Göygöl sakinləri Gəncə icra hakimiyyətindən kömək istəyirlər... - SƏBƏB

Göygöl sakinləri Gəncə icra hakimiyyətindən kömək istəyirlər... -

Əvvəlki adı Əzizbəyov olan şəhər tipli qəsəbənin adı 5 oktyabr 1999-cu ildən dəyişdirilərək Hacıməlik edilib.

Hacıməlik qəsəbəsi Göygöl rayonunun inzibati ərazi vahidində olsa da, Gəncə şəhərinə 1 km məsafədə yerləşir.

Sakinlərin Yenicag.az-a verdiyi məlumata görə, qəsəbə yaşanılmaz vəziyyətdədir. İllərdir ki qəsəbənin yol problemi də qalmaqdadır:

“Qəsəbədən Gəncəyə 1 km məsafə var. Ancaq o yolu maşınla getmək mümkünsüz hala çevrilib. Havalar yağışlı olanda ümumiyyətlə qəsəbədən çıxmaq imkansızdır. Özünüz də görürsünüz ki, bu yollarla hərəkət etmək mümkün deyil”.

Qəsəbənin yolları ən ucqar dağ kəndinin yollarından da pis gündədir. Ümumiyyətlə, oranın yol olmasını sübut edəcək heç nə yoxdur. Sadəcə, çala-çuxurda maşın təkərlərinin izini gördükdə buranın yol olduğunu demək olar.

Qəsəbənin işıqlandırılmasından söhbət belə gedə bilməz. Qəsəbədə ən çox pul xərclənən şeylər ayaqqabılardır. Həm özün üçün, həm də maşın üçün tez-tez “ayaqqabı” almalısan.

Hacıməlikdə demək olar ki, ağac yoxdur. Səbəb? Susuz da ağac olar? Qəsəbədə heç insanlar içməyə su tapmır, ağacı necə suvarsınlar? Evlərə ayrıca su xətləri çəkilmədiyi üçün 15 ev yalnız bir krantdan gələn sudan istifadə etməli olur. Sakinlər suyu keçmiş dövrlərdəki kimi səhənglərlə, böyük su qabları ilə daşıyırlar.

Hacıməlik qəsəbəsin demək olar ki, hər yeri zibilxanadır. Konkret zibil qutularının qoyulması üçün yerlər olmadığı, zibilin dəqiq olaraq hara tökülməsi müəyyən edilmədiyi üçün qəsəbənin dörd bir tərəfi zibilliyə çevrilib.

Qəsəbə sakinləri yaranmış bu acınacaqlı durumla bağlı dəfələrlə Göygöl Rayon İcra Hakimiyyətinə, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar. Ancaq bu problemlərə əlac ediləcəyinin sözünü belə almayıblar.

Hacıməlik sakini İbrahimov Amil bildirib ki, hansı problemdən şikayət edəcəklərini də bilmirlər:

“Bir qəsəbənin bir, iki, lap 3 problemi olar. Hacıməliyin problemi isə saysız-hesabsızdır. Su problemi illərdir var, belə baxırıq əbədi olaraq da qalacaq. Yol problemi eynən onun kimi. Zibillik məsələsi də bir problemdir. Bu üç böyük problemin yanında qəsəbənin işıqlandırılmasından danışmağa adam utanır. Belə desək susuzluqdan, yolsuzluqdan qaranlıqda zibilin içində üzürük”.

Amil İbrahimovun sözlərinə görə, şikayət etmədikləri orqan qalmayıb:

“İcraların yolunu su yoluna döndərmişik. Heç kim bu qəsəbənin problemi ilə maraqlanmır. Yuxarı orqanlara da şikayət ünvanlamışıq, yenə də baxan yoxdur. Bu qəsəbə ilə düşmənçilikləri nədir, indi onu düşünürük”.

Qəsəbə sakinləri bildirib ki, onların problemi həll olunmasa, son çarə olaraq yolu bağlayıb, etiraz edəcəklər.
www.yenicag.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...