İcra başçısı şöbə müdirini necə himayə edir? Bərdədən ilginc ittiham
Dekabrın 10-da Bərdə RİH-nin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərov”Leksus” markalı avtomobillə törətdiyi ağır qəzada 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması işini ört-basdır etmək üçün xərac toplamağa başlayıb
Bu barədə Palitika.Az-ın əldə etdiyi xəbərə görə, Z.Bəylərovu düşdüyü vəziyyətdən çıxarmaq üçün icra nümayəndələri, bələdiyyələr, Mənzil Təsərrüfat İdarəsi rəhbərliyi və ayrı-ayrı büdcə təşkilatlarından pul istənilir.
Yerli məmurlara ağız açan Bərdə RİH-nin bəzi əməkdaşları Z.Bəylərova kömək etmək üçün həmrəylik göstərməyin labüdlüyünü bildiriblər.
Həmin pulun yuxarılarda hansısa yüksək ranqlı məmura çatacağı iddia edilir. Nəticədə, Bəylərovun məsələsi ört-basdır olunacaq.
Bərdənin icra başçısı Vidadi İsayevin xahişini onlara çatdıran RİH rəsmiləri hər kəsin başına qəza gələ biləcəyini söyləyiblər və Z.Bəylərova təcili dəstək lazım olduğunu deyiblər.
İcra nümayəndələrinə deyilir ki, “cənab başçının əmridir, niyə Zaur Bəylərova kömək etmirsiz, lazım olan 200 mini toplamalıyıq, yuxarıya çatdırılmalıdır ki. iş bağlansın”.
Məmurlar isə bayramqabağı belə bir tələblə üzləşdikləri üçün intihar həddinə çatıblar. İcra nümayəndələrindən hər bayramda pul yığan Z.Bəylərov Yeni ili də onların burnundan gətirib.
İndi də yol qəzasının istintaqını bağlamağa çalışan və ölkə rəhbərliyindən gizlətməyə çalışan Z.Bəylərova V.İsayev yardım edir.
İcra başçısı xahiş edib ki, məmurlar həmrəylik nümayiş etdirsinlər, lazım olan vəsait toplansın və məsələ ilin axırı qapadılsın, 2018-ə qalmasın.
Hətta qəzada əzilən “Leksus” markalı avtomobilini 31 min manata satdığı bildirilir. Z.Bəylərov maşının nömrəsini isə ayrıca 500 manata satıb.
Həmçinin, Bakıda evini satışa qoyduğu bildirilir. Belə ki, onun bu hadisənin ört-basdır edilməsi üçün 200 min manatdan keçməsi tələb olunur.
Yuxarı dairələrdəki imkanlarından istifadə edən və yüksək çinli məmurlara çıxan Z.Bəylərov qəza məsələsinin hər nə yolla olursa-olsun bağlanması, prezidentin diqqətinə xüsusi olaraq çatdırılmaması üçün əmlaklarını satmağa hazırdır.
Palitika.Az-ın əldə etdiyi xəbərə görə, Z.Bəylərov vəzifəsindən azad olunmamasına səbəb ölkə rəhbərliyindən faktın gizlədilməsidir.
Əks təqdirdə, məmur özbaşınalığının daha bir müəllifi kimi Z.Bəylərov vəzifəsindən azad ediləcək.
Ancaq Bərdə ictimaiyyəti ümidlidir ki, prezident rayon əhalisinə bayramda bir müjdə verərək Z.Bəylərov kimi məmuru işindən azad edəcək.
Bu isə son illərin dəhşətli “yol terror”larından biri kimi tarixə düşəcək. Ancaq Bərdə RİH-də vəzifə tutan şöbə müdiri özünün içkili vəziyyətdə avtomobil idarə etməsi faktını ört-basdır edərək əksinə qəzada ölən taksi şoferi Elşad Quliyevin narkoman, sərxoş olduğu haqda yalan məlumatlar yaydırır.
Bu xəbərləri onun qayınatası, Bərdə icra başçısı Vidadi İsayevin “sol əli” olan Valid adlı şəxs el arasında yayır. Guya E.Quliyev narkoman və sərxoş imiş.
Hərçənd, Bakı-Tərtər istiqamətində gecə-gündüz taksi şoferi işləyərək ailəsinə çörək pulu qazanan, kasıb adamın sükan arxasında sərxoş olması, Bakıdan Tərtərə qədər uzun məsafəni içkili halda sürməsi heç uşaq nağıllarında da, hind filmlərində də yoxdur.
Bərdənin icra başçısı Vidadi İsayev əslində, gözlənilməz vəziyyətlə qarşılaşıb və seçim edə bilmir.
O, Z.Bəylərovdan imtina edərsə rayondakı qanunsuzluqları kimin həyata keçirəcəyi baxımdan kadr axtarmalı olacaq.
Odur ki, V.İsayev Z.Bəylərova “get, məsələni həll elə, söhbəti bağla, iş yuxarılara çatıb böyüməsin” əmri verib.
Faktiki olaraq Z.Bəylərovun qəza törətməsi və adam ölməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
Hazırda istintaq gedir. Z.Bəylərov qalmaqallı əməlləri ilə V.İsayevi prezidentin qarşısında pis vəziyyətə qoyub.
Bərdənin baş bəlası, illərdir ki barəsində fasiləsiz olaraq qalmaqallı xəbərlər yayılan, adı ən xoşagəlməz hadisələrdə hallanan, prezident İlham Əliyevin bütün sahələr üzrə tapşırıqlarına zidd fəaliyyət göstərən, əhalini, iş adamlarını narazı salan Z.Bəylərov əslində hadisənin ertəsi günü işdən qovulmalıydı.
Zaur Bəylərov prezidentin xəbərdarlıqlarını qulaqardı edərək, qudurğan həyat tərzi ilə həm hakimiyyəti, həm Bərdənin icra başçısını, həm də özünü ictimaiyyət qarşısında çox pis vəziyyətə saldı.
Z.Bəylərovun Bakıdan Bərdəyə gecə – gündüz müştəri daşıyan taksi sürücüsü Elşad Quliyevin yol qəzasında həyatına son qoyarkən özünün içkili və kefli olduğu bildirilir.
Təbii ki, bu dəhşətli faciə məmur qudurğanlığının növbəti nəticəsidir. Və Z.Bəylərov geridə qalan saatlar ərzində törətdiyi ağır cinayəti ört-basdır etmək üçün ən müxtəlif vasitələrə əl atıb.
Onu da dək ki, əmək haqqı ilə 200 minlik “Leksus” alıb sürmək mümkün deyil. Z.Bəylərov isə icra nümayəndələrini, büdcə təşkilatlarını, uşaq bağçalarını soymaqla sürətlə varlanıb.
Onun qardaşı Vidadi Bəylərov da Tərtərdə başçı müavini vəzifəsində bir vaxtlar qanunsuz işlərdə iştirak edirdi.
Elə ki, oğlu avtoqəzada ölümə səbəb oldu, dərhal işindən çıxarıldı. Ancaq əmisi eyni cinayəti törətsə də, fəaliyyətini davam etdirir. Yəni, başçı onu vəzifədə saxlayıb.
İcra başçısı V.İsayev isə jurnalistlərin ona bu haqda verdiyi sualdan qaçaraq RİH-nin mətbuat xidmətinə müraciət etməyi məsləhət görür. Halbuki, RİH-də mətbuat xidməti yoxdur.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də sərt reaksiya verərək demişdi ki, Z.Bəylərov həbs edilməlidir: “İcra hakimiyyətində şöbə müdiri vəzifəsi daşıyan bir şəxs əyyaşlıq edir, qəza törədir, bir nəfəri öldürür və bu, cəzasız qala bilməz”.
450 dəfə oxundu