“Çudo Peçka”ya yoxlamaları Heydər Babayev göndəribmiş – ŞOK İFADƏ

“Çudo Peçka”ya yoxlamaları Heydər Babayev göndəribmiş –


“Çudo Peçka”nın sahibinin və övladlarının 7 milyon 300 min manatlıq əmlkına həbs qoyulub

“Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Çingiz Cəlilovun anket məlumatları dəqiqləşdirilib.

Çingiz Cəlilovun vəkili Janna Bağırova vəsatət verərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib.
Vəsatət təmin edilməyib.

Məhkəmədə o da qeyd edilib ki, Səbael rayon Məhkəməsinin qərarı ilə Çingiz Cəlilov və ailəsinin bütün əmlakına həbs qoyulub. Ümümi əmlakların dəyəri 7 milyon 300 manatdır.
Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov “Bank Standart”ın idarə heyətinin sədri Səlim Kirmanla cinayət əlaqəsinə girib, 14 milyon manata yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər.

Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Səlim Kirman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.

Həbsdə olan iş adamının istintaqa verdiyi ifadə məlum olub.

Çingiz Cəlilov ifadəsində deyib ki, 2001-ci ildən “Çudo Peçka” MMC-ni təsis edib: “MMC qida istehsalı və satışı ilə məşğul olub. İşlə bağlı bir neçə banka kredit üçün müraciət edilib. Götürülən kreditlər vaxtında ödənilib. 2006-cı ildə Yaşar Babayevlə “Bakı Biskvit Fabriki”ni qurmaq üçün işləməyə başladıq. Yaşar Babayevin sahibi olduğu “ABU Holdinq”in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də “Bank Standart”ın idarə heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz Səlimlə münasibətdə olurdu”.

Çingiz Cəlilov qeyd edib ki, qardaşı Pərviz bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib: “Biz bu təkliflə razılaşmadıq. 2008-ci ildə bəzi maliyyə çətinlikləri yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus “Kes holdinqs limited” şirkətinə güzəşt etdik. Səlim Kirman bütün şirkəti “Bank Standart”ın təşəbbüsü ilə yaranan “Bakery operating Company” MMC-yə kənar idarəçiliyə verdi. Bundan başqa, Səlimlə aramda bağlanmış ayrıca müqaviləyə əsasən, ona olan 1 milyon 212 min manat borcum silinməli, ələvə olaraq, hər ay şirkətin gəlirlərindən başqa 30 min manat şəxsi xərclərimlə bağlı mənə ödənilməliydi”.

“Çudo Peçka”ın sahibinin sözlərinə görə, Səlim Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilməyib. O bildirib ki, Səlim Kirman 1 milyon 212 min manat borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən ödəməli olduğu 30 min manatı da verməyib: “Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2016-cı ilədək Səlim Kirmanın sərəncamında olub”.

Çingiz Cəlilov bildirib ki, Səlim Kirman 2012-ci ildə ona “Çudo Peçka” MMC-in daha da inkişaf etdirilməsini təklif edib və bu məqsədlə digər ailə üzvlərinin adına kredit götürülməsini məsləhət görüb: “Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələr çox böyük məbləğlərdə idi. Həmin sənədlər arasında kassa məxaric orderi olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi verdilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Rayon Məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əleyhimə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən “Çudo Peçka” şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, 150 min manat mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesablarına köçürülüb. Bunu bank əməkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyasında bankın xeyrinə qərarı dəyişdi. 2016-cı ildə isə Binəqədi rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailənin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib”.

Çingiz Cəlilov qeyd edib ki, Səlim Kirmanın təklifi ilə o, övladları və qardaşı ilə yanaşı, işçilərin, qohumlarının da adına kreditlər götürüb: “Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazisində mağazalar açıldı. Həmçinin “5 Qazan” kulinariya evi işə salındı. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı”.

O, ifadəsində bildirib ki, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib: “Bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib. Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyəti ilə üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəmə verdiyinin səbəbini öyrənmək istədim. Səlim dedi ki, bu bankın rəhbəri Heydər Babayevin qərarı idi”.

Həbs edilən iş adamı bildirib ki, şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağazası olub. Onun sözlərinə görə, kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib.

Çingiz Cəlilov ifadəsinin sonunda göstərib ki, ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi almayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...