"Mənim günahım yoxdur" - aparıcı Aytən Səfərova - VİDEO

"Mənim günahım yoxdur" -


Aparıcı Aytən Səfərova keçirdiyi avtomobil qəzasından sonra ilk dəfə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, yaydığı videomüraciətdə insidentdə günahkar olmadığını deyib: “Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır və məşhurdur deyə kadrlar ört-basdır edilir, bu iş sakit olacaq və s. Kadrları görmüşəm, mənim orada günahım yoxdur”.

A.Səfərova hadisə anını belə danışıb: “Səhər saat 7 radələrində işə gedirdim. 16 ildən çoxdur gedib-gəldiyim yoldur. Aydındır ki, svetofora yaxınlaşanda hər kəs sürətini azaldır. Sürətim 60-65. O sürətlə daxil oluram neytrala. Qarşıma da cip gəlir, nə gəlir. Qırmızı işıqda sürətlə dönməyi bir yana, hətta qazı basır, girir maşınım altına”.

Aparıcı qəza kadrlarının hələ də ona verilmədiyindən şikayətlənib: “O kadrları görmüşəm, istəyirəm siz də görəsiniz. Amma mən o kadrları ilk gündən əldə edə bilmirəm. Nə mən, nə də ailəm.Deyirlər, istintaq sirridir. Dövlət sirri deyil axı. Ana-balanı maşın vurur, bir-iki saata kadrlar yayılır. İstintaq gedə-gedə necə ictimailəşir? Ən azından mənə niyə verilmir? Adım niyə hallanmalıdır? O kadrları istəmək haqqımdır. Onları heç kim təqdim etmir”.

A.Səfərova məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini əlavə edib.

O, qəzada vəfat edən Ayxana Allahdan rəhmət, yaxınlarına səbir diləyib: “Onların timsalında bir dost ailə qazandıq”.

Xatırladaq ki, qəza aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospektində qeydə alınıb. A. Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. O, ağır xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı qanunvericiliyə uyğun olaraq cinayət işi qaldırılıb: “İstintaqın gedişində müvafiq ekspertizalar təyin edilib. Hazırda araşdırma davam edir. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...