Heykəltəraş Elmar Vəliyevin Gəncədə yaratdığı memarlıq üslubunu tənqid etdi

Heykəltəraş Elmar Vəliyevin Gəncədə yaratdığı memarlıq üslubunu tənqid etdi

"Gəncəyə bir çox başçılar rəhbərlik edib. Hər birinin dövründə az da olsa memarlıq üslubu dəyişib. Daha sonra Elmar Vəliyev gəldi. O da fərqli bir memarlıq üslubu yaratdı. Bu cür dəyişiklik həm gözü yorur, həm də yaddaşımızda daimi qalmır. Ən düzgün yol baş memarın verdiyi qərardır. Həmçinin, qədim tarixə malik olan şəhərin tez-tez dəyişdirilməsi o yerlərdə məskunlaşan insanların da əhvalına təsir edir”.

Gundeminfo.az xəbər verir ki, bunu Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov Modern.az-a açıqlamasında bildirib. O, Gəncədən fərqli olaraq memarlıq üslubu dəyişməyən şəhərin olduğunu da deyib: “Şəki şəhərinin adını rahatlıqla çəkmək olar. O baxımdan ki, şəhərə nə qədər icra başçısı gəlib-getsə də Şəki öz tarixi memarlıq üslubunu, simasını saxlayıb. Yeni tikililər olsa da, köhnə üslub qorunub saxlanılır”.

Xanlar Əhmədov deyir ki, hər yeni başçının şəhərin üslubunu dəyişməsi nişanə qoymaq həvəsindən irəli gəlir: “Hər bir yeni başçının memarlıq üslubunu dəyişməsi yenilik gətirmək istəyindən irəli gəlmir. Sadəcə olaraq hər bir başçı bilir ki, rəhbərlik etdiyi rayonda müvəqqətidir. Ona görə də özlərindən sonra bir nişanə qoymaq istəyirlər. Məsələn, illər keçəcək deyəcəklər ki, filan icra başçısının dövründə tikilən bina və sairə. O da istənilən nəticəni vermir. Çünki yeni gələn köhnənin tikib qurduğunu unutdurur. Hər bir rayona dövlət başçısı büdcədən maliyyə ayırır. Bu zaman həmin maliyyə şəhərin abadlaşdırılmasına, gözəlləşməsinə sərf edilir. Biz demirik ki, yeni tikililər olmasın. Olsun. Çünki hansısa şəhər ancaq mərkəzdən ibarət deyil. Bunun kəndləri, qəsəbələri var. Ona görə də mərkəzdən kənarda da tiklililər aparıla bilər”.

Xatırladaq ki, hazırda İsraildə müalicə olunan Elmar Vəliyev Gəncənin icra başçısı postundan azad olunub. Onun yerinə Niyazi Bayramov təyin olunub. Gəncə şəhərinin baş memarı Məharət Mustafayev də vəzifəsindən azad edilib. Onun yerinə Əli Rüstəmli Gəncənin baş memarı təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...