılmış mütənasiblik əlaqəsi olmadan, bu 14-cü maddənin pozulmasına gətirib çıxaracaq. (Buna misal olaraq, “Rasmussen Danimarkaya qarşı”, 28 noyabr 1984, § 38, A bəndi, 87, və Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 iyul 1986, § 177, A bəndi, 102nömrəli işlərini göstərmək olar).


Bu gətirilmiş dəlillər onu göstərir ki, məcburi köçkünlərin qovulmaları nəinki ayrı-seçkilik zəmində baş verib, hətta cavabdeh dövlət o vaxtdan bəri azərbaycanlılardan başqa, qalan məcburi köçkünlərin öz evlərinə dönməsinə belə icazə verib. Bu da ayrı-seçkilik siyasətinin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda, pozuntuların davamlı xüsusiyyətini nümayiş etdirir. Bundan əlavə, ərizəçilərin ayrı-seçkiliyə məruz qalmalarına dair bu faktların xeyrinə onu da əlavə edək ki, Laçın rayonunun etnik təmizlənməsindən sonra, yəni bu rayon qeyri-erməni əhalisindən boşaldıqdan sonra, burada Ermənistan Respublikasından gəlmiş ermənilərin regionda məskunlaşdırılması siyasəti aparılmışdı. Belə ki, ATƏT-in Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş ərazilərində apardığı faktaraşdırıcı missiyasının hesabatına görə, nümayəndə heyəti Laçın rayonunda Ermənistan pasportunu daşıyan və Ermənistanda səs verdiklərini boyunlarına almış sakinlərlə görüşdüyünü qeyd edib. Nəticədə, iyirmi ildən çoxdur ki, Laçından qovulmuş və bu rayonda öz evlərinə dönə bilməyən ərizəçilər Konvensiya ilə təmin olunan hüquqlarını həyata keçirmək iqtidarında deyillər. Çünki onlar, Konvensiyanın 1-ci Prokolunun 1-ci maddəsi və Konvensiyanın 8 və 13-cü maddələri ilə vəhdət təşkil edən Konvensiyanın 14-cü maddəsinə zidd olan ayrı-seçkiliyə məruz qalıblar “.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...