Karantinə görə saxlananların fotoları ilə bağlı DİN-dən açıqlama

Karantinə görə saxlananların fotoları ilə bağlı
Məlumdur ki, sərt karantin rejimi elan edilmiş şəhər və rayonlarda polis əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Reydlər zamanı karantin tələblərini pozmuş şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur. Qaydanı pozanların fotoları isə Daxili İşlər Nazirliyi tərəfindən ictimailəşdirilir, sonradan ayrı-ayrı media orqanlarının daxili etik kodeksi əsasında üzlər ya gizlədilir, ya da elə açıq şəkildə yayımlanır.

Həmin şəkillərdə o şəxslərin üzünün belə açıq verilməsi isə bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə olunur. Qeyd edilir ki, inzibati məsuliyyətə cəlb edilmiş şəxsin fotosu və videosu öz icazəsi olmadan yayıla bilməz.

“Qafqazinfo” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları Kütləvi İnformasiya Vasitələrində yayımlana bilməz.

Burada həmin şəxslərin icazəsini alınıb-alınmaması məsələsi də sual doğurur. Maraqlıdır ki, hətta bir neçə şəxs sosial şəbəkədə və saytlarda fotoları yayımlanandan sonra etiraz edərək onların silinməsini tələb ediblər. Bu fotoların DİN tərəfindən yayılmasından xəbərdar olmadıqlarını vurğulayıblar.

Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdan münasibət öyrəndik. E. Zahidov saytımıza bildirib ki, çəkilən fotolar və videolar zamanı saxlanılan şəxslərin heç biri buna etiraz etməyib: “Əksinə, onlar törətdikləri inzibati xətadan peşman olduqlarını səmimi şəkildə etiraf edirlər. Çəkilişin aparıldığını həmin şəxslər də görür. Bu məsələnin həm də maarifləndirmək baxımından əhəmiyyəti var. Heç kəsin şəkli məcburi qaydada və gizli çəkilmir”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...