“2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq”

“2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq”
"Hesab edirəm ki, bu, rəmzi məna daşıyır. Çünki bildiyiniz kimi, Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalamışdır. Ancaq heç də onların hamısı səmərə verməmişdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidlərimizi doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik".

Gundeminfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra AzTV-yə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi:

"Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.

Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...