Prezident ikinci səfərini niyə Londona etdi? – 4 səbəb
İlham Əliyev prezident seçildikdən sonra ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Türkiyədən sonra ikinci səfərini Böyük Brinatiyaya etməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi sözügedən səfərin 4 səbəbinin olduğunu bildirib:
“Birincisi, bu səfər Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Böyük Britaniya ilə müstəqilliyimizin ilk illərindən sıx əlaqələr qurulub. London hər zaman rəsmilərimizi Böyük Britaniyaya dəvət edib. Bu dəfə də Azərbaycanda prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın Baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti isə çox böyük jest edərək, Ankaranın ardından Londona getdi. Hazırda Avropa ölkələrindən İlham Əliyevə təbriklər ard-arda gəlir.
İkinci səbəb Böyük Britaniyanın BP şirkətinin Azərbaycandakı çalışmalarıyla bağlıdır. BP az qala 25 ilə yaxındır Azərbaycana ən çox yatırım həyata keçirən şirkətdir və hələ bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək. İlham Əliyevin Londona budəfəki səfəri zamanı ARDNŞ ilə BP arasında növbəti saziş imzaladı. Bu da İlham Əliyevin Böyük Britaniyaya səfərini şərtləndirən mühüm amil idi”.
Politoloq 3-cü səbəb kimi Böyük Britaniyaya səfər edən hər rəsmi şəxsin köhnə qitədə diqqətlə izlənildiyini və bunun analizlərinin hazırlandığını göstərib:
“Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin diqqətini bir daha Bakıya yönəldir.
Dördüncü səbəb isə Bakının yürütdüyü xarici siyasətlə bağlıdır. Belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi”.
Politoloq onu da bildirib ki, Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra ənənəvi olaraq ilk səfərini Türkiyəyə edib. Türkiyə səfərinin ardından isə dövlət başçısı Böyük Britaniyaya gedərək, Baş nazir Tereza Mey də daxil olmaqla, orada bir sıra mühüm görüşlər keçirib.
353 dəfə oxundu