İran rejimi hər fürsətdə türk düşməni olduğunu nümayiş etdirir

İran rejimi hər fürsətdə türk düşməni olduğunu nümayiş etdirir

Cənub qonşuluğumuzda yerləşən İran tarix boyu türk düşməni olub və bu gün də əlinə düşən ilk fürsətdə bunu açıq şəkildə büruzə verən addımlar atmaqdan çəkinmir. Belə ki, İranda dərsliyə 40 milyona yaxın soydaşımızın yaşadığı Güney Azərbaycanda türk kimliyini göstərən Bozqurd işarəsinin radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb. Bu barədə yayılan informasiyada deyilir ki, Bozqurd simvoluna qarşı mətn orta məktəbin ikinci siniflərinə aid "İctimai kimlik" dərsliyinin 53 və 54-cü səhifəsində dərc olunub. İranın Təhsil Nazirliyi tərəfindən hazırlanan dərslikdə qeyd olunub ki, Bozqurd Türkiyədə ifrat millətçiliyin simvoludur və bu ideyalar islama uyğun deyil.

Həmçinin, dərslikdə Osmanlı imperiyası irqçilikdə ittiham olunub. Bildirilib ki, irq və qövm məsələlərinə təkid edib, tarixi islam kimliyini unutmaq Osmanlı imperiyasının çöküşünə zəmin yaradıb. Bundan başqa, türk kimliyini hədəfə alan dərslikdə "İran qövmləri bu torpaq və suya bağlıdır. Onlar öz izzətini azad və başıuca İranda görür. Birlikdə olan İran millətinin öz amalı var. İran qövmlərinin hər biri milli və islami amalların inkişafı uğrunda addım atmalıdır. Böyük və başıuca ölkəmizdə fərqli qövmlərin olması bir fürsətdir", deyə İran kimliyi vəsf edilib.

Məhz bu fakt bir daha onu təsdiqləyir ki, yağı düşməndən dost olmadığı kimi, fars rejimindən də türk dünyasına ciddi mənada fayda gələn deyil. Yəni kimin nə deməsindən asılı olmayaraq, bu, bir faktdır ki, İran rejimi Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızı məhz türk olduğu üçün daim basqı altında saxlayır, onların canlanmasından, həm ictimai, həm də siyasi sferada hərəkətlənmələrindən ciddi şəkildə əndişələnir. Elə bu səbəbdən də 40 milyonluq Azərbaycan türkünün öz doğma dilində təhsil almasına belə, imkan vermir, müxtəlif üsullara baş vuraraq onların assimilyasiya olunmasına çalışır. Lakin bu,mümkün olan iş deyil. Çünki 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycandakı soydaşlarından ayrı düşən Cənubi Azərbaycan türkləri əgər 200 ildə assimilyasiya olunmayıbsa, o zaman İran rekimi nə qədər çalışsa da, onları tarixi köklərindən ayırmağa nail ola bilməyəcək.

Bozqurd simvoluna gəlincə, nəzərinizə çatdıraq ki, bu işarə türk tarixinin şamanizm günlərindən qalan, müvəffəqiyyət mənasını verən zəfər işarəsidir. Müasir dövrdə isə bu işarə "Mən Türkəm" mənasında istifadə edir. Yəni türklər, o cümlədən Cənubi Azərbaycandakı soydaşlarımız Bozqurd işarəsi göstərərək kimliklərini elan edirlər. Məlumat üçün bildirək ki, Bozqurd salamını Türkiyədə ilk dəfə 1980-cı ildə Ankaraya gələn Qaqauz mədəniyyət naziri Maria Marunoviç istifadə edib. Milliyətçi Hərəkat Partiyasının lideri Alparslan Türkeş isə 1992-ci ildə Azərbaycanda iştirak etdiyi "Türkçülük Günü"ndə mərhum prezident Əbülfəz Elçibəylə birlikdə bu işarəni istifadə edərək, xalqı salamlayıb. Məhz bu hadisədən sonra Bozqurd salamı Türkiyədə daha çox tanınmağa və istifadə olunmağa başlayıb.

Yeri gəlmişkən, qeyd edək ki, Alparslan Türkeş Bozqurd işarəsini bir qədər fərqli formada izah edib. Belə ki, o, Türkiyədə Turançı Hərəkatın öncüllərindən biri olan Osman Bölükbaşı ilə görüşü zamanı ona Bozqurd işarəsinə özünün verdiyi mənanı izah edərkən, çeçələ barmağın "Türk", işarə və ya şəhadət barmağının "İslam", aradakı iki barmaq üzərinin "cahan", üç barmağın birləşməsinin isə "möhür" anlamına gəldiyini bildirib. Beləliklə, işarənin mənası budur: Türk dünyaya İslam möhürü vuracaq! Bozqurdun özü isə türk, monqol və altay mifologiyasında müqəddəs heyvandır. Yəni yol göstərici, müqəddəs qurd, bütün türk və monqol tayfalarının ortaq totemidir. Onu da qeyd edək ki, bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Ümumiyyətlə, bozqurdlarda da qədim türk adətlərinə uyğun bir həyat tərzi var. Yəni onlar da ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər.

Bu arada, İranda dərsliyə Bozqurd işarəsinin radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətnin salınmasına münasibətini öyrəndiyimiz tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov hesab edir ki, türk mifologiyasına görə türkün xilaskarı kimi qəbul edilən Bozqurd işarəsinə bu cür yanaşma doğru deyil: "Dərsliyə indiyə qədər faşist rəmzlərini belə, pisləyən hər hansısa mətn salınmayıbsa, o zaman Bozqurd simvoluna qarşı bu addımı doğru qəbul etmirəm. Bu işarədə pis nə var axı?! Bu, sadəcə olaraq türk simvoludur. Türkün mifologiyasına görə, bozqurd tərəfindən xilas edilib və ona xilaskar qismində baxılır. Elə millətlər var ki, onlarda ayı, elələri də var ki, şir xilaskar kimi çıxış edir. Onda götürsünlər, onlarla da bağlı dərsliklərə bu cür mətnlər salsınlar. Bu, düzgün addım deyil. Görünür, onlar türklükdən bu dərəcədə qorxurlar ki, adi işarəni belə, hədəfə alıblar. Əslində, onlar çox sağ olsunlar ki, bu yolla bizim yatmışların da ayılmasına və bozqurd simvolu haqda məlumat almalarına səbəb olurlar".
Hurriyyet.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...