Moskva-Ankara gərginliyi Azərbaycanın maraqlarına uyğun deyil - TƏHLİL

  Moskva-Ankara gərginliyi Azərbaycanın maraqlarına uyğun deyil -
İdlib ətrafında türk hərbçilərinin itki verəcəyi gözlənilən idi. Çünki, Suriya rejimi Rusiya aviasiyasının köməyi ilə İdlib və ətrafını bombalayır. İdlibin ətrafında isə Türkiyə ordusunun bir neçə müşahidə məntəqəsi var. Ankara vaxtilə İdlib ətrafında həmin məntəqələrdə hərbçilərini ona görə yerləşdirib ki, Bəşər Əsəd şəhərə hücuma risk etməsin, mülki əhali tələf olmasın. Ancaq Suriya rejimi bu riski heçə sayaraq Moskvanın xeyir-duası ilə hücuma keçdi və Türkiyə ordusu 6 şəhid verdi.

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın sözlərinə görə, Türkiyə ordusu dərhal cavab əməliyyatı həyata keçirib, Suriya ordusunun 40 hədəfinə zərbə vurub. Ərdoğanın sözlərinə görə, rejimin itkilər var. Ancaq ən maraqlısı budur ki, Rusiyanın Suriyadakı komandanlığı Türkiyənin Suriya ordusuna qarşı zərbələr endirmədiyini və Suriya ordusunun itki vermədiyini iddia edir. Beləliklə, bir-birinə zidd iki açıqlama.

Fikrimcə, Rusiya olayı gizlətməyə çalışır. Türkiyə tarixən verdiyi hər şəhidinin qarşlığını artıqlaması ilə alıb və alacaq. Bu dəfə də belə olub. Sadəcə, Moskva Türkiyə ilə qarşıdurma istəmir. Türkiyə-Suriya müharibəsi Kremlin maraqlarına cavab vermir.

Buna baxmayaraq, Moskvanın Əsədi İdlibə hücuma cəsarətləndirməsi Rusiyanın səhvi idi. Türkiyə Rusiya ilə birgə Suriyada birgə hərbi patrul xidmətinə son verib. Rusiyanın siyasəti ona gətirib çıxaracaq ki, Ankara Türkiyə ordusunun İdlibə daxil olması haqqında ciddi düşünəcək. Bu isə bölgədə böyük savaş riskini artıracaq.

Bu vəziyyət nə Rusiyanın, nə də Türkiyənin maraqlarına uyğundur. Bu vəziyyətdən ən çox sevinən Amerika Birləşmiş Ştatları olacaq ki, bölgədəki rəqibləri üz-üzə qalıblar. Seçim Rusiyanındır. Əgər Kreml Amerikanı sevindirmək istəmirsə, İdlibə hücum əməliyyatına son qoymalı, yenidən Türkiyə ilə əməkdaşlıq formatına qayıtmalı və verdiyi vədləri yerinə yetirməlidir.

Bu arada, Rəcəb Təyyib Ərdoğanın Ukraynaya səfəri başlayıb. Ərdoğan Kiyevdə açıq şəkildə deyib ki, Krımın ilhaqını qəbul etmir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə-Rusiya gərginliyi Azərbaycanın maraqlarına da uyğun deyil. Ancaq Rusiyanın bölgədəki oyunlarını və verdiyi vədləri yerinə yetirmədiyini diqqətlə izləməliyik.
Müəllif: Elxan Şahinoğlu, politoloq //ayna.az//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...