Buraxılan seçki komissiyalarına hansı cəza veriləcək? - “Nə gözləyirdiniz ki?” - MSK KATİBİ

Buraxılan seçki komissiyalarına hansı cəza veriləcək? -

Mərkəzi Seçki Komissiyası artıq seçkilərə yekun vurdu. Fevralın 9-da keçirilən Milli Məclisə keçirilən seçkilərlə bağlı bütün müraciətlər araşdırılıb.

MSK sədri Məzahir Pənahovun sözlərinə görə, 96 faiz seçki məntəqəsində səsvermənin gedişinə kölgə salacaq hal baş verməyib və bu, yüksək göstəricidir. M.Pənahov qeyd edib ki, bir sıra seçki məntəqələrində nöqsanlar olub, bütün müraciətlər araşdırılıb və ədalətli qərarlar qəbul olunub.

Qeyd edək ki, seçkilər zamanı pozuntulara yol verdiklərinə görə 4 seçki dairəsində - 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran Kənd Seçki Dairəsi (lider namizəd Hadı Rəcəbli), 35 saylı Xətai Üçüncü Seçki Dairəsi (lider namizəd Rauf Arifoğlu), 33 saylı Xətai Birinci Seçki Dairəsi (lider namizəd Hüseynbala Mirələmov) nəticələr ləğv edilib.

Ümumilikdə isə 87 məntəqə seçki komissiyası buraxılıb.

Maraqlıdır, seçkilər zamanı pozuntulara yol vermiş nöqsanlı komissiyalarla bağlı başqa cəzalar olacaqmı?

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında seçki pozuntularına yol vermiş dairə və məntəqə komissiyalarının fəaliyyətinə qanunvericiliyin tələbinə uyğun qiymət verildiyini bildirib:

“Mərkəzi Seçki Komissiyasının verdiyi bütün seçkilərin yekunları ilə bağlıdır və qanunvericiliyin tələbinə uyğundur. Digər məsələlərlə bağlı əlbəttə ki, uyğun təşkilatlar da öz qiymətlərini verəcəklər. Gələcəkdə o komissiyaların formalaşmasında daha diqqətli olmalıyıq ki, yeni komissiyalar öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etsinlər. Mərkəzi Seçki Komissiyası onların cəzasını verib, ondan artıq nə cəza verməli idi? Komissiyalar buraxıldı... Nə gözləyirdiniz ki? O komissiyalar barədə Baş Prokurorluğa müraciət etmək üçün əsaslar görmürük. Komissiyalar Seçki Məcəlləsində üzərlərinə düşən vəzifələri düz icra etməyiblər. Onların günahı ucbatından seçicilərimizin iradəsinin necə ifadə edilməsini müəyyən edə bilməmişik. O baxımdan, həmin komissiyaların fəaliyyətindən narazıyıq və onları da buraxdıq. Əgər digər hallar varsa, bununla bağlı məsələni maraqlı tərəflər və müvafiq dövlət orqanları mübahisələndirə bilərlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...