Vaksinasiya üçün həvəsləndirmə: bəzi ölkələr pul vəd edir, biz nə edə bilərik?

Vaksinasiya üçün həvəsləndirmə:
"Peyvənd olunan insanlara münasibətdə vergi və sosial ödənişlərdə, habelə bir neçə ay müddətinə kommunal xidmətlərdə güzəştllər tətbiq edilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bir sıra ölkələrdə daha çox əhalini vaksinasiyaya cəlb etmək üçün məhdudlaşdırıcı addımla yanaşı, habelə, bəzi stimullaşdırıcı addımların atılması fonunda, Azərbaycanda hansı həvəsləndirici metodun peyvəndlənmə prosesinin sürətlənməsinə təkan verəcəyi ilə bağlı sualı dəyərləndirərkən deyib. Onun dediyinə görə, bu işdə təkcə məhdudlaşdırıcı addımlar kifayət etmir:

"Vaksinasiya prosesini sürətləndirmək üçün bir çox ölkələrdə, ABŞ, Avropa, hətta Rusiyada müxtəlif təşviqedici addımlar atılır. Azərbaycanda vaksinasiyanın sürəti hələlik heç də pis deyil. Görünən odur ki, gün ərzində ən azından 70-80 min insan ilk dozanı qəbul edir. Belədə azı 1 dəfə vaksin olunmuş insanların sayı 5 milyona yaxınlaşır. Bu, kifayət qədər yüksək rəqəmdir. Vaksinasiya ölkədəki 18 yaşdan yuxarı əhalinin böyük hissəsini əhatə edir. Operativ Qərargah vaksinləşməni dolayı yolla stimullaşdırmaq üçün bəzi məhdudlaşdırıcı tədbirlərə də əl atıb. COVİD pasport məsələsi gündəmə gəlib. Bunun özü insanların peyvənd olunmağa meyllənmələrinə gətirib çıxarıb”.

N. Cəfərli bildirib ki, Azərbaycanda da bu istiqamətdə həvəsləndirici addımların atılması mümkündür. Amma o, bu addımın ölkəmizdə ciddi effekt verəcəyinə əmin deyil:

"Çünki məhdudlaşdırıcı addımlar çox olduğundan insanlar zatən son zamanlar sürətlə vaksinləşməyə gedir. Şəxsən düşünürəm ki, vaksinləşmə lazımdır. Bu pandemiyanın sona çatmasında mühüm rol oynayacaq. Amma COVİD pasport məsələsi insan haqları ilə bağlı müəyyən problemlər yaradır. Ona görə də Azərbaycanda bu məsələdə elə bir qızıl orta tapılmalıdır ki, həm pandemiyaya qarşı mübarizədə effekt versin, həm də insanın seçim hüququna zərbə vurulmasın”.

Həmsöhbətimizin fikrincə, Azərbaycanda məhdudlaşdırıcı addımlarla yanaşı, bəzi həvəsləndirici, təşviqedici addımlar da atılmalıdır:

"Məsələn insanları peyvəndlənməyə cəlb etmək üçün təşviqedici addım kimi vaksinləşmiş insanlara vergi və sosial ödənişlərdə, eləcə də, bir neçə ay müddətinə kommunal xidmətlərdə güzəştli şərtlər tətbiq edilməlidir. Azərbaycanda bu tip stimullaşdırıcı addım daha çox effekt verəcək, nəinki birbaşa maddi vəsait ödəmək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...