Soros kimi fondların öz maraqları var, millət olaraq o cür tələlərə düşməməliyik” - RƏYLƏR

Soros kimi fondların öz maraqları var, millət olaraq o cür tələlərə düşməməliyik” -


“Soros Fondu Azərbaycan da daxil olmaqla bir çox post-sovet ölkələrində fəaliyyət göstərirdi. Müəyyən zaman keçdikdən sonra Soros Fondunun müəllifliyi, bilavasitə maliyyələsi ilə bəzi ölkələrdə inqilablar başladı. Onlar ictimai-siyasi aktiv insanları şirnikləndirdilər, maddi vəsaitlə təmin edərək, ayrı-ayrı proqramlara cəlb etdilər. Belə yolla həmin insanlar ölkələrinin siyasi hakimiyyətlərinə, konstitusion quruluşlarına qarşı çıxmağa təhrik edildilər. Bu da təbii ki, bəzi xalqlara faciə gətirdi”.

BAKU.NEWS xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, bu fond demokratiya adı altında insanları itaətsizliyə səsləyir: “Hər bir xalqın özünün milli-mənəvi dəyərləri var, belə fondlar həmin dəyərləri zədələyir. Şərqi Avropa ölkələrində Soros Fondunun niyyətini başa düşüblər və onların fəaliyyətinə qadağa qoyublar. Hesab edirəm ki, Azərbaycanda belə fondların fəaliyyətinə razılıq verilməməlidir. Onların aldatığı, ələ aldığı gənclərlə iş aparılmalıdır”.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

"Siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın əsas vəzifəsi ölkənin ərazi bütövlüyünü, ictimai-siyasi sabitliyini qorumaq olmalıdır".

Deputat qeyd edib ki, siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın əsas vəzifəsi ölkənin ərazi bütövlüyünü, ictimai-siyasi sabitliyini qorumaq olmalıdır: “Yəni, ümümmilli maraqlar hər şeydən üstün olmalıdır. Böyük dövlətlər bir növ Soros Fondunun müdafiəçisinə çevriliblər. Həmin dövlətlərin Soros Fondunu müdafiə edən bəyanatlarına fikir vermək lazım deyil. Biz milli təhlükəsizliyimizi qorumalıyıq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik qorunub saxlanılır. Bir sözlə, təhlükəsizliyimiz əmin əllərdədir”.

AĞ Partiyanın sədri Tural Abbaslı da Soros Fondunun fəaliyyətini tənqid edib.

Partiya sədri deyib ki, Soros və bu kimi digər fondlar bəzi güc dairələrinin, xüsusilə də Amerikanın maraqlarını kiçik dövlətlərə qəbul etdirilməsini həyata keçirir: “Fondlar vasitəsilə həmin ölkələrdə etiraz aksiyaları təşkil olunur, dirəniş göstərilir. Soros Fondu regionumuzda 2005-ci ildən sonra aktivləşdi. Fondun dəstəyilə Gürcüstanda, Ukraynada narıncı inqilablar təşkil edildi, Azərbaycanda buna cəhd olundu. Həmişəki kimi Azərbaycan müxalifətini aldatdılar. Soros Fondu dövlətləri özlərinin güc mərkəzlərinə bağlamaq üçün iş aparır. Fond ayrı-ayrı ölkələrdə siyasətçilərin savadsızlığından istifadə edərək öz məqsədlərinə nail olur. Təsadüfi deyil ki, bəzi Avropa dövlətlərində Soros Fondunun fəaliyyəti qadağan edilib. Onlarla əməkdaşlıq edənlər böyük bir xəyanətin içərisində olduqlarını bilmirlər. Çünki utopik dəyərlərlə beyinləri yuyulur. Türkiyədə də Soros Fondunun hansı əməlləri törətdiyini hər kəs bilir. Türkiyədə “Gezi Parkı” olayları, “dirəniş”ləri qeyd edə bilərəm.

Bu kimi fondlar çalışır ki, dövlət öz milli maraqlarına deyil, böyük güc dövlətlərinə, mərkəzlərinə xidmət etsinlər”.

T.Abbaslı hesab edir ki, belə fondların Azərbaycanda fəaliyyətini məqsədəuyğun deyil: “Düşünmürəm ki, belə fondlar Azərbaycan kimi dövlətlərə demokratik dəyərlər gətirəcəklər. “Britaniyanın daimi dostları yoxdur, daimi maraqları var” ifadəsi burada yerinə düşər. Fondların da iqtisadi və siyasi maraqları var. Ona görə də istəmirəm ki, belə fondlar siyasi arenada söz sahibi, güc olsunlar. Azərbaycanda istər iqtidar, istərsə də müxalifət milli olmalıdır. Yəni, problemləri öz aramızda dialoqla həll etməliyik. Aksiya keçirsək də, özümüz etməliyik... Daha kiminsə diqtəsi ilə deyil. AĞ Partiya olaraq, Soros tipli fondların ölkədə fəaliyyətinə isti yanaşmırıq. İndiyədək onların ayırdığı qrantdan, maliyyə vəsaitindən yararlanmamışam, belə bir niyyətim də yoxdur. Atalar sözüdür: Havayı pendir siçan tələsində olar. Millət olaraq o cür tələlərə düşməməliyik. Zamanında kifayət qədər düşmüşük...”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...