Apellyasiyada abituriyentlərin haqlı çıxma halları artıb - Yeni imtahan modelində hansı problemlər var?

Apellyasiyada abituriyentlərin haqlı çıxma halları artıb -

“Yeni imtahan modeli,islahatlar, nəticələr və gözləntilər” mövzusunda konfrans keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkil etdiyi tədbirdə mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ekspertlər, təhsil işçiləri və başqaları iştirak ediblər.

“Yeni Sabah” bildirir ki, “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında analitik hesabatdakı məqamlarla bağlı geniş məlumat verilib.

Hesabatda bildirilib ki, STM 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götrülməklə 10 şəhər və rayonu əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib.

Sorğunun nəticələrinin təhlili göstərib ki, müasir təhsil texnologiyasına uyğun modelin tətbiqi barədə geniş maarifləndirmə işi həyata keçirilsə də, onun mənimsənilmə arealından bəzi abituriyentlər kənarda qalıb. Çünki kurikulumları mənimsəmə problemi meydana çıxıb.

Ümumi fikrə görə, bu modelin tətbiqi orta və ali təhsil səviyyələri arasındakı bağları gücləndirir.

Respondentlərin 45%-i yeni modeli faydalı hesab etməsə də, ekspertlər bildirib ki, yeni qəbul üsulu axtarışlara və islahatlara zəmin yaradaraq keyfiyyətə xidmət edir. Yeni qəbul modelinin məzmununa diqqət yetirərkən məlum olub ki, kurikulumla tətbiq edilən modelin proqramları arasında müəyyən problemlər mövcuddur. Hesabatda ictimaiyyətin test üsuluna birmənalı olmayan münasibəti də geniş tədqiq edilib.
Apellyasiyada abituriyentlərin haqlı çıxma halları artıb -

Ən vacib detallardan biri isə təhsildə repetitorun rolu ilə bağlıdır. Məlum olub ki, sorğuda iştirak edən abituriyentlərin 86%-i repetitor yanında, 8%-i məktəbdə, 6%-i isə özü hazırlaşıb. Fikri soruşulan abituriyentlərin 60%-i qəbul imtahanlarının, 30%-i isə buraxılış imtahanlarının çətin olduğunu deyib. Onların 54%-i açıqtipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkiblər. Əsas narahatlıq doğuran məqamlardan biri kimi isə yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemləri, xarici dillər üzrə dinləmə qurğularının tətbiqindəki çatışmazlıqları bildiriblər.

Hesabatda bildirilib ki, 50% respondentə görə imtahanda iştirakla bağlı ödənişin məbləği bahadır. Sorğunun nəticələri və müşahidələri də göstərib ki, abituriyentlərin imtahana mənəvi – psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45%) və müəllimlərin (33%) rolu var.

Ümumi fikrə görə, orta məktəblərin tədris proqramlarında, kurikulumların mahiyyətinin mənimsənilməsində, dərsliklərin yazılmasında ciddi problemlər mövcuddur.

Bildirilib ki, buraxılış və ali məktəblərə qəbul imtahanlarında bu il tətbiq edilən yeni model ilə bağlı keçirilən sosioloji sorğunun nəticələri bir daha sübut edir ki, hər bir yenilik cəmiyyət tərəfindən, adətən, birmənalı qarşılanmır və istər-istəməz müəyyən problemlərin ortalığa çıxması ilə müşayiət olunur. Yeni tədris proqramının səmərəli və effektli olması üçün müəllimlərlə işləmək, onlara treninq və təlimlər keçmək lazımdır. Aparılacaq tədqiqatlar və monitorinqlər nəticəsində proqramın harada və niyə səmərə vermədiyini müəyyənləşdirmək lazımdır.

Bu il Apellyasiya Komissiyasına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə çoxdur. Üstəlik, Apellyasiyada abituriyentlərin haqlı çıxma halları da bu il daha çox müşahidə olunub. Xüsusilə açıq tipli tapşırıqların bəzilərinin DİM-in markerləri tərəfindən qiymətləndirilməsindən sonra ortaya çıxan bəzi xətalar imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inamı istər-istəməz azaldır.

Respondentlərin 22%-i (98 nəfər) bu fikirdədir ki, buraxılış və qəbul imtahanlarının yeni modeli təkmilləşdirilməlidir.

53,5% (242 nəfər) respondent imtahanların əvvəlki model üzrə keçirilməsinin, 4,5%-i (19 nəfər) test üsulu ilə qəbulun ləğv olunmasının, 8%-i (38 nəfər) imtahanların bir dəfə keçirilməsinin tərəfdarı kimi çıxış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...