Fazil Mustafa “Alt paltarı piri”ndən danışdı: Buna inananlar xəstədirlər

Fazil Mustafa “Alt paltarı piri”ndən danışdı:

“Qaloş piri”ndən sonra bu dəfə Xaçmazda, Vələmir kəndində “Dəli piri” və ya “Şeyx Ömər Baba” adı ilə tanınan ziyarətgah müzakirə mövzusuna çevrilib. İnsanların ağacdan parça, əski, hətta alt paltarı asaraq, niyyət etmələri, şəfa diləmələri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Millət vəkili Fazil Mustafa Oxu.Az-a son günlər gündəmi zəbt edən pir və ziyarətgahlarda müşahidə olunan cahil hərəkətlərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bu gün dini inanc adı altında insanlara xurafat və cəhalət elementləri ötürülür:

“Belə məlumatları oxuyanda təəccüblənirəm. Bu insanlar xəstədirlər. Yəni bunun başqa adını tapa bilmirəm. Elədiklərini dərk etmirlər. Bir ağaca əski parçası bağlamaqla, bir məzar daşına inanıb, başını daşa sürtüb, onun enerjisi ilə şəfa tapacağına inanmağın heç bir normal izahı ola bilməz. Bu insanlar Allaha şəkk gətirir. Bununla arzularına çatacaqlarına inanırlar. Bu, sadəcə, xurafatdır”.

Oxu: Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - REPORTAJ
F.Mustafanın sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlər görülsə də, görünən odur ki, aparılan təbliğatlar kifayət deyil:

“Cəhalət elementləri bölgələrdə daha çox müşahidə edilir. Bu, İslam dini deyil, sadəcə, insanların cahillikdən doğan fikirləridir. İslamın mahiyyəti ilə onların inanclarının mahiyyəti tamamilə ayrıdır. Bu məsələ uzun illərdən doğan inanclar əsasındadır. Bunun qarşısını hər hansı qanunvericiliklə almaq mümkün deyil.

Ümumiyyətlə, bu, heç dinlə bağlı məqam deyil. Deyərdim ki, bu insanların inancları ilə İslam dini arasında çox cüzi, yalnız ibadət formaları bənzərlik təşkil edir. Bu, öz növbəsində, cəmiyyətdə təhsilin, mədəniyyətin inkişafına mane olan amillərdən biridir”.

Deputat Ramazan ayında sahur və iftar ərəfəsində televiziyalarda heç bir səviyyəli verilişin yayımlanmadığına diqqət çəkib:

“Bu fürsətdən yararlanıb cahillik, xurafat haqqında danışıqlar aparıb, insanları bu əsassız inanclardan yayındıra bilərdilər.

Ona görə də insanları qınamaq olmur. Savadsız ,oxumayan insanları başa düşmək olur, lakin oxuyan, ali savadlı insanlar da var ki, bu cahilliyə dəstək verirlər. Təəssüf ki, qanun yox, maariflənmə işləri artırılmalıdır”.

Xatırladaq ki, bir müddət əvvəl Goranboyda “Qaloş piri”ndə insanların başlarına bir əşya çəkərək şəfa diləməsi geniş müzakirələrə səbəb olmuşdu. Oxu.Az-ın əməkdaşlarının tapdığı “Dəli piri” isə müzakirələri alovlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...