Əli Həsənov “Freedom House”dan danışdı: "Qeyri-obyektiv qiymətləndirmə aparan çirkin qurumdur”

Əli Həsənov “Freedom House”dan danışdı:

“Azərbaycan inkişaf etdikcə, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımızı gözü götürməyənlər ortaya çıxır və hər fürsətdə ölkəmizi gözdən salmağa çalışır, reallıqları təhrif edirlər. Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə uzun müddətdir ölkəmizə qarşı “qara piar” aparmaqla məşğuldurlar. ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının 2019-cu il hesabatında Azərbaycanı guya Cənubi Qafqazda “yeganə azad olmayan” ölkə kimi qiymətləndirməsi gülünc olmaqla yanaşı, bu təşkilatın qeyri-obyektiv və qeyri-məlum metodologiya ilə qiymətləndirmə aparan çirkin qurum olmasının bir sübutudur”.

Unikal.org xəbər verir ki, bunu “Azərtac”a açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov söyləyib.

Əli Həsənov aparılan qiymətləndirmələrin reallığı əks etdirmədiyini bildirib: “Görəsən “azad olmayan” ölkəni müəyyənləşdirmək üçün meyarları kim və hansı beynəlxalq təşkilat kəşf edib? Ümumiyyətlə, belə təşkilatları kimlər yaradıb maliyyələşdirir və nə üçün? Onlara müstəqil dövlətin daxili işinə müdaxilə etmək səlahiyyətini kim verib?”

Əli Həsənov qeyd edib ki, bəzi ölkələrdə vətəndaşlar dövlətinin siyasətinə etiraz olaraq küçələrdə qarşılarına çıxan hər şeyi dağıdanda, maşınları yandıranda, mağazaları talan edəndə, insanların istirahətinə xələl gətirəndə bu, “azad ölkə” kimi qələmə verilir: “Məsələn, ABŞ-da, Avropada polis işçiləri etirazçılara hücum edib onlara ciddi xəsarət yetirəndə, hətta döyərək ölümcül vəziyyətə salanda bu, “azad ölkə”mi olur?

“Freedom House” öz çirkin niyyətini gizlədə bilməyərək erməni xalqının özü tərəfindən Ermənistanı azad olmayan ölkə kimi qiymətləndirəndə və ya onun parlamentində spiker və deputatlar güllələnib öldürüləndə, prezident seçkisində saxtakarlıq edən rəhbərliyə etiraz edənlər qətlə yetiriləndə necə olur ki, belə ölkə “qismən azad” hesab edilir? Elə buradan görünür ki, bu təşkilat sifarişlə işləyir.

“Freedom House” və bu kimi beynəlxalq təşkilatlar bilməlidirlər ki, ölkəmizdə mətbuat tamamilə azaddır, 80 faiz əhalinin internetə çıxışı var, bütün sosial şəbəkələr açıqdır və heç bir senzura yoxdur. Prezident İlham Əliyevin titanik səyi nəticəsində ölkəmizdə sabitlik, təhlükəsizlik və inkişaf yüksək səviyyədədir. Azərbaycan bu gün sabitlik adası kimi tanınır. Regionda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun iqtidarla sarsılmaz birliyidir. Bu birliyin təməlində dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı və etimadıdır”.

Partiya sədrinin müavini qeyd edib ki, bu cür qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də nüfuzunun artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqlarının qorunmasından danışırsa, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...