İmtahanda yüksək nəticə göstərən İmişli sakini niyə direktor ola bilmir?

İmtahanda yüksək nəticə göstərən İmişli sakini niyə direktor ola bilmir?


Elşən Şəmmədli: “Mənə açıq şəkildə dedilər ki, o məktəb sənlik deyil, onun “yiyəsi” var”

“Direktorların işə qəbulu başqa “yol”larla, yerli İcra hakimiyyəti başçısı tərəfindən aparılacaqsa, o zaman adıçəkilən qanun və Təhsil Nazirlyinin müsabiqəsi nəyə lazımdır?!”

İmişli rayon Qulubəyli kənd sakini, təhsil işçisi Şəmmədli Elşən Şükür oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə və digər səlahiyyətli orqanların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Cənab prezident!

Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, təhsilsiz millətin uğurlu inkişafından və parlaq gələciyindən söhbət gedə bilməz.

Sizin apardığınız təhsil islahatları hər bir təhsil işçisi kimi, məni də çox sevindirir. 19 iyun 2009-cu ildə verdiyinzi sərəncamla qəbul edilən “Təhsil qanunu” və 24 oktyabr 2013-cü ildə qəbul edilən “Təhsil strategiyası” sənədlərinə əsasən, Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Məhz elə buna görədə bu sahədə son dövrlər bir-sıra uğurlu layihələr həyata keçirilməkdədir.

Lakin çox təəssüflər olsun ki, bu qanunlarda göstərilən və həyata keçirilməsi zəruri olan bəzi əsas layihələrin həyata keçirilməsində çox böyük problemlər var ki, bu da həmin qanunlardan irəli gələn dövlət siyasətininin qiymətini anlamayan, təhsildən xəbəri olmayan bəzi məmurların yarıtmaz fəaliyyəti nəticəsində baş verir. Nəticədə “qazanan” işbaz məmurlar, itirən isə Təhsilimiz, Dövlətimiz və Gələcəyimiz olur.

Bu səbəbdən hazırda təhsil sahəsində çoxsaylı problemlər mövcuddur ki, mən bu poblemlərdən biri haqqında - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların iş yerinin dəyişdirilməsi Qaydaları” nın tələblərinin kobud şəkildə pozulması barədə Sizi və müvafiq icra hakimiyyəti orqanlarını dəfələrlə xəbərdar etməyə çalışsam da, heç bir nəticəsi olmayıb. Görünür, hansısa gözəgörünməz qüvvələr bu informasiyaların Sizə çatdırılmasına mane olmağı bacarırlar.

Cənab prezident!

Mən 2017-ci il Təhsil Nazirliyinin direktorların işə qəbulu müsabiqəsində iştirak etmək üçün 03.04.2017-ci il tarixdə elektron qeydiyyatdan uğurla keçmişəm, 04.07.2107-ci il tarixində müsabiqə mərhələsində iştirak edərək rayon üzrə ən yüksək nəticə göstərmişəm. 18.10.2017-ci il tarixində müsahibə mərhələsini də uğurla keçmişəm. Lakin Mikayıl Cabbarovun təhsil naziri postundan getməsi Təhsil Nazirliyində şəffaf və demokratik mühiti də özü ilə birlikdə apardı. Bundan zərər çəkənlərdən birincisi də mən oldum. Təhsil Nazirliyinin elan etdiyi ümumtəhsil məktəblərində direktor vəzifəsinə işə qəbul müsabiqəsində iştirak edərək Mikayıl Cabbarov və onun komandasına yaratdıqları şəffaflıq nəticəsində müsabiqənin hər üç mərhələsini uğurla keçməyimə, İmişli rayonu üzrə ən yüksək nəticə göstərməyimə, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin yerli Təhsil şöbələrinə göndərdiyi 21.11.2017-ci il tarixli elektron məktubunda direktor vəzifəsinə uyğun olanların siyahısında adımın birinci olmasına baxmayaraq, bilinməyən səbəblərdən mənimlə müqavilə bağlanılmadı. Halbuki, İmişli rayonunda hal-hazırda 8 məktəbin direktor vəzifəsi vakantdır ki, bunlardan da dördü mənim elektron ərizəmdə seçdiyim məktəblərdir. Səbəbi ilə maraqlansam da, nə Təhsil Nazirliyi, nə də Rayon Təhsil Şöbəsi mənə dəqiq məlumat vermirdi.

Nəhayət, müvafiq orqanlara etdiyim çoxsaylı müraciətlə cavab olaraq 28.02.2017-ci il tarixində İmişli rayon Təhsil Şöbəsinə dəvət olunaraq, mənim şikayətimi təmin etmək məqsədi ilə mənə ərizəmdə seçim etdiyim məktəbləri yox, seçimimdə göstərmədiyim və vakanta çıxarılmayan məktəbi təklif etdilər. Mən qanunvericiliyə uyğun olaraq müsabiqədən keçərək qazandığım məktəbə direktor olmaq istəyimi dilə gətirdikdə, o məktəbin mənlik olmadığı, onun “YİYƏSİ” olduğu bildirildi. Lakin bu günə qədər o “YİYƏ”nin kimliyi bizə məlum deyil.

Onu da qeyd edim ki, müsabiqənin ilkin mərhələsindən İmişli rayonTəhsil şöbəsinin müdiri R.Əmirov israrla o məktəbi seçməməyimi mənə bildirmişdi və qeyd etmişdi ki, “həmin məktəblərin direktorları lazımı adamlarla razılaşdırılaraq təyin olunub, sənin müsabiqədə göstərdiyin nəticə onsuz da heç bir işə yaramayacaq, nəticədə heç nə əldə etməyəcəksən, ona görə də bizlə razılaşmağa məcbursan”.

Çox maraqlıdır ki, 16.04.2018-ci il tarixində Təhsil Nazirliyinin İnsan resursları şöbəsində E.Bağırovun qəbulunda olduqda həmin kəlmələri mənə E.Bağırovda dedi və hətta hədə-qorxu gəlməkdən belə çəkinmədi.

23.05.2018-ci il tarixində Təhsil Nazirliyinin Aparat rəhbərinin qəbulunda olduqda da yeni bir söz eşitmədim. Onların yenə də elektron ərizəmdə göstərdiyim 4 məktəbin dördünün də hələ də boş olmasına baxmayaraq, mənə həmən məktəbləri yox, vakanta çıxarılmayan başqa bir məktəbi təklif etməkdə israrlı olduqlarını gördüm. Həmin an belə qənaətə gəldim ki, bu gün təhsil müəssisəsinə direktor təyin olunarkən müsabiqə nəticələri bir işə yaramırsa, əvəzində kimlərinsə şəxsi maraqları əsas götürülürsə, bu da bəzi qaranlıq məqamlardan xəbər verir və bəzi cavabsız suallar ortaya çıxardır.

Elektron ərizədə seçim aparmaq bir işə yaramayacaqsa, o zaman “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların iş yerinin dəyişdirilməsi Qaydaları” nın 3.3 maddəsi nə məqsədlə yazılb? Və ən əsası direktorların işə qəbulu başqa “yol”larla, yerli İcra hakimiyyəti başçısı tərəfindən aparılacaqsa, o zaman adıçəkilən qanun və Təhsil Nazirlyinin müsabiqəsi nəyə lazımdır?! İnsanları aldadaraq vaxtlarını və əsəblərini korlamaqla nəyə nail olmaq istəyirlər?! Korrupsiyaya bulaşmış idarəetmə mexanizmi ilə təhsili inkişaf etdirmək olar?!

Bu suallarıma cavab almaq və pozulmuş hüquqlarımın bərpası məqsədi ilə dəfələrlə Təhsil nazirinin qəbuluna yazılmaq istəsəm də, bu məqsədimə hələ də nail ola bilməmişəm. Bir təhsil işçisi kimi nazirin qəbuluna düşə bilmirəmsə, həmin nazirdən mən yaxşı nə gözləyə bilərəm?

Cənab prezident!

Xahiş edirəm ki, bu məsələnin aydınlaşdırılaraq hüquqi qiymət verilməsinə və məni Təhsil naziri C.Bayramovun şəxsən qəbul edərək dinləməsinə göstəriş verəsiniz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...