İş adamı və mühafizəçisi həbs edildi - adam öldürməyə görə

İş adamı və mühafizəçisi həbs edildi -

Gecə klubunda baş verən dava zamanı tanımadığı şəxsi bıçaqlayan mühafizəçi hakim qarşısına çıxarılıb. Bıçaqlanan şəxs mühafizəçini bağışlayıb. Gundeminfo.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, ötən il Bakı şəhərində yerləşən "Leo disko" gecə klubunda baş verib. Klubda əylənən Muraz Məmmədovla həmin məkanda olan Hüseyn Hüseynov arasında mübahisə yaşanıb.

Mübahisə nəticəsində M.Məmmədovla H.Hüseynov əvvəlcə əlbəyaxa olublar. Ətrafda olanlar hər iki şəxsi sakitləşdirib. Lakin onların mübahisəsi bununla bitməyib. Bir müddət sonra onlar başqa bir məkanda üz-üzə gəlib. Bu dəfə başlayan mübahisə zamanı isə Muraz Məmmədov H.Hüseynovu bıçaqlayıb.

Törətdiyi əmələ görə Muraz Məmmədova Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

M.Məmmədov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Prosesdə zərərçəkmiş qismində Hüseyn Hüseynov da ifadə verib. O, hadisə haqda danışan zaman deyib ki, təqsirləndirilən Muraz Məmmədovla əvvəllər tanışlığı olmayıb və gecə klubundan baş verən mübahisə zamanı M.Məmmədov onu bıçaqlayıb.

Zərərçəkmiş Hüseynov təqsirləndirilən M.Məmmədovdan şikayətçi olmadığını söyləyib. Ona qarşı heç bir tələbinin olmadığını da qeyd edib.

Məhkəmənin növbəti iclası iyulun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Muraz Məmmədov "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub.

O, 2017-ci il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında baş verən davada iştirak etmişdi. Xuliqanlıqda təqsirləndirilən M.Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza almışdı.

Qeyd edək ki, Bakıda mağaza işçiləri ilə mühafizə xidmətinin əməkdaşları arasında baş vermiş kütləvi davaya görə açılan cinayət işi üzrə məhkəmə iclası Binəqədi Rayon Məhkəməsində baxılmışdı. Xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları hakim qarşısına çıxarılmışdı.

Hökmə əsasən iş adamı Azadxan Xanməmmədov 3 il, digər təqsirləndirilənlər E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun hər biri 2 müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə kütləvi davada iştirak edən digər şəxslərə isə 2 il islah işlərinə məhkum edərək onların cəzasını şərti hesab etmişdi.

İttihama görə “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında kütləvi dava baş verib. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. Bunu əks etdirən videogörüntü də var. Hadisəyə səbəb bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədovun sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satması olub. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahibi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumat bildirilir ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər - Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunublar. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Məhkəmə istintaqı dövründə digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...