Eldar Mahmudov niyə həbs edilmir? BÖYÜK MÜƏMMA

Eldar Mahmudov niyə həbs edilmir?

3-4 aydan sonra Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan qovulmasının 3 ili tamamlanacaq. Ötən müddət ərzində mətbuatda “MTN işi” adını almış proses çərçivəsində qurumun rəhbərliyində həbslər, təmizləmələr aparılıb. Hazırda proses dayandırılmış kimi görünür və işin başında duran adam azadlıqdadır. Eldar Mahmudovun və digərlərinin də həbsi ehtimalı yox səviyyəsindədir. “MTN işi”nin yarımçıq qaldığı çox aşkar görünür. Prosesin davamı olacaq-olmayacaq bilinmir. Proses başladılan gündən Eldar Mahmudovun və digərlərinin həbsinin siyasi qərarlardan asılı olacağı haqda fikirlər də dolaşır. İstintaqın bu səbəbdən geniş və dərin aparılmadığı haqda da məlumatlar var.

Vaxtaşırı mediada belə fikirlər yayılır ki, Eldar Mahmudovu həbsdən müəyyən dövlətlər qoruyur. Bu sırada 2 xarici dövlətin adı çəkilir. Onun işdən çıxarılmasının da məhz həmin dövlətlərin xüsusi xidmət orqanları ilə həddən ziyadə yaxınlaşması göstərilir. Fakt odur ki, Eldar Mahmudovun rəhbərliyi dövründə baş verən cinayətlərə görə bu gün cəza yerlərində onun dövründə vəzifə tutan MTN generalları, polkovnikləri cəza çəkirlər. Eldar Mahmudov isə həbsdən yayına bilir və ya yayındırılır.

Yada salaq ki, Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc ötən müddətdə həyata keçirilən istintaq tədbirləri, atılan addımlar və görülməli işlərlə bağlı “Yeni Müsavat”a geniş müsahibə vermişdi. Deputat demişdi ki, Eldar Mahmudov və dəstəsinin əməlləri Cinayət Məcəlləsinin onlarla maddəsinin təsiri altına düşür. Deputatın qəzetimizə verdiyi müsahibəsində “Eldar Mahmudov nə üçün həbs olunmur” sualına belə cavab vermişdi.

Sitat: “Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni ”toxunulmaz şəxs" yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları iradə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur".

Deputat Eldar Mahmudovun istintaqdan kənar saxlayan başqa səbəblər haqda danışarkən demişdi ki, sabiq nazir faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamaqdadır: “Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır. Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi ”repressiya qurbanı" kimi tanımaq lazımdır.

“Karvansaray” ticarət mərkəzinin taleyindən tutmuş, 8-ci kilometrdə yerləşən bazara qədər geniş coğrafiyada və çeşiddə baş verənləri başqa adla qiymətləndirmək mümkün deyil. Həmin hadisələri indi təsvir edəndə adamın ürəyi bulanır, hiddət və qəzəb, intiqam və cəza tələbi bir-birinə qarışır. 1-ci mərtəbədə işgəncə ver, 2-ci mərtəbədə rəqəm oxu, 3-cü mərtəbədə ram edə bilmədiyin adamları saxta işlərlə məhbəsə göndər. Çoxmərtəbəli cinayət yuvası əsil erməni məkri ilə işləyib. Milləti belə amansız sümürən heç bir mütəşəkkil cəza dəstəsi bir qurum boyda heç vaxt olmayıb. O adı və çekist libasını xilas etmək üçün hər kəs cinayətinə görə cavab verməlidir. Çovdarovları vətəndaşlıqdan məhrum etmək onları İŞİD terrorçuları ilə eyni səviyyədə qəbul etmək demək olardı və Azərbaycan dövləti, milləti belə başkəsənlərdən xilas olardı. Lakin təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurumların təmsilçiləri də bu məsələdə məsuliyyət daşıyır. Eldar Mahmudov Beriyadan da bir qədər irəli gedib, tamahı qılıncından iti olub.

Belə olan təqdirdə onu cəmiyyətdən izolyasiya edib məhbusa çevirmək yarımçıq qələbəyə çevrilər. Hər halda, prokurorluq orqanlarının qurduğu əməliyyat xəritəsi var. Ona görə səbrli olmaq lazımdır. Dzerjinski deyirdi ki, çekistin isti ürəyi, soyuq beyni və təmiz əlləri olmalıdır. Eldar Mahmudov, onun şaykası isə tamamilə əksinə işləyib. Onun fəaliyyətini ifşa etmək o qədər də asan deyil. İstintaqın sonunda verilən qərar bir çoxlarının gözlədiyi kimi olacaq. Çünki sabiq nazirin cəzalanmaması müəyyən insanlarda xof yaradacaq".

Eldar Mahmudovun cəzalanmaması xof yaratmaqla yanaşı, onun hərəkətlərini təkrarlayıb böyük var-dövlət qazanmaq istəyində olanları da ortaya çıxara bilər. Odur ki, ölkənin hüquq-mühafizə orqanları Eldar Mahmudovun taleyi, onunla bağlı aparılan tədbirlər barədə rəsmi açıqlama vermək öhdəliyini yerinə yetirməlidirlər.
“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...