Baş məşqçi: Onun çiyni medal qazanmağına imkan vermədi

Baş məşqçi: Onun çiyni medal qazanmağına imkan vermədi

Bildiyiniz kimi, II Avropa Oyunlarına yeddi idmançı ilə – altı kişi və bir qadın samboçu ilə qatılmışdıq. Yarışı üç medalla başa vurduq. Düzdür, istəyirdik ki, biz də vətənimizə bir qızıl medal qazandıraq, amma alınmadı.

Fikrimcə, medallarımız artıq da ola bilərdi. Məsələn, 62 kq-da Cavidan Qarayev medal qazana, hətta finala da çıxa bilərdi. Ondan bunu gözləyirdik. Ancaq birinci görüşdə çiynindən zədə alması və rəqibinin güclü olması buna imkan vermədi. Ümumilikdə, nəticələri qənaətbəxş adlandırardım.

Bunu Oxu.Az-a açıqlamasında sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, II Avropa Oyunlarında qazanılan bir gümüş və iki bürünc medalı qızıla çevirmək zamanı artıq gəlib:

“Hər dəfə qızıl medal ala bilməməyimizi bəxtsizliklə əlaqələndirərdim. Çünki ötən il dünya çempionatının finalında Emil Həsənovun görüşün başa çatmasına 13 saniyə qalmış hakimdən xəbərdarlıq alaraq uduzdurulması yaddan çıxmayıb. Əgər belə olmasaydı, Emil indi dünya çempionu idi. İnşallah, çalışacağıq ki, biz bu nəticələrimizi qızıl medala çevirək.

Bizi noyabrda Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatı gözləyir. Bir ay sonra keçiriləcək Azərbaycan çempionatından sonra oraya gedəcək idmançılarımızı müəyyənləşdirəcəyik.

Oraya qız idmançımızın getməsi isə sual altındadır. Çünki Gözəl Zutovanın Avropa Oyunlarındakı güləşi qənaətbəxş olmadı. Ona görə də bu barədə fikirləşəcəyik”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...