ONUN HƏBSİ AN MƏSƏLƏSİDİR
Gündəmi zəbt edən məhkəmə işləri - “MTN işi” və “Rabitə işi”ndə son günlər çox ilginc ifadələr ortaya çıxıb. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun komandasının əsas üzvlərindən olmuş, Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən polkovnik İlqar Əliyevin ibtidai istintaqa ifadəsini əsas götürüb onun eks-şefini sakitcə həbsə yollaya bilərlər.
GUNDEMİNFO.AZ “Yeni Müsavat”a istinadən xəbər verir ki, İ.Əliyevin ifadəsində çox ilginc məqamlar var. İş adamı Maqsud Mahmudovun başına gətirilən müsibətlərin təfərrüatlarını İ.Əliyev istintaqçılara deyibmiş.
İ.Əliyev ifadəsində Maqsud Mahmudovun haqlı olduğunu deyib. Bildirib ki, Eldar Mahmudov Tərlan adlı şəxs barəsində ittihamedici material toplamaqları barədə idarə rəisi Elçin Quliyevə şifahi göstəriş verib. Elçin Quliyev də bu məsələ ilə məşğul olmağı ona tapşırıb: “Mən də Tərlanın istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı nazirliyə dəvət etdik və Tərlanın qanunsuz əməlləri barədə məlumat aldıq. Bu barədə nazirə məruzə edildi. Daha sonra Tərlan Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməsini xahiş etdi. Bununla bağlı Mark ərizə yazdı. Daha sonra Elçin Quliyevə məruzə edərək razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etməsini Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyevə tapşırdım”.
İ.Əliyevin ifadəsinə görə, M.Mahmudov MTN-ə çağırılıb və ondan 200 min dollar tələb olunub. Bu məbləğin ondan alınmasını isə nazir Eldar Mahmudov tapşırıbmış. İ.Əliyev ifadəsində bildirib ki, bir qədər sonra Azər yenidən gələrək Maqsudun 150 min ABŞ dollarından artıq pul verə bilməyəcəyini deyib: “Mən də Elçin Quliyevin yanına gedərək bu barədə məruzə etdim. Elçin Quliyev də mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min ABŞ dolları verə biləcəyini bildirdi. Eldar Mahmudov da razılıq verərək, Maqsudun MTN-dən çıxmasına icazə verdi. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə verdi. Eldar Mahmudov isə həmin puldan 70 min ABŞ dollarının köməkçisi Vüqar Mahmudova verməsini, qalan 50 min dolları isə baş idarə daxilində bölməsini istəyib. Elçin Quliyev də 70 min ABŞ dollarını Vüqar Mahmudova göndərdi, 20 min ABŞ dollarını özü götürdü, 10 min ABŞ dollarını mənə verdi, 10 min ABŞ dollarını bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi, 10 min ABŞ dollarını isə ərizəçi Mark Şamilova verdilər”.
Bu ifadəni vermiş İ.Əliyev dünyasını dəyişsə də, onun iştirakı ilə iş adamına qarşı törədilmiş cinayətin təfərrüatları, iştirakçıları haqda müfəssəl məlumatlar ortalıqdadır. İfadənin indiki zamanda yayılmasını da təsadüf hesab etmək olmaz. Belə görünür ki, hakimiyyət MTN-dəki qəfil yoxlamalar və sonrakı həbslərin toz-tozanağının çəkilməsini, suların durulmasını səbirlə gözləyib. Artıq həbslərin gerçəkləşməsi üçün məqam yetişib.
Bu baxımdan, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirləri də əhəmiyyətlidir. Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən konfransda Ə.Həsənov keçmiş MTN-çiləri sərt tənqid edib. Eldar Mahmudovu və onun komanda üzvlərini nəzərdə tutaraq deyib: “Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan sizin bəzi keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər”.
Belə görünür ki, hakimiyyət daxilində E.Mahmudovun, onun kimi cinayətə bulaşmış digər məmurların birdəfəlik cəzalandırılması üçün ciddi hazırlıq prosesi yekunlaşmaq üzrədir.
440 dəfə oxundu