Azərbaycandan ABŞ-a sərt Qarabağ BƏYANATI

Azərbaycandan ABŞ-a sərt Qarabağ


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur.

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan dövlət kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır: "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır. KİV-ə çox məlumat verilməsə də, substantiv danışıqlar bu gün davam edir. Bu substantiv danışıqlar da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğalından azad olunması ilə nəticələnməlidir. Münaqişənin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur".

XİN rəsmisi əlavə edib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları çoxdan məlumdur: "Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir. Onu da qeyd edək ki, Helsinki Yekun Aktında xalqların öz müqəddəratını təyin etmə prinsipinin məhz dövlətlərin ərazi bütövlüyü prinsipinə xələl gətirməyəcək formada ifadə olunması təsbit olunub. Müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır".

Virtualaz.org xatırladır ki, ABŞ-ın dövlət katibi Con Kerri bəyanatla çıxış edib və bildirib ki, "Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil".

O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...