Antibiotiklərlə bağlı tədbir və sorğular keçirilir - Dövrün yeni bəlası

Antibiotiklərlə bağlı tədbir və sorğular keçirilir -


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə əhali arasında antibiotiklərlə bağlı maarifləndirici tədbirlər keçirir. Mərkəzin mütəxəssisləri şəhərin mərkəzi küçələrində, avtobus dayanacaqlarında antibiotiklərdən düzgün istifadə etməklə dərmanların effektivliyinin qorunub saxlanması, o cümlədən dərmanların qəbulunun yalnız ixtisaslaşmış həkimlər tərəfindən təyin edilməsinin vacibliyindən danışıblar.

Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Bildirilib ki, hər il dünyada təxminən 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriyaya yoluxaraq ölür. Hazırda antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biri hesab edilir. Əhalinin diqqətini bu problemə cəlb etmək məqsədilə avtobusların üzərinə maarifləndirici lövhələr (billboardlar) quraşdırılıb. Metroda vaqonların üzərinə də belə lövhələrin yerləşdirilməsi planlaşdırılır.

Həmçinin Bakı və Sumqayıtda antibiotiklərlə bağlı sorğular keçirilir. Artıq sorğuda 2 min nəfər iştirak edib. Məqsəd əhalinin antibiotiklərlə bağlı məlumatlılıq səviyyəsini öyrənməkdir. Sorğudan məlum olub ki, iştirakçıların 50.2 faizi son 1 ildə antibiotik qəbul edib. Respondentlərin 23.6 faizi həkim təyinatı olmadan, 30,75 faizi isə oxşar xəstəliklərdə istifadə etdikləri dərmanları yaxın insanların məsləhəti ilə qəbul etdiklərini bildiriblər. 26.9 faiz respondent hesab edir ki, antibiotiklə müalicə nəticəsində yaxşılaşdıqdan sonra növbəti dəfə xəstələndikdə, həkimlə məsləhətləşmədən eyni antibiotiki özbaşına qəbul etmək düzgündür.

Sorğunun nəticələri göstərib ki, antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmasına ehtiyac var. İnsanların həkim təyinatı olmadan antibiotiklərdən istifadə etməsi bakteriyaların antibiotiklərə davamlılığını artırır və bu da öz növbəsində insanın uzun müddət xəstəxanada qalmasına, tibbi xidmət xərclərinin yüksəlməsinə, əlilliyin və ölüm hallarının baş verməsinə səbəb ola bilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...