Buzovnada ürəkləri dağlayan mənzərə - Bir günlük körpələrin dəfn olunduğu yer

Buzovnada ürəkləri dağlayan mənzərə -

Buzovnada "Xrustalnı" deyilən ərazidə bir qəbiristanlıq var. Oradakı kimsəsizlərin və körpə uşaqların məzarları ürək dağlayan mənzərə yaradır. Kimsəsizlər, atılmışlar, tərk edilmişlər, bəzən isə varlığına doyulmayan insanlar burada dəfn edilir.

Deyirlər ki, çox zaman burada qocalar evinin sakinləri dəfn edilir. Bura onların torpağa qarışdığı, əbədiyyətə qovuşduğu yerdir. Kimsəsizlər qəbiristanlığı...

Yenisabah.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Buzovnada "Xrustalnı" deyilən ərazidə bir qəbiristanlıq var. Əslində bura ümumi qəbiristanlıq olsa da, bir kənarında kimsəsizlər dəfn edildiyi üçün, hamı buranı "kimsəsizlər qəbiristanlığı" kimi tanıyır.

Kimsəsizlərin daha çox dəfn edildiyi ərazidə 200-ə yaxın məzar var. Onların yarıdan çoxu körpələrin məzarıdır. Bura 1 günlük, 5 günlük, 5 yaşlı uşaqlar dəfn edilib.

Qəbiristanlıqda çalışan Məşədi İmran Əliyev deyir ki, kimsəsizlər dövlət, məscid və ya pirlər tərəfindən dəfn edilir: " Kimsəsizlər dünyasını dəyişdiyi zaman bir müddət morqda saxlanılır. Bu müddət ərzində onların yaxınlarının axtarılması üçün elan verilir. Həmin müddət bir ay da ola bilər. Şəxsin yaxınları tapılmadığı təqdirdə, onu gətirib burada dəfn edirlər. Əvvəllər məzarların üstünə nömrə vurulurdu. Sonra ona da ehtiyac qalmadı".

Nəzarətçi qeyd edir ki, əsasən qocalar evinin sakinləri burada dəfn edilir. Burada azyaşlı körpələrin də məzarı var. Əliyevin sözlərinə görə, onları ziyarət edənlər daha çox olur.

Bir körpənin məzarı başında dayanmış qadın övladını 20 il əvvəl itirdiyini deyir. Danışır ki, uşaq doğulandan bir gün sonra vəfat edib: "Həkimlər uşağın dərdini bilmədi. Bir gün yaşadı. İlk övladım olduğu üçün onu heç vaxt unuda bilmirəm. Bəzən mənə elə gəlir ki, bütün gəncliyimi onunla itirmişəm".

Kimsəsizlər qəbiristanlığında bir neçə məzar istisna olmaqla, digərlərinin üzərində heç nə yazılmayıb. Çoxunun heç məzar daşı belə yoxdur. İnsanlar dəfn edilib, baş və ayaq tərəfinə bir daş qoyulub. Zaman keçdikcə, daşlar əyilib və məzarlar bir-birinə qarışıb.

Nə qədər acınacaqlı olsa da, "Kimsəsizlər qəbiristanlığı" adlanan ərazi baxımsızlıqdan xarabalığa çevrilib. Bir tərəfdə qalaqlanmış zibillər, digər tərəfdə itib-batmış daşlar qəbiristanlığın nəzarətdən kənarda qaldığını sübut edir. Burada ayağını qoyduğun hər yer məzardır.

Sözügedən qəbiristanlığa baxanda bir daha hiss olunur ki, həyatda olduğu kimi öləndən sonra da insanlara fərq qoyulur. Kiminin şəkilləri baş daşlarından boylanır, kiminin isə nəinki şəkli, heç baş daşı belə yoxdur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...