Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?- “Dərman mafiyası işi”

Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?-

Son günlərin əsas mövzusu olan “Dərman mafiyası işi” ilə bağlı yeni iddialar var.

Gundeminfo.az AFN-ə istinadən xəbər verir ki, məsələ dərman biznesi ilə məşğul olan deputatları da vurmağa başlayıb. Bir müddət öncə xanım deputat Elmira Axundovanın adı bu işdə keçdikdən sonra Bakı Ürək Mərkəzinin direktor müavini Rəşad Mahmudovun vəzifəsindən uzaqlaşdırılması da “Dərman mafiyası işi” ilə bağlanır. Artıq R.Mahmuvodun bu məsələ ilə bağlılığı haqda bəzi iddialar səsləndirilsə də, bunların həqiqətə nə qədər yaxın olması haqda hələlik heç bir ehtimalımız olmadığı üçün kluarlarda bu işdə adı daha çox hallanan başqa bir deputat – Cavanşir Feyziyevlə bağlı xəbərlərin üzərində dayanmağı lazım bildik.

Mətbuat C.Feyziyevin artıq özünümüdafiə məqsədilə hərəkətə keçdiyi, haqqında internet mediada əvvəllər dərc edilmiş neqativ yazıların sildirilməsi üçün addımlar atdığı barədə yazır.

Məlumatsız oxuculara xatırlatmaq yerinə düşər ki, C.Feyziyev “Avromed” şirkətinin yaradıcısı və payçısıdır. Bir neçə il əvvəl deputat şirkətin təsisçiliyindən imtina etdiyini açıqlasa da, əslində, onun “Avromed”də əhəmiyyətli paya malik olduğu aydın məsələdir. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə hətta hakimiyyətə yaxın media orqanlarında da C.Feyziyevi və onun şirkətini tənqid edən materiallar özünə yer alırdı. Şərhlərdə onun hökumət mediasında vurulmasının müxtəlif səbəbləri göstərilsə də, həmin ərəfələrdə “Avromed”in işinin xeyli zəiflədiyi nəzərə çarpdı. Düzdür, sonradan C.Feyziyev açıqlama verərək şirkətin təsisçiliyindən getdiyini bildirdi. Lakin bunun da reallığı əks etdirmədiyi hamıya məlumdur. Parlamentdəki biznesmen deputatların heç birinin biznesini özünün adına rəsmiləşdirmədiyi, yaxud mandat aldıqdan sonra öz adından çıxarıb başqasının adına keçirməsi sirr deyil. C.Feyziyev də bu ənənədən kənar qalmayıb desək yanılmarıq.

Mövzu ilə bağlı söhbətləşdiyimiz əczaçı deyir ki, son təxminən bir ildən çox müddətdə “Avromed” yenidən bazarda əvvəlki mövqeyini bərpa etməkdədir: “Yenə bazarda aparıcı paya malik olmaq istiqamətində gedir işlər. Saxta dərmanlar məsələsi bir az qəlizdir, bunu hər sıravi əczaçı bilə bilməz. Təcrübəmdə işlədiyim apteklərin hər hansı birində alıcı tərəfindən saxta olduğu üçün geri qaytarılan dərman görməmişəm. Lakin böyük firmaların böyük partiyalarla saxta dərmanlar gətirməsi haqda son günlər tez-tez eşidirəm”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, “Avromed”in apteklərində heç bir başqa firmanın dərmanı satılmır: “Onlar apteklərində yalnız öz dərmanlarını satırlar. Əksinə, başqa firmaların aptekləri onlardan mal götürür. Eşitdiyimə görə, rəhbəri deputatdır”.

C.Feyziyevin adının bu işdə hallandırılmasına sosial şəbəkələrdə daha çox rast gəlinir. Deputatın bu işdə mütləq cəlb edilməli olduğu barədə şərhlər mövcuddur. Detallı olmasa da, insanların bu cür mövqe sərgiləməsinin ehtimal ki, hansısa əsaslı səbəbləri var. Yaxud bəlkə də sadəcə C.Feyziyevin ən böyük dərman firmalarından birinin rəhbəri olması bu cür iddialara səbəb olur. Məsələ hər nədirsə, təəssüf ki, adıçəkilən deputata ulaşmaq, ondan hansısa suala cavab almaq müşkül məsələyə çevrilib. Gundeminfo.az olaraq bir müddət bundan əvvəl “Avromed”in bazardakı rolu ilə bağlı deputata bir neçə sual ünvanlasaq da, cavab ala bilməmişik. Hər bir halda, bütün yazılanlarla bağlı C.Feyziyevin mövqeyini verməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...