Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI

Seçkiyə qatılacaq partiya sədrləri: -

Növbədənkənar parlament seçkilərinin vaxtı bəlli olduqdan sonra siyasi partiyalar mövqeylərini qətiləşdirməyə başlayıb.

Milli Məclisə növbədənkənar seçki 2020-ci ilin 9 fevralına təyin olunub. Seçkilərə qatılacaq partiya sədrləri də müəyyən qədər bəllidir.

Cebhe.info xəbər verir ki, seçkilərdə namizəd olacağını açıqlayan partiya sədrlərindən birincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevdir. R.Nurullayev seçkilərdə iştirak edəcəyini hələ seçkilərin dəqiq vaxtı bəlli olmadan elan edib.

AXCP sədri 2016-ci il prezident seçkisində də namizəd olub.

Ümid Partiyasının sədri İqbal Ağazadə də namizəd olacaq. “Ümid” seçkilərdə iştirakla bağlı yekun qərar verib və açıqlamaya görə, 70-dən çox namizədlə qatılacaq.

ReAL seçkinin tərəfdarları kimi daha əvvəldən mövqe ortaya qoyub. Ancaq sədr İlqar Məmmədovun seçkiyə namizəd kimi qatılmayacağı deyilir, çünki məhkumluğu var.

AĞ Partiya sədri Tural Abbaslının da seçkidə iştirak edəcəyi bəllidir. Tural Abbaslı 2015-ci ildə keçirilən parlament seçkilərində də namizəd kimi iştirak edib.

Müsavat Partiyası da artıq seçki qərarını verib. Lakin hələlik Arif Hacılı şəxsən namizəd olub-olmayacağını açıqlamayıb. Müsavatın sabiq başqanı İsa Qəmbər isə seçkilərdə iştirakın tərəfdarı olduğunu daha əvvəldən bildirib.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də seçkilərə qatılacaq. Ə.Əliyev seçkilərə hələ elan olunmamışdan qabaq hazırlaşan və daim açıqlamalarında növbədənkənar parlament seçkilərin keçiriləcəyini deyən siyasətçilərdəndir.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da parlament seçkilərində namizəd kimi iştirak edəcək. VHP sədri bununla bağlı özü açıqlama verib. Qeyd edək ki, Sabir Rüstəmxanlı 2015-ci ildə keçirilən seçkilərdə namizəd olmamışdı.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu özü ilə bağlı yekun qərar verməsə də, seçkilərdə iştirakın tərəfdarıdır. Bugünlərdə S.Cəlaloğlunun da seçkilərdə iştirakını rəsmən elan edəcəyi gözlənilir. ADP sədri 2016-cı prezident seçkilərində namizəd olub.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) da seçkilərdə iştirak edəcəyi qətidir. AMİP Siyasi Şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında seçkidə iştirak edəcəyini açıqlayıb.

Parlament partiyaları olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın da namizəd olacağı bəllidir.

Qeyd edək ki, 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb. Seçki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, birmandatlı seçki dairələri üzrə namizədlər bu seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra irəli sürülür. Sərəncam isə 6 dekabrda dərc olunub. Deputatlığa iddiaçılar imza vərəqələrini götürmək üçün sənədlərini təqdim edə bilərlər. Namizədliyin qeydə alınması üçün ən azı 450 seçici imzası toplanmalıdır. Mərkəzi Seçki Komissiyası isə “Azərbaycan Respublikasında 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edib. Təqvim Planına görə, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...