Körfəzdəki gərginliyin və proqnozların neft bazarına təsiri - İCMAL

Körfəzdəki gərginliyin və proqnozların neft bazarına təsiri - İCMAL

Ötən gün Oman körfəzində iki tankerə hücum, Yaxın Şərqdə yaranan gərginlik, həmçinin Beynəlxalq Enerji Agentliyinin (İEA – İnternational Energy Agency) neftə tələbatın artım proqnozunu azaltması fonunda bu gün dünya bazarında neftin qiymətində dalğalanmalar müşahidə edilib.
Belə ki, ötən gün Oman körfəzində Yaponiya, Tayvan və Omana məxsus neft tankerlərinə hücum olub və bu hücumdan sonra ABŞ İranı ittiham edib, İran isə bu ittihamı qətiyyətlə rədd edib. Bu gərginlik neft bazarındakı gərginliyi daha da artırıb və dalğalanmalar yaranıb.
Bundan başqa, bu gün Beynəlxalq Enerji Agentliyinin açıqlaması da bazara təsirsiz ötüşməyib. Agentlik 2019-cu ildə neftə gündəlik tələbatın artım proqnozunu 100 min barel azaldaraq 1,2 mln. barel həcmində müəyyənləşdirib.
Sənədə əsasən, cari ildə qeyri-OPEC ölkələrindən gündəlik neft tədarükü 1,9 mln. barel, 2020-ci ildə isə 2,3 mln. barel artacaq.
Agentliyin məlumatına görə, OPEC ölkələrinin may ayında gündəlik hasilatı 29,95 mln. barel təşkil edib. Səudiyyə Ərəbistanı hasilatı azaldıb, Nigeriya isə boru kəmərlərinə hücumlara görə nəqli daha da aşağı salıb.
“Report” xəbər verir ki, London Birjasında “Brent” markalı neft günə 61,12 dollarla başlayıb, günorta saatlarına doğru qiymət 61,87 dollara yüksəlib, günortadan sonra isə qiymət 60,78 dollara düşüb.
Nyu-York birjasında isə WTI markalı neftin qiyməti 52,12 dollardan 51,71 dollara düşüb.
Oman körfəzində baş verənlər ətrafında gərginliyin artması və ABŞ-ın bəyanatlarından sonra qiymətlər yenidən qalxmağa başlayıb. Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, “Brent” neftinin qiyməti 61,48 dollara və WTI markalı neftin qiyməti 52,47 dollar olub.
Ümumilikdə isə son həftələrdə neftin qiymətində sürətlə azalma qeydə alınıb. Hətta iyunun 5-də “Brent” markalı neftin qiyməti bu ilin yanvar ayından bəri ilk dəfə 60 dollardan aşağı düşüb.
London Birjasında "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində 14%, yaxud da 9,93 ABŞ dolları artaraq 71,24 dollardan 61,31 dollara düşüb.
Bu isə qlobal iqtisadiyyatda yavaşlamanın narahatlığı, ABŞ-la Çin arasında ticarət müharibəsi, Venesuela və İrana sanksiyalarla əlaqələndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...