ABŞ büdcə kəsiri tarixinin zirvə nöqtəsinə çatdı - Trampın yeni (anti)rekordu

ABŞ büdcə kəsiri tarixinin zirvə nöqtəsinə çatdı -

ABŞ büdcəsi özünün növbəti anti-rekordunu təzələyib. Büdcə kəsiri bu ilin ilk 10 ayında keçən ilki göstəriciləri neqativ mənada üstələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hazırkı aya qədər mədaxil və məxaric arasındakı fərq 886 milyard dollara çatıb. Özü də keçən ilin bu ayına qədər olan kəsir göstəricisi 684 milyard, bütün il ərzində isə 779 milyard dollar olmuşdu.

Artıq cari ilin sonuna qədər ABŞ büdcəsindəki kəsirin 1 trilyon dolları aşacağı gözlənilir.

Ekspertlər əsas səbəblərdən biri kimi amerikalıların həddən artıq xərcləməsini göstəririlər. Son on ayda büdcə məxarici daha 227 milyard dollar yüksəlib, gəlirdə cəmi 84 milyard dollar artım müşhidə edilib.

Bundan başqa, büdcənin gəlirlərinin azalmasına az gəlirli iş yerlərində əsasən xaricdən gələnlərin çalışması ciddi təsir göstərir. Hazırda ölkədə 13 milyon (qeyri-rəsmi rəqəmlərə görə isə 40 milyon) qeyri-leqal miqrant yaşayır. Həmçinin sosail ödəmələrin 78%-i ev təsərrüfatlarına gedir ki, burada maaş olaraq gəlir sahibləri heç də ABŞ vətəndaşları sayılmır.

Büdcədəki dərin boşluqda Donald Trampın da rolu az deyil. Hələ 2017-ci ildə o, 1,5 trilyon dollarlıq vergi endiriminə gedəcəyini bəyan etmişdi. Lakin əsasən varlıların işinə gələn bu “islahat” ölkə xəzinəsini doldurmaq əvəzinə, onu daha da boşaldıb.

D. Trampın vergi islahatları nəticəsində hüquqi şəxslər üzərindəki vergi dərəcəsi 35%-dən 21%-ə, xaricdə fəaliyyət göstərən hüquqi şəxslərin ölkəyə gətirdikləri puldan alınan vergilər 15,5%-ə qədər endirilib.

Demokratlar isə onu bu iqtisadi siyasətini “əsl qarət” adlandırır.

Üstəlik, Tramp dövründə ölkənin müdafiə xərcləri də qat-qat artıb. Müqayisə üçün Pentaqona ayrılan vəsait 16 milyard dollar yüksələrək 716 milyard dollar təşkil edib.

Hazırkı administrasiya dövründə ABŞ-ın dövlət borcu 22 trilyon dollar səviyyəsini də aşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...