Mirdamət Sadıqov tələbəsi Fazil Məmmədovdan imtina edib?

Mirdamət Sadıqov tələbəsi Fazil Məmmədovdan imtina edib?

İsmayıllının İcra Hakimiyyəti başçısı Fazil Məmmədovdan imtina etsə belə, vəzifəsini qoruyub saxlamaq üçün tam təminat ala bilməyib. Bir zamanlar, Fazil Məmmədovun qüdrətli dönəmində Bakı şəhər İcra Hakimiyyəti postuna iddialı olan Mirdamət Sadıqov indi İsmayıllı rayonunu əlində saxlamaq üçün tələbəsindən imtina edir... Amma görünən odur ki, bu belə, yetərli deyil.

MilliYol-a daxil olan məlumata görə, bir sıra iri çaplı məmurlar İsmayıllı rayonunun kurasiyasını əldə etmək üçün mübarizəyə başlayıb. Mirdaməd Sadıqovun vəzifədən getməsi isə artıq uzaq görünmür. Aldığımız məlumatda İsmayıllının İcra Hakimiyyəti başçısı keçmiş tələbəsi və hamisi, sabiq vergilər naziri Fazil Məmmədovdan çoxdan, hələ prezident seçkilərindən çox öncə imtina etsə də bu, onun üçün yetərli olmayıb. Onun yerinə keçmək istəyənlər isə heç də az deyil...

Bundan başqa, Mirdaməd Sadıqovun İsmayıllıda gördüyü işlər də heç də diqqəti cəlb etməyib. Əhalinin narazılığı isə artmaq üzrədir. Buna görə də Mirdaməd Sadıqovun başqası ilə əvəz olunması və İsmayıllıda sosial problemlərin həllinin sürətləndirilməsi ən optimal variant olaraq görünür.

Qeyd edək ki, Mirdaməd Sadıqova ötən il gözlənilmədən prezident sərəncamı ilə işdən azad edilən sabiq vergilər naziri Fazil Məmmədov hamilik edib. Mirdaməd Sadıqov Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Fazil Məmmədova dərs deyib və sabiq nazir onun sevimli tələbələrindən biri olub.

Qeyd edək ki, Mirdaməd Sadıqovun maraqlı həyat tarixçəsi var. İsmayıılının Lahıc kəndindən olan alim icra başçısı karyerasının böyüməsində seyid cəddindən daha çox Fazil Məmmədova arxayın olub. O Fazil Məmmədov ki, əliaçıqlığına və müəllimlərinə pul xərcləməyinə, Şamaxıdan cəmdək, yağ-pendir gətirməyinə görə tələbə yoldaslarını geridə buraxırmış. Fazil Məmmədov Mirdaməd müəlliminin qılığına o qədər girir ki, nəhatdə müəllimi maliyyə-kredit texnikumunun direktoru təyin olunarkən onu özünə “sağ əl” gəitirir. Və nə olursa, bundan sonra olur...

Sonralar maliyyə istedadına görə gömrük orqanlarında Kəmaləddin Heydərovun diqqətini çəkərək yüksək mərtəbələrə qaldırılan Fazil Məmmədov müəllimi Mirdaməd Sadıqovun keçmiş yaxşılıqlarını unutmur...

Təsəvvür edin, İqtisad Universitetində kafedra müdiri, dekan, sonra kollec direktoru olmuş, iqtisad elmləri doktoru olan şəxs Nəsimi rayon vergilər şöbəsinə rəis gəlməyə razılıq verir. Alim hara, rayon vergi idərəsində müdir olmaq hara? Sizcə niyə? Əlbəttə, düşünmədən cavab verəcəksiniz ki..

Qəribədir ki, bir müddət sonra Mirdaməd Sadıqov yenidən İqtisad Universitetinə qayıdır. Amma deyilənə görə, Mirdaməd müəllim Nəsimi Vergilər idarəsindən çox karlı çıxıb. Bakıda biznes qurub, bir sıra daşınmaz əmlaka sahib olub. Buna baxmayaraq müəllim öz şagirdinin dediyinə qulaq asıb. Kabinetindən, katibəsindən vaz keçib yenidən İqtisad Universitetinə qayıdıb.

Əslində bu qayıdışın əsas səbəbi başqa olub. Fazil Məmmədovun planına əsasən, Mirdaməd Sadıqovu ya Təhsil naziri, ya da Bakı şəhər İcra Hakimiyyətinə başçı gətirmək olub. Mirdaməd Sadıqovun Misir Mərdanovu əvəz etmək planı suya düşəndən sonra Fazil Məmmədov müəllimini Bakı meri gətizdirmək üçün qollarını çırmayıb. Təcrübə qazanmaq üçünsə müəllimini doğulduğu İsmayıllı rayonunda baş verən iğtişaşlardan sonra başçı göndərməyə nail ola bilib.

Mirdaməd Sadıqovun İsmayıllıda icra başçısı kimi fəaliyyəti də onun üçün çox karlı olduğu bildirilir. Onun hazırda İsmayıllıda və Bakıda torpaq sahələrinin, daşınmaz əmlaklarının və obyektlərinin olduğu bildirilir. Ozamankı həmkarlarının (söyləyənlərin adı və soyadı əlimizdədir) dediyinə görə, “Mirdamət Sadıqov “Nəsimi “vergisindən ən azı bir milyonla ayrılıb” və keçmiş tələbəsi Fazil Məmmədov, necə deyərlər, əski günlərin və faizin xatirinə bu rəqəmə “göz yumub”.

Bir sözlə, Mirdaməd Sadıqov keçmişdə alıb-verdiyi şagirdi – Fazil Məmmədovun sayəsində Səudiyyə şeyxləri kimi səltənət sahibinə çevrilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...