"Bu gün oğlumun əli qandallanıb başı aşağı salınırsa..." - Fuadın anasından Açıqlama

"Bu gün oğlumun əli qandallanıb başı aşağı salınırsa..." -
Xəbər verdiyimiz kimi, bu gün Rusiyada həbs edilən azərbaycanlı jurnalist Fuad Abbasova dəstək üçün Beynəlxalq Diaspor Mərkəzi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib. Tədbirə Fuad Abbasovun valideynləri də qatılıb. Fuad Abbasovun anası Abbasova Billur xanım özəl olaraq BiG.AZ-a oğlunun həbsi ilə bağlı danışıb. Billur xanım Fuadla sonuncu dəfə onunla hadisədən əvvəlki bazar günü telefonla danışdığını bildirib:

“Biz Fuadla xüsusilə bu məsələ ilə bağlı telefonla danışmamışıq. Lakin ümumi danışıqlarımız demək olar ki, hər gün olurdu. Zəng edib hal-əhvalımızı xəbər alırdı. Valideyn kimi bizim narahat olmağımızı istəmirdi deyə ona olan təxribatlar haqda bizə heç nə demirdi, bu haqda ancaq internetdən məlumat almışıq. Bu məsələ sifarişli iş olduğu üçün gözlənilmədən oldu. Bəlkə də ona görə heç nə deyə bilmədi”.

Anası bildirib ki, Fuad bir evin oğlu kimi doğulsa da, o bu işə qoşulandan bir elin oğludur: “Mən Fuadı 2016-cı ildən ancaq internetdə, planşetdə görürəm. Elə bil yadırğamışam, çünki mən də sizin kimi onun barəsində internetdə izləyirəm. Hətta Fuad efirdə olanda yoldaşıma deyirəm ki, Fuad gəlib, gedim bir çay gətirim.

Bu gün Fuadın haqq səsi boğulursa , əli qandallanıb başı aşağı salınırsa, bu, Azərbaycanın başının aşağı salınması deməkdir. Fuadın səsini boğmaq Azərbaycanın səsini boğmaq deməkdir. Çünki Fuad Azərbaycanın oğludur, sizin oğlunuzdur”.

Billur xanım həmçinin Fuadın əleyhinə danışanları görəndə təəssüf hissi keçirdiyini bildirib: “Fuad həmişə belə danışanları görəndə deyir ki, ana, mən 100 dollar deyiləm ki, hamının xoşuna gələm. Əlbəttə, əleyhimə də, leyhimə də danışacaqlar. Bu gün mənə təsir edir ki, nə üçün içimizdəki satqınları, sapı özümüzdən olan baltaları qırıb ata bilmirik? Nə üçün Fuadların başını əzmək istəyirlər, haqq səsini boğmaq istəyirlər? Gərək öləndə də mərd öləsən, qorxmayasan.

Bu gün Fuad kimilərə dəstək olmasaq, belə oğulları itirə-itirə gedəcəyik. Əgər ona dəstək durmasaq bu da erməni qələbəsi olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...