Erməni məkri: Bakı-Tiflis dostluğunu pozmaq planı

Erməni məkri:
Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan iddia edir ki, Bakının Gürcüstan ərazisindən Ermənistana daxil olan qaz kəmərinə nəzarət barədə verdiyi məlumatlar həqiqətə uyğun deyil. O, Azərbaycanın Gürcüstan sərhədindəki fəaliyyətinin Ermənistanı narahat etmədiyini, yeni dayaq məntəqəsinin olmadığını və Ermənistan tərəfinin əməllərinə cavab olaraq köhnə məntəqəsini möhkəmləndirdiyini bildirir.

“Düşmən müəyyən sahədə Gürcüstanın sərhədini keçib, bu isə rəsmi Tiflisin problemidir”, - deyə Davtyan mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə birlikdə Naxçıvan istiqamətində güclənmək üçün çox işlər görür, lakin buna cavab olaraq Ermənistan guya çox səmərəli müqavimət göstərir.

A.Davtyan əslində erməni quldurlarının dəfələrlə Gürcüstanın tarixi sərhədlərini pozaraq ərazilərini işğal etdiyi halda Azərbaycanı təcavüzkar bir ölkə kimi qələmə verməyə çalışır. Xatırlatmaq istəyirik ki, hələ 1918-ci ildə erməni daşnak orduları Gürcüstan sərhədini keçərək, Borçalının cənub hissəsi olan Loru bölgəsini tutmaq məqsədilə “Dro” ləqəbli Drastamat Kanayanın başçılığı ilə əməliyyata başlamışlar. 1918-ci il dekabrın 6-da isə erməni quldurları Axalkələk qəzasının sərhədlərini pozaraq, rusların yaşadığı Troeskoe, Ekremovka, Qorelovka və Boqdanovka kəndlərini zəbt ediblər. 1919-cu il yanvarın 9-dan 17-dək davam edən sülh konfrasında Loru rayonunun Gürcüstan və Ermənistan arasında neytral ərazi elan olunmasına baxmayaraq, 1921-ci ildə Lorunun Ermənistana verilməsi haqqında qərar qəbul olundu. Beləliklə də 3810 kvadrat kilometrlik bir ərazi Ermənistana verilmiş oldu ki, bu da faktiki olaraq Lorunun işğalı demək idi.

Qeyd etmək lazımdır ki, Bakı-Tiflis-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri biri Azərbaycanda, üçü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir. Bu layihə isə özlüyündə ölkələrarası dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir.

Artak Davtyanı və bütün erməniləri sarsıdan digər bir hadisə isə Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimlərinin həyata keçirilməsidir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Bu isə Azərbaycanın Ermənistana nisbətən torpaqlarımızı hər an işğaldan azad etməyə qadir olan daha güclü orduya sahib olduğunu bir daha isbat edir.

Azərbaycanla Gürcüstan arasında hər zaman dostluq münasibətləri mövcud olub. Ermənistanın müxtəlif qarayaxma kampaniyaları vasitəsilə Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərini pozmaq cəhdi isə uğursuzdur.

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...