Qəhrəman zabitimizin son sözü: “Ana, oğlunun şəhid olmasını istəyirsən?” - Fotolar

Qəhrəman zabitimizin son sözü:

Vətən Müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu 300-dən artıq yaşayış məntəqəmizi işğaldan azad etdi. Silahlı Qüvvələrimizin əsgər, çavuş, gizir və zabit heyətinin şücaəti sayəsində Cəbrayıl, Füzuli, Qubalı, Zəngilan və Şuşada Azərbaycan bayrağı dalğalandırıldı. 44 gün davam edən şiddətli döyüşlərdə igidlərimiz əsl qəhrəmanlıq dastanı yaratdılar, yeni tariximizin şanlı səhifələrini yazdılar. Bu döyüşlərdə mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalanlarımız, canını Vətənin ərazi bütövlüyü uğrunda fəda edənlərimiz də oldu. Onlardan biri ehtiyatda olan leytenant Teymur Feyruz oğlu Abbasovdur. O, oktyabrın 12-nə keçən gecə Hadrutda düşmənin əks-hücumunu qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Qəhrəman zabitimizin son sözü:


AĞ Partiyanın sədri Tural Abbaslı qardaşı, şəhid zabitimiz Teymur Abbaslı ilə bağlı xatirələrini, onun döyüş yolu ilə bağlı məlumatları Yenisabah.az-a danşıb.

Qeyd edib ki, torpaqlarımızın işğal olunması hər bir Azərbaycan vətəndaşı kimi gənc zabitimizin də ürəyində bir niskil, bir yara kimi qalıb:

“Hər məqamda, “Müharibə başlasa, torpaqlarımızı alardıq. Erməni kimdir ki, bizim torpaqlarda oturur. Bu, bizim millətimizi aşağılayır”, - deyirdi. Hər dəfə Xocalı soyqırımı ilə bağlı şəkillər görəndə emosiyalarını gizlədə bilmirdi. Birinci Qarabağ Müharibəsi bizim uşaqlıq dönəmimizə təsadüf edirdi. Buna görə Teymurun qəlbində bir qisas hissi vardı və bu, təkcə son dönəmlər baş verməmişdi. Sanki ömrü boyu müharibəni gözlədi. Üzülürdü, çünki Teymurun artıq 40 yaşına çatmasına az qalmışdı və hamımız kimi müharibənin olma ehtimalından ümidini üzmüşdü”.

Qəhrəman zabitimizin son sözü:


Partiya sədri bildirib ki, qardaşı hələ ermənilərin iyul təxribatı zamanı hərbi xidmət üçün könüllü yazılıb:

“12 iyuldakı erməni təxribatından sonra evdə demədən gedib könüllü yazılmışdı və elə bil həvəslə onu çağırmalarını gözləyirdi. Amma həmin ərəfədə çağırmadıqları üçün biraz xəyal qırıqlığı yaşadı. Müharibə başlayandan bir gün sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İradəsinə zəng elədi, hətta bununla yetinməyib idarəyə getdi və onu aparmadıqları üçün irad bildirdi. O, bu dəfə müharibə yolu ilə məsələnin birdəfəlik həll olunacağına inanırdı. Teymur 2003-cü ildə əsgərlikdə olarkən Gəncədə xüsusi təyinatlıların hərbi hissəsinə yazılmışdı, xidmətini orada davam etdirdi. Əsgərliyinin sonuncu 3 ayında zabitlik kursunu bitirdi. Beləliklə də ordudan leytenant kimi tərxis olundu. Ümumiyyətlə, Teymur hərbiyə çox meyilli idi və bu Vətən uğrunda vuruşmaq istəyirdi. Qismət gəldi bu günə düşdü və 29 sentyabr tarixində hərbi xidmətə getdi”.

Qəhrəman zabitimizin son sözü:


Tural Abbaslı qeyd edib ki, şəhid zabitimiz Teymur Abbaslı hərbi xidmətə getmək üçün böyük çətinliklərlə üzləşib:

“Müharibəyədək bəzilərini hərbi toplanışa çağırdılar, amma Teymuru çağırmadılar. Sentyabrda Nəsimi Çağırış İdarəsinə onu dəvət eləyiblər və orada inadını görüb qeydə alıblar, səhəri gün xidmətə göndəriləcəyini bildiriblər. Teymur da çox böyük həvəslə işə gəlib ərizə yazıb ki, hərbi xidmətə gedir. Bundan sonra gəlib bizimlə sağollaşdı və bizə dedi ki, guya onu xidmət üçün özləri çağırıblar, axtarışdaymış, əgər getməsə, haqqında cinayət işi açacaqlarmış. Halbuki o könüllü kimi gedib yazılmışdı. İstəyirdi ki, heç kim onun üzərinə düşməsin, ondan getməməyini istəməsin. Həmin gün sağollaşandan sonra telefonu evdə qoydu, “smartphone” olmayan telefon aldı, tam hazırlaşdı. Bu zaman idarədən zəng gəldi. “Sənədləriniz bizdə olmadığı üçün sizi göndərə bilmirik”, - dedilər. Elə telefonda onlarla dalaşdı. “Mən getmək, döyüşmək istəyirəm, ailəmlə artıq sağollaşmışam”,-dedi. Bu zaman biz real vəziyyəti öyrəndik. Durub idarəyə getdi. Orada onu Yasamal Çağırış İdarəsinə yönəldiblər. Orada da sənədləri tapılmayıb. Tapanda xəbər edəcəklərini bildiriblər. Lakin Teymur razılaşmayıb, orada üç saat sənədlərin tapılmasını gözləyib. Nəhayət onun sənədlərini məxfi sənədlərin içərisindən tapıblar. Teymuru 2-3 günə dəvət edəcəklərini deyiblər. Onunla da razılaşmayıb. Hay-küy salıb ki, xidmətə göndərilməklə bağlı müvafiq sənədə möhür vursunlar. Dava-dalaşla buna da nail olub və səhəri gün saat 5-də idarəyə çağırıblar. Həmin gün səhər saat 5-dən axşam saat 10-dək idarənin içərisində gözləyib. Axşam saat 10-da digər zabitlərlə birgə xidmətə aparıblar. Təbii, biz bu proseslərin hamısını sonradan bildik. Teymur döyüşlərdə olanda biz getdik ki, idarədən arayış götürüb iş yerinə təqdim edək. Onda bizə Çağırış İdarəsinin rəisi və oranın işçiləri onu göndərmirdiklərini, özünün getməyi tələb etdiyini bildirdilər”.

Qəhrəman zabitimizin son sözü:


Həmsöhbətimiz qardaşının hərbi təlim keçdikdən sonra Füzulidə arxa cəbhəyə aparıldığı halda, ön cəbhədə vuruşmaq üçün təkid etməsindən də söz açıb:

“Onlar bir müddət H.Z.Tağıyev qəsəbəsindəki hərbi hissədə təlim keçiblər. Sonra Füzuliyə göndəriliblər. Füzulidə də arxa cəbhəyə aparıblar. Teymur leytenant idi və onu taqım komandiri təyin ediblər. Lakin o bununla razılaşmayıb, komandanlığa müraciət edərək ön cəbhədəki taborların tərkibində düşmənə qarşı vuruşmaq istədiyini bildirib. Onlara “Mən arxa cəbhədə oturmağa gəlməmişəm, döyüşməyə gəlmişəm”, - deyib. Hətta bunun üçün məsul şəxslərlə mübahisə edib, inadkarlıq göstərib, nəticədə məcbur qalıb ön cəbhəyə göndəriblər. Əsgər yoldaşlarının dediklərinə görə, onlar ön cəbhəyə gedəcəkləri xəbərini eşidəndə sevincdən qucaqlaşıb ağlayıblar. Cəbhəyə gülə-gülə gediblər”.

Qəhrəman zabitimizin son sözü:


Tural Abbaslının sözlərinə görə, şəhidimizin döyüş yolu 12-13 gün çəkib: “Sentyabrın 29-u getdi və oktyabrın 12-nə keçən gecə şəhid oldu. Hadrutda gecə hücum olub. Sonradan bizə bəzi əsgər yoldaşları, komandir dostları zəng elədi, baş verən hadisələrdən danışdı, hamısı Teymur barədə yüksək fikirlərini bildirdilər. 17 il bundan öncə silah tutmuş adam birdən-birə döyüşçülərin arasına düşsə də, heç bir qorxusu olmayıb. Özünə təhkim olunan əsgərlərin sonuna qədər qayğısına qalıb. Bunların hamısını silahdaşları deyir. Bu yaxınlarda Lənkəran hospitalından dostları zəng elədi ki, yaralıdılar, inşallah, gəlib Teymurun cəbhədəki fədakarlığı barədə danışacaqlar. Onlar Teymurun neçə əsgərini mərmi yağışı altından çıxardığını dedilər. Hadrutda olduqları ərazidə su yox imiş. Öz suyunu onlara içirdib. Döyüş zamanı qoruyucu gödəkcənin açıq olduğu hissədən güllə yarası alıb, elə Hadrutda da şəhid olub. Teymur vuruşmaq üçün getmişdi və Allah bunu ona şəhidlik mərtəbəsini nəsib elədi. Bizim hər şəhidimiz dəyərlidir. Teymur istədiyi kimi yaşayıb, işləyib, ailə həyatı qurub, istədiyi kimi də bu dünyadan getdi”.

Qəhrəman zabitimizin son sözü:


Zabitimiz hərbi xidmətə getmədən əvvəl şəhid olmaqla bağlı dəfələrlə söhbət açıb:

“O, şəhid olmaq üçün can atırdı. Teymur bizlə vidalaşandan sonra mən onu evinə apardım. Yolda aramızda unutmayacağım bir dialoq yaşandı. Mənə, “Mən namaz qılmıram, əgər mənə nə isə olsa, şəhid sayılıram? Allah günahlarımı bağışlayacaq?”, - deyə sual verdi. Anamla sağollaşanda da, “Ana, oğlunun şəhid olmasını istəyirsən?”, - deyə soruşdu. Anamda təbii, ”Hansı ana istəyər, ay oğul”, -deyərək elə söhbətlər etməməsini istədi. Adam qisas üçün can atırdı. Qarabağ onun şəxsi məsələsi idi. Sanki kimsə bunun bütün varlığını əlindən almış kimi hiss edirdi”.

Qəhrəman zabitimizin son sözü:


Tural Abbaslı özünü siyasi fəaliyyəti ilə əlaqədar qardaşının uzun müddət işsiz olmasından da bəhs edib:

“Teymur 1981-ci ildə Bakıda anadan olub. 1988-ci ildə birinci sinifə gedib. 1998-ci ildə 4 nömrəli gimnaziyanı bitirib. 1998-2002-ci ildə Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini Ərəb, fars dili və ədəbiyyatı üzrə bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. Sonra 7-8 il İran səfirliyinin Protokol şöbəsində işləyib. Ondan sonra mənim siyasi fəaliyyətimlə əlaqədar işdən çıxarılıb. Ümumiyyətlə, mənim siyasi baxışlarıma görə, həm o, həm də kiçik qardaşım Toğrul xeyli müddət işsizlikdən əziyyət çəkib. Teymur daha sonra Beynəlxalq Bankda işləməyə başladı. O, Mühafizə İdarəsinin Kameralara nəzarət şöbəsində çalışırdı. Hətta getməmişdən əvvəl onun vəzifəsinin yüksəldilməsi məsələsi müzakirə olunurdu. Rəhbəri ondan xidmətə beş-altı gün gec getməsini istəyib. “Mən istəyirəm sən saha yüksək posta qalxıb sonra gedəsən, çünki sən gələnədək həmin post boş qalmayacaq”, - deyib. Lakin Teymur hərbi xidmətə getməyi seçdi. Elə bil tələsirdi ki, birdən müharibə bitər və o, bu şərəfli prosesdən kənarda qalar. Müharibə onsuz başlayıb bitsəydi, bəlkə də Teymur ömrünün sonunadək təəssüf hissi ilə yaşayardı. Çünki Açıq şəkildə deyirdi ki, mən qeyrətsiz yaşaya bilmərəm. O, bunu qeyrət məsələsi hesab edirdi. Mən nəsə deyəndə pis olurdu. “Siz mənim getməməyimimi istəyirsiniz? Gedənlər məndən artıqdırmı?”, - deyirdi. Oğlunun 9 yaşı var, bir 9 il də keçsə, artıq 18 yaşı olacaq. Yəni Qarabağ problemi ona qalacaqdı atalarımızdan bizə qaldığı kimi... Bu gün öz həyatını riskə atmasa, sabah övladının həyatı riskdə olacaqdı. O, məsələyə məhz bu prizmadan yanaşırdı və hardasa haqlı idi”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...