Trampın bir tviti nefti ucuzlaşdırdı: “Neft bumu” bir daha qayıtmayacaq

Trampın bir tviti nefti ucuzlaşdırdı:

ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına sentyabrdan etibarən idxal olunan yeni verginin tətbiq edilə biləcəyi ilə bağlı açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir.

Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov səsləndirib.

Onun sözlərinə görə, ABŞ prezidentinin bir tviti neftin qiymətini bir gündə 6 faiz ucuzlaşdırıb:

“Doğrudur, bu gün birjalarda neftin qiyməti müəyyən qədər stabilləşib. Amma yenə də Brent markalı neftin bir bareli 62 dollardan aşağı təklif olunur. Bununla belə, qlobal iqtisadi azalma və ticarət müharibələri fonunda neftin qiymətində yeni azalmalar ehtimalı kifayət qədər yüksəkdir.

Son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması prioritet olmalıdır. Bu, həmçinin “neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir”.

Ekspertin firkincə, Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır.

“Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların təsirləri”ndən sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”, - o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...