Cahangir Hacıyevin xanımı və qızı da həbs təhlükəsi qarşısında

Cahangir Hacıyevin xanımı və qızı da həbs təhlükəsi qarşısında

“İzahedilməmiş Sərvət Sərəncamı”na (UWO) əsasən Böyük Britaniya ərazisində 4,4 milyard funt-sterlinqlik şübhəli sərvətin izinə düşüləcəyi proqnozlaşdırılır. Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir. Mümkün UWO namizədləri gizli saxta şirkətlər vasitəsilə Londonda milyonlarla funtluq mülkiyyətə sahib olublar. Britaniya hökuməti bu ölkədə mülkiyyət sahibi olan ofşor şirkətlərin əsl sahiblərinin adları olan reyestr açıqlamaq öhdəliyinə əsasən hərəkətə keçəndən sonra olduqca ilginc materiallar üzə çıxıb. Hazırda Böyük Britaniya ərazisində 86 min mülkün sahibi gizli şirkətlərdir. Həmin şirkətlərdən birinin Azərbaycanda olan Zamirə Hacıyevaya məxsusluğu isbat olunub. Digər azərbaycanlı korrupsionerlərin də ifşası təhlükəsi qaçılmazdır.

Rubrika.Az musavat.com-a istinadən bildirir ki, belə bir reyestrin açıqlanması Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfə gəlmələri deməkdir. Bu qanun həmin şəxsləri sərvətlərini açıqlamağa məcbur edir. Şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər. Hazırda Böyük Britaniyada UWO-ya əsasən Azərbaycanlı bankir, Beynəlxalq Bankın həbsdəki sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın milyonluq mülklərə necə sahib olması araşdırılır. Zamirə Hacıyeva Londonda 15 milyon dollarlıq mülkünü xilas etməyə çalışırkən Bakıda onun və həyat yoldaşının vəkili Aqil Layıcovun Azərbaycanın Vəkillər Kollegiyasındakı fəaliyyəti 6 ay müddətinə dayandırılıb. Bununla bağlı vəkil hər hansı bir açıqlama verməyib.

Faktiki olaraq Cahangir Hacıyev də, onun Azərbaycana təhvil veriləcəyi istisna olunmayan həyat yoldaşı Zamirə Hacıyeva da ölkədə vəkilsizdirlər. Zamirə Hacıyeva hazırda Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun hədəfindədir. Hacıyeva 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən 35 kredit kartından istifadə edərək lüks dükanlarda son 10 ildə 16 milyon funt - yəni 21 milyon dollardan çox pul xərcləyib. O təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərcləyib. Zamirə Hacıyevanın 55 milyon dollara şəxsi təyyarə aldığı da üzə çıxıb. Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil. Britaniyanın hüquq-mühafizə orqanları bu xanımın milyonluq mülkiyyətə necə sahib olduğunu araşdırır. Hacıyevadan tələb olunur ki, pulun mənbəyini açıqlasın. Xanım bu tələbdən məhkəməyə müraciət etsə də uduzub və indi pulun mənbəyini açıqlamalıdır. Pulların mənbəyi açıqlanmasa onun mülkləri əlindən alına bilər. Zamirə Hacıyeva məhkəmədə deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri olub və var-dövlət qazanıblar. Amma onun dəlillərinə inanan olmayıb.

Bu arada araşdırmalara cəlb edilən Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub. Məlum olub ki, həmin zinət əşyalarını Londondakı “Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir.

Cahangir Hacıyev Beynəlxalq Banka 2001-ci ildən sədrlik edirdi. 2015-ci ildə Beynəlxalq Bankla bağlı araşdırma başlanan zaman o da həbs edilib. O, mənimsəmə, vəzifə saxtakarlığı kimi bir neçə cinayətdə ittiham olunub, 15 il azadlıqdan məhrum edilib.

Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Artıq Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Z.Hacıyeva məhz zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılıb. Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Zamirə Hacıyeva Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyi ona varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib. Həmin viza ləğv ediləcəyi təqdirdə, Zamirə Hacıyeva Azərbaycan tərəfinə təhvil verilə bilər. Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir. 2016-cı il iyunun 1-də Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində axtarışlı həbs qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...