Deputat bayram günü fişəng atanları qınadı: “Düzgün deyildi”

Deputat bayram günü fişəng atanları qınadı:
"Yeni il bayramını hər kəs öz ailəsi ilə bir tikə çörək yeyərək qarşıladı. Koronavirusa görə nə qonaq gedən oldu, nə qonaq qarşılayan... Lakin həmin gecə şəhidlərimizin ruhuna, qazilərimizə hörmət olaraq fişəng atılmaya bilərdi"

Bunu Azvision.az -a Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputatın sözlərinə görə, bəzi insanlar Yeni ili fişəng atmadan da keçirə bilərdilər: "Qarşıda hələ çox bayramlar, Yeni illər olacaq. Bir neçə aydan sonra Novruz bayramı olacaq. O zaman fişəng atılardı. Əslində biz ötən ili Qələbə ilə başa vurduq və 2021-ci ilə qalib xalqın nümayəndələri olaraq keçdik. Hər halda şəhidlərimiz var, çoxunun hələ 40-ı çıxmayıb, yaralı qazilərimiz var. Dövlət tərəfindən atəşfəşanlıq olmadı. İnsanlarımız da fişəng atmaya bilərdi. İndi kimsə fişəng atıbsa, onu da güllələmək olmaz".

A.Abbas qeyd edib ki, rayonlarda vətəndaşlar bayram gecəsi şəhidlərimizin məzarını ziyarət ediblər.

"2000-ci illərdə Hinaldağda 7 əsgərimiz qar altında qalıb, şaxtadan donub həlak olmuşdu. Onda bir əsər yazdım, "Qar üstündə qan çiçəyi". Dekabrın 30-u, Yeni il ərəfəsi idi. Bu hadisəni eşidəndə özümə gələ bilmədim. Biri var düşmən gülləsindən öləsən, biri də var öz torpağında, dağında şaxtadan donub öləsən. Bu hadisə mənə ağır təsir etmişdi və həmin vaxt biz Yeni ili keçirmədik. Çəkilib bir tərəfə, bu povesti 2 günə yazdım və çap etdirdim.
İndi də sosial şəbəkəyə girəndə şəhid olanları görürsən, baxırsan ki, hamısı gözəl, yaraşıqlı, hündürboy, igid, istedadlı oğlanlardır. Viktor Hüqo deyir ki, "Allahlar tərəfindən seçilənlər cavan ölürlər". Bunların hamısını sanki bir-bir seçiblər. Bu mənada deyirəm ki, fişəng atılması düz deyildi. Gözəl adətimiz var ki, kənddə yas düşəndə, heç kim 40 gün toy etmir, hətta bəzən yaxın qohum öləndə bir il toy edilmir. Üstündən xeyli müddət keçəndən sonra bir din xadimini götürüb, ölənin yaxınının evinə gedilir, toy üçün icazə alınır. Milli əxlaq var, gözləmək lazımdır", - deyə deputat əlavə edib.

Qeyd edək ki, bayram günü bəzi şəxslər tərəfindən fişənglərin atılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çoxları onlara öz etirazını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...