Namizədlərin qeydiyyatı nə vaxt başlayır? - Seçki

Namizədlərin qeydiyyatı nə vaxt başlayır? -

Prezidentin növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi sərəncama uyğun olaraq, Mərkəzi Seçki Komissiyası toplanmalı və qərar verməlidir. Bu qərar qüvvəyə mindikdən, yəni qərar dərc olunduqdan sonra artıq namizədlərin irəli sürülməsi prosesi başlaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Akif Qurbanov Prezidentin sərəncamı ilə növbədənkənar parlament seçkilərinin 2020-ci ilin fevralın 9-na təyin edilməsi ilə bağlı danışarkən deyibş O bildirib ki, namizədlər fərdi qaydada, təşəbbüs qrupu tərəfindən, ayrı-ayrı siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilər:

“Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi seçkilərlə bağlı MSK qərarının dərcindən sonra başlayır. MSK seçki prosesinə uyğun olaraq, təqvim planı hazırlamalı, planda bütün proseslərin ardıcıllığı göstərilməlidir. 5 gün ərzində namizədliyini irəli sürmüş şəxsin namizədliyi təsdiq olunur. Namizədlərin irəli sürülməsi təsdiq olunduqdan sonra onlara imza vərəqləri verilir. Namizədliyin təsdiqlənməsi üçün 2000 imza toplanmalıdır. Seçkilərə 50 gün qalmış (bu il dekabrın 20-dən etibarən) artıq onlar imza vərəqlərini qaytara bilərlər. Ən son qaytarılma günü seçkilırə 30 gün qalmışdır. Bundan sonra isə 7 gün ərzində namizədlərin qeydə alınıb-alınmaması ilə bağlı MSK əsaslandırılmış qərar verməlidir. Seçkilərə 23 gün qalmış isə (17 yanvardan) namizədlərin təşviqat müddəti başlayır və seçkilərə 24 saat qalmış başa çatır. Yəni cəmi 22 gün ərzində namizədlərə təşviqat imkanı yaradılır”.

A.Qurbanov təşviqatda efir vaxtının yalnız siyasi partiyalara və partiyalar blokuna verildiyini qeyd edib:

“Pulsuz efir vaxtı yalnız 60-dan çox namizədi qeydə alınmış siyasi partiyaya və siyasi partiyalar blokuna verilir. Səsvermə gününə 24 saat qalmış təşviqat aparmaq olmaz”.

Hüquqşünas Fərhad Mehdiyev isə deputatlığa namizəd olacaq şəxslərin xüsusiyyətlərini sadalayıb:

“Namizədliyini irəli sürən şəxsin ağır cinayətlərdən dolayı məhkumluğu və ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır. Yaş həddi artıq yoxdur. Yəni seçici olmaq hüququna malik olan şəxslər namizədliyini verə bilər. Ali təhsil və ailəli olmaq şərt deyil. Dini qulluqçular millət vəkili ola bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...