Prezidentin tapşırığına məhəl qoymayan məmurlar: Bakıda “kupça” alveri

Prezidentin tapşırığına məhəl qoymayan məmurlar:

Qanunsuz tikililərə icazə verildiyi halda, qanuni ev tikmək istəyənlərə əngəllər yaradılır...
Prezident İlham Əliyev hökumətin müşavirələrində bir neçə dəfə vətəndaşları öz mənafeləri, şəxsi mənfəətləri üzündən incidən məmurlara sərt xəbərdarlıqlar edib.


Musavat.com xatırladır ki, ölkə başçısı bildirib ki, bu və ya digər sahələrdə çalışan məmurlar şəxsi mənfəətləri hesabına qanunları pozub, vətəndaşların haqqına girirlər. Məsələn, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bildirmişdi:

“Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar...”

Lakin prezidentin bu cür çıxışına rəğmən, yenə də öz tamahını və şəxsi məqsədini hər şeydən üstün tutan orta məmur təbəqəsi qanunsuz əməllərinə davam edirlər. Bəzən də bu məmurlar vətəndaşın qeyri-qanuni işlərinə qanuni don geyindirərək, nöqsanlara yol verirlər.

“Yeni Müsavat”a vaxtaşırı bu məsələlərlə bağlı məlumatlar daxil olur. Bu məlumatlar sırasında xüsusilə yaşayış binalarının qarşısında olan ərazilərin qanuni don geyindirilməklə zəbt edilməsi məsələsi də geniş yer alıb.

Prezidentin tapşırığına məhəl qoymayan məmurlar:

Neçə illərdir Bakının əksər rayonlarında yaşayış binalarının balkonlarının artırılması prosesi gedir. Özəl binalarda da bu hallara rast gəlinir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BTİ) Bakı Şəhər Ərazi İdarəsi bu cür hallara göz yumur. İdarənin rəisi Şəmsi Şahvələdovun bu hallara göz yumması bəzən də dəstək verməsi haqda indiyədək çox yazılıb. Bildirilir ki, məhz onun rəhbərlik etdiyi idarə xüsusilə də yaxın zamanlarda plana düşüb sökülməsi nəzərdə tutulan binaların qarşısında olan artırmaların özəlləşdirilməsi prosesini həyata keçirir. İddialara görə, bunun üçün vətəndaşlardan tikilinin hər kvadratına görə ən azı 300 manat pul tələb edilir.

Bu məlumatların doğru olub-olmadığını öyrənmək üçün Şəmsi Şahvələdovla israrla telefon əlaqəsi yaratmağa cəhd etsək də, buna nail ola bilmədik... Lakin müşahidə etdik ki, şəhərdə bir çox yerlərdə bu cür artırmalar, binaların həyətlərinin zəbt edilməsi halları genişlənib. Bu da deməyə əsas verir ki, məlumatlarda həqiqət payı var.

Onu da öyrəndik ki, Şəmsi Şahvələdovun rəhbərlik etdiyi idarənin əməkdaşları qanunsuz tikililərə göz yumduqları halda, vətəndaşların qanuni yolla ev tikmələrinə maneə olub, onlara çıxarış vermir. Bunun üçün vətəndaşdan qanunsuz ödəmə tələb edilir. Deyilənə görə, hazırda Bakıdan nisbətən kənar yerlərdə olan torpaqların özəlləşdirilməsi üçün hər sota 1000 manat pul tələb edilir. Bakının mərkəzi ərazilərində isə bu rəqəm 10 dəfə artıqdır. Məlumatda o da bildirilir ki, idarədə sənəd özəlləşdirmək istəyən şəxslər xüsusi “mərhələdən” keçirlər. Belə ki, idarənin əməkdaşlarında xüsusi siyahı var. Bu siyahıda çıxarış üçün müraciət edənlərin adları qeyd olunub. Hansı adın qarşında “plus” işarəsi qoyulubsa, əməkdaş başa düşür ki, həmin şəxs qoyulan qeyri-rəsmi ödənişi çatdırıb və onun sənədləri problemsiz hazır edilir. Hansı adın qarşısında “plus” işarəsi yoxdursa, vətəndaşı müxtəlif bəhanələrlə get-gələ salırlar. Məlumata görə, evin özəlləşdirilməsi üçün də vətəndaşdan hər otaq üçün ən azı 1000-1500 manat pul tələb olunur.

Prezidentin tapşırığına məhəl qoymayan məmurlar:

Halbuki, qanunvericiliyə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu müəyyən edilib. Rüsum az olsa da, bu idarənin qeyri-qanuni fəaliyyətinin nəticəsidir ki, Bakı şəhəri və ətrafı sənədsiz ev və mülklərlə doludur.

Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məhz Bakıda olan qanunsuz tikililərdən söz açdı.

Prezident vətəndaşlara müraciət edərək vurğuladı ki, əgər haradasa görsələr ki, qanunsuz nə isə tikilir, dərhal məlumat versinlər: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm”.

Gerçəkdən də Bakının əksər yerlərində qanunsuz tikililər sökülür, bu istiqamətdə işlər görülür. Lakin vətəndaşların redaksiyamıza verdikləri məlumata görə, Bakıda özəlləşdirmə sahəsində böyük boşluqlar qalmaqdadır. Bəzi məmurlar vətəndaşlara xeyli əziyyət verib, onların ev tikmələrinə, torpaqlarını öz adalarına özəlləşdirmələrinə maneə olurlar.
Prezidentin tapşırığına məhəl qoymayan məmurlar:
Prezidentin tapşırığına məhəl qoymayan məmurlar:

Onu da qeyd edək ki, Şəmsi Şahvələdovun qanunsuz əməlləri barəsində bəzi internet saytlarında da materiallar dərc olunub. Bildirilib ki, Şəmsi Şahvələdov “kupça” satışından əldə etdiyi çirkli pullarla Ceyrançöl ərazisində böyük heyvandarlıq təsərrüfatı yaradıb. Bundan başqa, ərazi idarə rəisinin Samux rayonunda yüzlərlə əkinçilik texnikasına və əkin sahələrinə sahib olduğu da vurğulanır. Həmçinin Şəmsi Şahvələdovun Türkiyənin İstanbul və Bodrum şəhərlərində dəyəri yarım milyon dollardan çox olan iki lüks evinin olduğu da bildirilir. İdarə rəisinin Bakı şəhərində bir neçə villasının və 20-ə yaxın mənzilində olduğu da iddia olunur.

Ş.Şahvələdov barəsində deyilənlərə münasibət bildirmək istəsə, redaksiya onu bu şəraiti yaratmağa hazırdır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...